15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev “France-24” televiziya kanalına müsahibə verib

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verib.

Salam, “France-24” kanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə eksklüziv müsahibəyə xoş gəlmisiniz. O, bizə Bakıdan qoşulur. Cənab Prezident, “France-24” kanalında bizim qonağımız olduğunuz üçün çox sağ olun.

- Fransız auditoriyası ilə danışmaq üçün mənə bu fürsəti verdiyinizə görə təşəkkür edirəm.

- Ölkənizin 44 gün ərzində qalib gəldiyi Azərbaycan və Ermənistan arasında olan müharibənin başlanmasından düz bir il ötür. Keçən həftə BMT-də müharibə bitəndən bəri ilk dəfə hər iki ölkənin - Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu, hər iki tərəf arasında dialoqun yenidən başlaması və sülhə ümidin olacağı deməkdirmi?

- Ümid etmək istərdim ki, bu, belədir. Çünki Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq.

- Düzdür, dialoqa yenidən başlamağa cəhd etmək və sülhə doğru irəliləmək üçün Ermənistan rəhbərliyi - Ermənistanın baş naziri ilə əlaqə yaratmısınızmı?

- Keçən ilin noyabr ayında müharibə bitəndən bəri bizim bir-birimizi görmək üçün yalnız bir imkanımız olub. Bu, yanvar ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada təşkil olunan üçtərəfli görüş zamanı olub. Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb. Yəqin ki, bu pandemiya ilə və ya başqa səbəblərlə əlaqədar olub. Lakin Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq.

- Siz bunları söyləmək üçün baş nazir Paşinyana zəng etməyə hazırsınızmı?

- Ola bilsin ki, sizin dediyiniz kimi yox. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq.

- Müharibənin ildönümü ilə əlaqədar müraciətinizdə Siz dediniz ki, - mən Sizdən sitat gətirirəm: “Əgər biz erməni faşizminin bir daha baş qaldırdığını görsək, yeni təhlükə görsək, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik”. Bu, sülh mesajı kimi səslənmir, elə deyilmi?

- Bilirsiniz, bu, Ermənistandakı vəziyyəti əks etdirən bir fikirdir. Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz. Bunlar xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir. Bütün bunlar xoşməramlı jestlərdir. Yeri gəlmişkən, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər. Lakin mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür. Bu siyasi istablişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. İntiqam almaq üçün ictimai bəyanatlardan və daha önəmlisi praktiki addımlardan, Ermənistanı militarizasiya etmək cəhdlərindən, bir məqsəd xatirinə edilən, müharibəyə yenidən başlamaq üçün yeni müasir avadanlıqlara çıxış əldə etmək cəhdlərindən gedir. Buna görə, mənim sözlərim kobud görünə bilər, lakin bu sözlərin əsas məqsədi Ermənistan rəhbərliyi və Ermənistan siyasi istablişmentini istənilən revanşizm əlamətlərinə, xalqımıza, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı istənilən təhlükəyə cavab veriləcəyi haqqında xəbərdar etməkdən ibarət idi. Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi. Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır.

- Burada bir məsələ var. Siz hesab edirsinizmi ki, bütün əraziləri geri qaytarmısınız? Əvvəllər Sizin bəyanatlarınız olub ki, Ermənistanın paytaxtı İrəvan qədim Azərbaycan torpağıdır. Bəli, Siz ötən il torpaqları geri qaytardınız, ancaq yenə də müəyyən suallar var. Ermənistanın özünün hesab etdiyi ərazilərlə bağlı hər hansı iddianız varmı?

- Xeyr. Mənim bəyanatlarımda siz heç vaxt ərazi iddialarının əlamətlərini tapa bilməzsiniz. Mənim nəzərdə tutduğum tarixi həqiqətdir. Bu, bir tarixi faktdır ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Bu hadisə 1920-ci ildə baş verib - 101 il bundan əvvəl. Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim. Siz mənim heç bir çıxışımda buna rast gələ bilməzsiniz. Bununla yanaşı, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir. Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur. Lakin sualınıza cavab verərkən tamaşaçılarınızın diqqətini bir məsələyə cəlb etmək istəyirəm ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik.

- Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib.

- Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır.

- Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?

- Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil.

- Sualım Fransanın mövqeyi ilə bağlıdır. Fransa Sizin bəzi hərəkətlərinizi tənqid etdi və bu yaxınlarda Ermənistanla sərhəddən geri çəkilməyə çağırdı. Siz Fransanı dürüst vasitəçi hesab edirsiniz?

- Bilirsiniz, müstəqilliyimizin bütün illərində biz ikitərəfli əlaqələrimizdə Fransa ilə bu mövzuda və bir çox digər məsələlərdə fəal çalışırdıq. Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Biz bu narahatlığı ifadə etdik, çünki bir daha qeyd etmək istəyirəm ki, istənilən ölkənin seçimləri, dostları və qeyri-dostları ola bilər. Bu, onların öz işidir və burada biz heç nə deyə bilmərik. Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır. Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmirəm, biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olmuşdur. Azərbaycan hər zaman əməkdaşlığa açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Hesab edirəm ki, müharibənin başlanmasından bir ilin keçməsinə baxmayaraq, regionda nəyə nail olmaq istədiyimizə gəldikdə, çox realist yanaşmanın tətbiq edilməsi vaxtı yetişib. Əminəm ki, Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik.

- Müsahibənin sonuna yaxınlaşırıq. Cənab Prezident, Sizə əlavə iki sualım da var. Hərbi əsirlərə gəldikdə, “Human Rights Watch” Azərbaycanı onları saxlamaqda, onlara işgəncə verilməsində ittiham edir. Buna cavabınız necə olardı? Xoşməramlı jest kimi, Ermənistanla onları mübadilə etməyə hazırsınızmı?

- Biz, əlbəttə, bu ittihamları rədd edirik. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq. QHT-lərin istinad etdiyi həmin şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib.

- Ermənistan isə iddia edir ki, siz hələ də hərbi əsirləri saxlayırsınız və həqiqəti söyləmirsiniz.

- Xeyr. Həmin saxlanılmış şəxslər sinifləşdirməyə, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, hərbi əsir hesab edilə bilməz. Hərbi əsirlər müharibə zamanı əsirliyə düşmüş insanlar hesab edilir. Noyabrın 10-da müharibə dayandırıldı. Dekabrın əvvəlində biz azad etdiyimiz ərazidə erməni təxribat dəstəsinin 62 üzvünü aşkar etdik. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu.

- Cənab Prezident, sonuncu sual: “Sərhədsiz reportyorlar” təşkilatı Sizə müraciət edərək, Azərbaycan blogeri Məhəmməd Mirzəliyə qarşı hədələrə və zorakılığa son qoymağa çağırıb. O, Fransada qaçqın kimi yaşayır. Mart ayında burada ona şiddətli hücum edilib, bıçaq xəsarəti alıb. Sualım belədir: “Sərhədsiz reportyorlar” təşkilatının rəyinə görə, Siz həmin şəxsləri susdurmaq məqsədilə xaricə adamlar göndərirsiniz.

- Əvvəlcə deyim ki, biz “Sərhədsiz reportyorlar” kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır. Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?

- Siz həmin şəxslə hər hansı əlaqənin olduğunu rədd edirsiniz?

- Tamamilə belədir. Yüz faiz rədd edirəm. Hər hansı sübut, araşdırma olmadan və kimin hansı cinayəti törətdiyini müəyyən etmədən bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir.

- Prezident İlham Əliyev, “France-24” kanalına müsahibə verdiyinizə və kanalımızı seyr etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

- Dəvətinizə görə minnətdaram. Sağ olun.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?