2019-cu il sosial-iqtisadi inkişaf baxımından əvvəlki illərdən fərqlənəcək
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə çıxış edib.
2018-ci ili dərin iqtisadi islahatlar ili kimi qiymətləndirən Prezident İlham Əliyev artıq görülən işlərin öz müsbət nəticələrini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar: "Yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edildi, üçüncü proqrama yekun vuruldu. Üçüncü proqram artıqlaması ilə icra edilmişdir. Qarşımızda duran bütün vəzifələr icra olunmuşdur. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Beş ilə hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri başa çatdıraq. Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıbdır".
Bu yaxınlarda ölkədə minimum əməkhaqqının əhəmiyyətli dərəcədə artırıldığını xatırladan Prezident İlham Əliyev bunun 600 min insanı əhatə etdiyini bildirib: "Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq. Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır".
Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər
büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir
Dövlətimizin başçısı çıxışında problemli kreditlərlə bağlı vəziyyətə də toxunub: "Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".