3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər.
Dövlətimizin başçısı festivalın açılışında çıxış edib.

Prezident İlham Əliyevin

çıxışı

- Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.

44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik.

Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.

Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.

Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq.

Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq.

Şəhərdə bərpa işləri başlayıb, mən qeyd etdim ki, Yuxarı Gövhərağa məscidi artıq təmir olunubdur. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu.

Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

Sonra “Xarıbülbül” festivalı başladı.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinlədilər.

Konsertdən sonra jurnalistlərlə görüşən Prezident İlham Əliyev dedi: Sağ olun, siz ki, burada olmusunuz, ağır günlərdə. Salam Mirşahin.

Mirşahin: Eşq olsun Sizə cənab Prezident. Mən Sizi təbrik edirəm.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, mən də sizin hamınızı təbrik edirəm.

Dövlətimizin başçısı jurnalistlərlə xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyev: Anar mənim yadıma saldı, siz mətbuat konfransında demişdiniz ki, gəlmək istəyirsiniz. Biz də xahişinizi yerinə yetirdik. Mən istəyirdim ki, birinci bizim jurnalistlər gəlsin, bu festivalı keçirək. Siz harada qalırsınız?

Jurnalist: Birbaşa buraya gəldik.

Prezident İlham Əliyev: Hə, birbaşa.

Anar Ələkbərov: Bu gün qalacaqlar.

Prezident İlham Əliyev: İndi burada qalmaq üçün imkan var. Xarici jurnalsitləri də dəvət edək gəlsinlər və görsünlər.

Jurnalist: Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik. Həmişə dəstəyinizi hiss edirik, çox sağ olun.

Prezident İlham Əliyev: Bəli, sizi həmişə dəstəkləmişəm. Sizə təşəkkür edirəm ki, belə çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri mən sizdən eşidirəm, sizdən görürəm. Bu, özlüyündə artıq icra orqanlarını daha da məsuliyyətli olmağa sövq edir.

Jurnalist: Müharibədən sonra Sizinlə birinci görüşümüzdür.

Prezident İlham Əliyev: Elədir.

Jurnalist: Mən də icazənizlə istəyirdim deyim ki, 40 ildir dünyanın müharibələrini görmüşəm. Bu, birinci müharibə idi ki, bir nəfər həm hərbi istiqamətdə işi, həm siyasi, həm də informasiya işini aparırdı.

Prezident İlham Əliyev: Çünki əgər siz bu müharibə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmasaydınız, ümumiyyətlə, məsələ ilə bağlı fikir elə təhrif edilmiş kimi qalacaqdı. Siz yaxşı xatırlayırsınız, o vaxt dünya mediasına bizim çıxışımız yox idi. Tək siz gəlmişdiniz, siz də foto çəkirdiniz. Amma ermənilər bütün imkanlardan istifadə edib bütün ölkələrdə olmazın yalanları yayırdılar. İndi isə artıq müharibə ilə bağlı həqiqətləri siz çatdırmısınız, mən çatdırmışam.

Qəhrəman hərbçilərimiz də bax, o qayalara dırmaşaraq düşməni buradan qovub. Mirşahin sən çoxdan olmusan da burada, işğala qədər. Bəziləri heç olmayıb yəqin ki, ilk dəfədir.

Mirşahin: İşğala qədər də olmuşam.

Prezident İlham Əliyev: İndi ilk dəfə gələn burada görür ki, Şuşanı azad etmək ümumiyyətlə mümkünsüz hesab olunurdu. Özü də hələ piyada qalxmaq çətindir, bir də ki, əlində avtomat, yuxarıda düşmən, özü də düşmənin tankı, topu, mövqeyi. Doğrudan da misli görünməmiş qəhrəmanlıq dastanıdır.

Jurnalist: Əfqanıstan dağlarında da müharibələri görmüşəm. Buna inanmırdım. Azad ediləndən sonra gəldim, gedib baxdım, izlədim. Özüm də 1992-ci ildə buradan ayaqla çıxmışdım, bura bağlı idi, maşın gələ bilmirdi.

Prezident İlham Əliyev: Siz hansı yolla çıxdınız?

Jurnalist: Elə buradan, Daşaltıdan gəldim. Buraya kimi 4 saat piyada yol gəldim, 3 dəfə də snayperlər atdılar, amma, vura bilmədilər.

Prezident İlham Əliyev: Bu yaxınlarda o şəkli siz paylaşdınız, gördüm mən. O vaxt Azərbaycan əsgəri necə vəziyyətdə idi? Nə forması var idi, nə silahı var idi, nə də bir idarəetmə imkanları. İndi aslan kimi əsgərlərdir, aslan kimi. Onlar möcüzə yaradıblar.

Jurnalist: Burada demək olar ki, yaşayış yox idi.

Prezident İlham Əliyev: Yox idi.

Jurnalist: Ancaq şəhərin girəcəyində, o da çox az.

Mirşahin: Amma mən Zəngəzurda evlərin birində oldum.

Prezident İlham Əliyev: Bəli, bəli, Şurnuxu kəndində.

Mirşahin: O kişi də yaxşı təkziblər verirdi, Ermənistan hakimiyyəti barədə. Yaxşı oldu, çox yaxşı oldu. Beş dənə punkt üzrə öz ölkəsini təkzib etdi. Pensiyasının azlığından da danışdı. Dedi ki, Qarabağ Azərbaycanındır

Prezident İlham Əliyev: Özü də dedi ki, azərbaycanlının evinə girib.

Mirşahin: Bəli, çox vacib bəyanatlar verdi.

Jurnalist: Cənab Prezident, Şuşa qələbəsinə görə Sizə xüsusi təşəkkür edirik. Doğrudan da bu, çox möcüzəvi bir qələbədir. Bu, doğrudan da çox böyük qələbədir. Siz Azərbaycan xalqına sanki bir həyat qaytardınız. Siz bizə nəfəs verdiniz. İnanın ki, bir il bundan əvvəl yatsaq yuxumuza girməzdi ki, biz Cıdır düzündə ola bilərik, burada konsertdə iştirak edə bilərik. Çox böyük bir möcüzədir, cənab Prezident. Allah Sizi qorusun, Ordumuzu qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Jurnalist: Cənab Prezident, səmimi qəlbdən deyirəm, dünyada belə ölkə başçısı yoxdur.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Bir il bundan əvvəl burada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi. O hərəkətlərə görə, bütün cinayətlərə görə düşmən öz layiqli payını aldı. Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda yaşayan xalqların musiqisi səslənəcək. Doğrudan da böyük tarixi nailiyyətdir. Hər dəfə buraya gələndə xüsusi hisslər keçirirəm. Əminəm ki, siz də bu hissləri keçirirsiniz. Çünki Şuşanı yenidən görmək bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir. Əlbəttə, bir daha görürük ki, Şuşa əsl Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, - baxmayaraq ki, ermənilər o bulaqların naxışlarını dəyişmişdilər, yazıları da silmişdilər,- amma yenə də burada hər tərəf, necə deyərlər, Azərbaycan mədəniyyəti ilə qaynayır. Biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq. Demişəm ki, Şuşa dünyanın ən gözəl şəhərinə çevriləcək. Təkcə Şuşa yox, azad edilmiş bütün başqa şəhərlər.

Jurnalist: Mən altı aydır Qarabağı gəzirəm, özüm də mühəndis memaram. Doğrudan deyirəm, mən dünyada bu cür gözəl yer görməmişəm. Doğrudan da Şuşanın, Kəlbəcərin gözəlliyi dünyada təkdir.

Prezident İlham Əliyev: Burada az da olsa yaşayıblar. Bizdə olan məlumata görə, - sonra bu məlumatı biz dəqiqləşdirdik, - burada 1600-ə yaxın erməni yaşayıb, onların da çoxu hərbçiləri idi, onların ailə üzvləri idi. Yəni burada erməni əhalisi heç vaxt olmayıb. İndi görürsünüz, işğal dövründə nə gündə idi. İndi biz əl gəzdirmişik, 6 aydır ki təmizləyirik, necə deyərlər, səliqə-sahman yaradırıq. Bütün binalar belə dağıdılmış idi, yarımçıq tikili idi. Yeni bina yoxdur, bir neçə dənə villa tikdirmişdilər özləri üçün, onları da yəqin ki, görmüsünüz. Tarixi binalar sökülüb, şəhər infrastrukturu yoxdur. Baxın, o dirəklər yox idi, hamısı belə köhnədən qalan idi. Deyirdilər ki, erməni şəhəridir, erməni şəhəridirsə, niyə bu günə qoymusan onu? Niyə yaşamamısan, niyə qurmamısan, niyə dağıtmısan?

Jurnalist: Heç kəs öz evini yandırmaz gedəndə.

Prezident İlham Əliyev: Əlbəttə.

Jurnalist: Onlar yandırdılar, yəni öz evləri deyildi.

Prezident İlham Əliyev: Bizim azad edilmiş digər yerlərdə, torpaqlarda siz də olmusunuz, orada təbiət toxunulmaz kimidir, o ağacların rəngi, səmanın rəngi. Belə bir rənglər mən görməmişəm.

Jurnalist: Ağdam, ümumiyyətlə, viran qoyulub. Bu mənzərəni görəndə düşünürsən ki, söhbət ancaq yaddaşı silməkdən gedə bilər. Axı qəbirlə insanın nə işi ola bilər? Məhz onlar tarixi silmək, yaddaşı silmək istəyiblər. Məncə məqsədləri yalnız bu olub.

Prezident İlham Əliyev: Əlbəttə, elədir, tarixi silmək istəyiblər ki, biz heç vaxt qayıtmayaq. Hesab edirdilər ki, Azərbaycan heç vaxt ayağa qalxmayacaq. İnanmırdılar ki, biz ayağa dura bilərik. İnanmırdılar ki, bizdə həm güc, həm də iradə ola bilər. Ona görə deyirdilər ki, hər şeyi dağıdaq, daha heç vaxt bunlar qayıtmasın, tarixi də silək, abidələri, qəbirləri də dağıdaq. Sabah deyək ki, bura erməni torpağı olub və elə də deyirdilər. Şahbulağı yalandan “Tigranakert” adlandırmışdılar. Belə saxtakarlıq olmaz. Deyirdilər ki, Şuşa erməni şəhəridir. Axı bu şəhərin təməlini Pənahəli xan qoyub, hamımız yaxşı bilirik, adını da verib - Pənahabad. Necə erməni şəhəri olub, əgər 275 il bundan əvvəl Pənahəli xan Ağdamdan buraya gəlib.
Jurnalist: Özü də təzə daşlar atıb ora, cənab Prezident, mən getdim özüm baxdım.

Prezident İlham Əliyev: Bəli.

Jurnalist: Guya dırnaqarası “Tigranakert” olub.

Prezident İlham Əliyev: Hə, orada?

Jurnalist: Bəli, Şahbulağın düz yanında.

Jurnalist: Mən Kəlbəcərdə neçə kilsə gördüm, çox qədim kilsələr imiş, amma ermənilər onlara təzə daşlar qoyublar. Elə qoyublar ki, dərhal bilinir. Mən özüm görəndə tez dedim ki, bunlar hamısı saxta daşlardır, adamlardan soruşdum, bildirdilər ki, bu daşları buraya 10-15 ildir gətiriblər.

Hərbçi: Cənab Ali Baş Komandan, icazə versəydiniz xüsusi təyinatlılar Sizinlə xatirə şəkli çəkdirərdilər.

Prezident İlham Əliyev: Bəli, mütləq.

Xüsusi təyinatlılarla xatirə şəkli çəkdirilib.

Hamı birlikdə dedi: Qarabağ Azərbaycandır!

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ