8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

-Hörmətli Sergey Viktoreviç, sizi Bakıda yenidən salamlamağa şadam. Sizin bu səfəriniz ərəfəsində mən bundan əvvəlki görüşümüzü xatırladım. Şadam ki, sizin Bakıya sonuncu səfərinizdən yarım il sonra biz münasibətlərimizdə müsbət dinamikanın davam etməsini məmnuniyyətlə qeyd edə bilərik. Elə bu gün mənim Vladimir Vladimiroviç Putin ilə telefon söhbətim olub. Biz bir-birimizi ümumi Qələbəmiz münasibətilə, faşizm üzərində Qələbə münasibətilə şəxsən təbrik etdik və faşistlərin, faşist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri ilə əlaqədar yanaşmalarımızın vahid olduğunu bir daha bildirdik, dünyanı faşizmdən xilas etməyə imkan vermiş, Avropanın və dünyanın bir çox xalqlarını azad etmiş bu böyük Qələbəyə əcdadlarımızın töhfəsini qeyd etdik.

Sizin bildiyiniz kimi, Vladimir Vladimiroviç ilə biz daim dialoq aparır, müntəzəm əlaqə saxlayırıq. Biz həm ikitərəfli gündəlik çərçivəsində, həm də bizim regionda münaqişədən sonrakı inkişafla bağlı vəziyyət çərçivəsində çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Deməliyəm ki, əlbəttə, indiki vəziyyət, münaqişədən sonrakı vəziyyət bütün səviyyələrdə daha sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir. Mən onu da bilirəm ki, siz azərbaycanlı həmkarınızla çox sıx əlaqə saxlayırsınız.

Bütün bunlar ona gətirib çıxarır ki, biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanması risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik. Hər halda, Azərbaycan buna hazırdır. Yüksək səviyyədə dəfələrlə səslənmiş bəyanatlar kommunikasiya layihələrinin inkişafı məsələsində bizim mövqeyimizə dəlalət edir. Bu barədə noyabrda müharibənin yekunları üzrə Bəyanatda da deyilib və bu istiqamətdə çox fəal iş aparılır. Bildiyiniz kimi, bu yaxınlarda - iki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin – nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq.

Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur.

Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin.
Bununla bərabər, Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan azərbaycanofobiya meyilləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq. Mənim misal gətirdiyim, regionda baş vermiş bəzi faktlar bizim niyyətimizə, səhifəni çevirmək niyyətimizə dəlalət edir, hərçənd sırf emosional və psixoloji baxımdan bunu etmək asan deyil. İşğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılıb. Beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhərində bircə salamat bina belə yoxdur. Azad edilmiş ərazilərdə olarkən oraların tamamilə dağıdıldığını görmək olar. Azad edilmiş ərazilərdə işğal dövründə evlər, ictimai binalar, dini abidələr, 60-dan çox məscid, qəbiristanlıqlar və sair dağıdılıb. Ona görə də işğalın bizim hətta güman edə bilməyəcəyimiz, - çünki biz həmin ərazilərə gedə bilmirdik, - dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir. Ona görə də Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. Buna görə biz Rusiya ilə - bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir. Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq.
Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə bir daha deyirəm, mən əminəm ki, Cənubi Qafqazda yaranmış yeni vəziyyət artıq bu gün bizim münasibətlərimizə yeni xüsusiyyətlər verir. Biz yaxın qonşular, mehriban dostlar kimi aktiv fəaliyyət göstəririk və bu sıx əlaqələrimiz, sizin bugünkü səfəriniz buna daha bir sübutdur.
Sizi görməyə çox şadam. Bir daha xoş gəlmisiniz.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

-Çox sağ olun, hörmətli İlham Heydəroğlu. Məni növbəti dəfə qəbul etdiyinizə görə təşəkkür edirəm. Bu, mənim Azərbaycana səfərlərim zamanı xoş ənənəyə çevrilib. Siz qeyd etdiyiniz kimi, bu səfərlər müntəzəm xarakter alır. Öz növbəmdə, mən də azərbaycanlı həmkarım və dostumu qəbul etməyə hər zaman şadam.

Həqiqətən də, nəinki Qarabağda yaranmış vəziyyət, prinsipcə ümumi regiondakı vəziyyət, bizim ikitərəfli əlaqələrimizdə Sizin Vladimir Vladimiroviç Putinlə birgə qarşımıza qoyduğunuz məqsədlər bütün səviyyələrdə daha müntəzəm təmaslar tələb edir. Sizin Vladimir Vladimiroviçlə müntəzəm təmaslarınız olur. Bu gün növbəti telefon danışığınız baş tutub.

Əlbəttə ki, mən bir daha tarixi yaddaşın qorunmasına verdiyimiz əhəmiyyəti qeyd etmək istəyirəm. Belə gətirib ki, mənim Bakıya səfərim Sizin atanız, Azərbaycanın dahi rəhbəri, bütün sovet insanlarının xatirəsində əbədi yaşayan Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 98-ci ildönümünə təsadüf edir. Faşizm üzərində Qələbədən danışsaq, o, nəticə etibarı ilə “qəhvəyi vəba” üzərində qələbəmizə imkan verən bizim o zamankı ümumi vətənimizin potensialının yaradılmasına böyük töhfə vermişdir.

Biz hər zaman Heydər Əlirza oğlunun bu problemlərin həllində və bütövlükdə Sovet İttifaqının sənaye bazasının yaradılmasındakı xidmətlərini xatırlayırıq. Bu günə gəldikdə isə, prezidentlərin müntəzəm təmaslarından əlavə, hökumət başçıları səviyyəsində də işlər aparılır. Biz bu ay Azərbaycan hökuməti başçısının Rusiya Federasiyasına səfərini gözləyirik.

Tez bir zamanda ortaq dil tapan və mənim zənnimcə, koronavirus infeksiyası dövründə bir qədər aşağı düşən əmtəə dövriyyəsinin bərpa olunması üçün gələcək addımları çox səmərəli razılaşdıran Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə dövlətlərarası komissiya fəaliyyət göstərir. Lakin əmtəə dövriyyəsinin praktiki 3 milyard dollar olması sanballı nəticədir.
Bizim hədəfimiz, həmçinin humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir. Şəxsən Sizin Azərbaycanda rus dilinə olan daimi diqqətinizi, Rusiya ali məktəblərinin filiallarının fəaliyyətini, universitetlərimiz arasında, o cümlədən bizim ümumi alma-mater olan MDBMİ-nin iştirakı ilə həyata keçirilən birgə proqramları yüksək qiymətləndiririk. Bu, həqiqətən də çox vacibdir.

Bir daha vurğulamaq istəyirəm, biz koronavirus infeksiyasına qarşı mübarizədə daha səmərəli qarşılıqlı fəaliyyətin təmin olunmasını səmimi qəlbdən arzu edirik. Bu günlərdə Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib. Bu ay daha böyük partiyalar gözlənilir. Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar.

Sizin kimi biz də Dağlıq Qarabağ münaqişəsinin üç ölkənin liderlərinin 9 noyabr tarixli birgə Bəyanatına və yanvarın 11-də Moskvada Sizin əyani görüşünüzün nəticələrinə müvafiq olaraq nizamlanması barədə razılaşmaların yerinə yetirilməsinə tərəfdarıq. Bizim sülhməramlı kontingentimiz Sizin Rusiya və Ermənistan rəhbərliyi ilə həmin əlaqələrinizin gedişində razılaşdırdığınız vəzifələri yerinə yetirir.

Bizim sülhməramlıların rolunu yüksək qiymətləndirdiyinizə görə Sizə minnətdarıq. Sizin vurğuladığınız kimi, biz hər şeyi edəcəyik ki, hamı münaqişənin hərbi aspektlərinin başa çatmasını əsas götürsün. İndi torpaqda detallarla məşğul olmaq lazımdır. Orada delimitasiya, demarkasiya ilə bağlı məsələlər var. Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər.

Humanitar Müşahidə Mərkəzi bizim Fövqəladə Hallar Nazirliyi ilə birlikdə işləyir. Onlar Azərbaycandan olan həmkarları ilə birlikdə humanitar məsələlərin həllinə, yaşayış yerlərinin, nəqliyyat infrastrukturunun bərpasına kömək edirlər. İnsanlar hiss etməlidirlər ki, bu proses artıq gedir, torpaqda real yaxşılaşma baş verir. Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri həmin ölkələrin liderləri tərəfindən yaradılmış işçi qrupu çərçivəsində müntəzəm olaraq görüşür, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə liderlərin razılaşmaları ilə əlaqədar praktiki aspektləri nəzərdən keçirir. Əlbəttə, bu, müxtəlif marşrutların çox müfəssəl müqayisəsi ilə bağlıdır. Lakin biz şübhə etmirik ki, bütün Cənubi Qafqaz dövlətlərinin və onların qonşularının maraqlarının balansına nail olmaq zərurəti nəzərə alınsa, - bu isə potensial baxımdan çox ciddi nəqliyyat habıdır, onun əhəmiyyəti regional çərçivələri aşır, - onda biz müasir, qlobal iqtisadiyyatda və logistik zəncirdə öz ortaq mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik.

Əlbəttə, bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk. Hesab edirik ki, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır.

Əlbəttə ki, bu sözlər müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərə də aiddir. Siz hərbi əsirləri, tarixi irs ilə, dini irs ilə bağlı hər hansı sui-istifadə hallarına yol verilməməsini xatırlatdınız. Biz bütün bu məsələlərin maksimum konstruktiv şəkildə həllinə kömək etməyi çox istəyirik.

Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır. Biz bunu mümkün edəcək şəraitin yaradılmasına kömək etməyə hazırıq. Kömək etməyə hazır olan başqa beynəlxalq təşkilatlar da var. Təbii ki, biz bununla əlaqədar razılaşmalarda maraqlı tərəflərin mövqeyini nəzərə almalıyıq. Münasibətlərin ümumi kontekstini əsas götürsək, Sizinlə tamamilə razıyam ki, indi bu mərhələdə, yəqin, hər hansı başqa münaqişəli şəraitdə, münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var. Lakin, hörmətli İlham Heydər oğlu, Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin.

Ümidvaram ki, bu gün və sabah Xarici İşlər Nazirliyində aparılacaq danışıqlarda biz Rusiya Federasiyasının Prezidenti ilə Sizin razılaşmalarınızın maksimum vicdanlı və dəqiq şəkildə yerinə yetirilməsi üçün ikitərəfli münasibətlərimiz çərçivəsində yaranan bütün məsələləri ətraflı müzakirə edə biləcəyik, Dağlıq Qarabağda və onun ətrafında münaqişədən sonrakı vəziyyətin nizamlanması prosesləri barədə fikir mübadiləsi aparacağıq. Yeri gəlmişkən, bərpa işlərində, planlaşdırılmış proqramlarda bizim şirkətlərin iştirakını hərtərəfli təşviq etməyə hazır olacağıq. Əlbəttə, daha geniş regional məsələlər, Xəzərin hüquqi statusu barədə Konvensiyanı imzalamağa imkan vermiş qərarlar əsasında Xəzər problemləri barədə fikir mübadiləsi aparacağıq. Bundan əlavə, bizim BMT-də, ATƏT-də, Avropa Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında birgə fəaliyyətimiz çox genişdir. Qorxuram nəyisə unudum, amma Sizə, hazırda Qoşulmama Hərəkatında sədrlik edən dövlətin başçısı kimi bizim bu qurumda müşahidəçi statusu almaq barədə sifarişimizi dəstəklədiyinizə görə ayrıca minnətdarlığımı bildirmək istərdim.

Prezident İlham Əliyev deyib:

- Çox sağ olun, Sergey Viktoroviç, yalnız bunu əlavə etmək istərdim ki, Azərbaycana “Sputnik V” vaksininin tədarük edilməsi məsələsinin Vladimir Vladimiroviç ilə danışdığımız kimi operativ həllinə görə təşəkkürümü bildirmək istərdim, bütün müddətlərə əməl edilib, sözünüzün üstündə durmusunuz. Bu yaxında həmin vaksinin qarşılanması mərasimi keçirilib, cənab səfir iştirak edib. Bu gün dünyada populyarlığı get-gedə artan belə gözəl vaksinə görə sizi bir daha təbrik etmək istərdim. Onun bizim üçün əlçatan olması, əlbəttə, buna şərait yaradacaq ki, biz bu bəlanın öhdəsindən tezliklə gələcəyik. Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna da toxunmaq istərdim. Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın. Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun. Buna görə bir daha sağ olun.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?