29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gürcüstanda ilin sonuna qədər 2 milyard laridən artıq ƏDV-nin qaytarılacağı gözlənilir

Gürcüstanda ilin sonuna qədər 2 milyard laridən artıq ƏDV-nin qaytarılacağı gözlənilir

Gürcüstan dövləti artıq ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) avtomatik qaytarılmasından biznesə 2,2 milyard lari (1,4 milyard manat) qaytara bilər. Bu barədə maliyyə naziri Laşa Xutişvili açıqlama verib. 2020-ci il noyabrın 17-dən Gürcüstan vergi ödəyiciləri ƏDV ödənilməsindən yaranan artığı yeni proqram təminatı vasitəsilə tam şəkildə geri ala bilirlər. Bu proqram təminatı sayəsində ƏDV-nin qaytarılması sorğu olmadan vergi ödəyicisinin Vergi Xidmətində göstərdiyi bank hesabına avtomatik köçürülür.

"İldə orta hesabla 2 milyard laridən artıq ƏDV-nin qaytarılacağı proqnozunu vermişdik. Mövcud statistikaya görə, il ərzində bu rəqəmin 2,2 milyarda yaxın olacağını deyə bilərik. 10 ayda 1,8 milyard lari (1,1 milyard manat) qaytarılıb”, - nazir L.Xutişvili jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu, kifayət qədər yüksək göstəricidir. Nazir qeyd edib ki, ƏDV-nin qaytarılmasından, əsasən, Gürcüstana investisiya yatıran müəssisələr, eləcə də Gürcüstandan mal və ya xidmət ixrac edən müəssisələr faydalanırlar. Nazir vurğulayıb ki, ƏDV-nin qaytarılması ilə bağlı islahat vergi sahəsində ən uğurlu addımlardan biridir. İslahatdan əvvəl geri qaytarılan məbləğ orta hesabla təxminən 150-180 milyon lari (93-112 milyon manat) olurdu. "Beləliklə, bu ilin 10 ayının göstəriciləri islahatlardan əvvəlki dövrün 10 ilinin rəqəmlərindən çoxdur. Bu, həyata keçirdiyimiz çox uğurlu vergi islahatlarından biridir, çox yaxşı işləyir və çox yaxşı nəticələr verir”, - nazir bildirib.

Qeyd edək ki, 2021-ci il ərzində Gürcüstanda ƏDV-nin avtomatik qaytarılması sistemi vasitəsilə müəssisələrə ümumilikdə 1,93 milyard lari (1,2 milyard manat) qaytarılmışdı.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?