11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş yerlərinin "ağardılması" prosesi sosial daxilolmaların artımına səbəb olub

"Kölgə iqtisadiyyatı"nın həcminin azaldılması, iqtisadi proseslərdə şəffaflığın artırılması, o cümlədən əmək münasibətlərinin şəffaflaşdırılması, qeyri-leqal iş yerləri və əmək haqlarının "ağardılması" ilə bağlı dövlət başçısı tərəfindən müəyyən edilmiş vəzifələr İqtisadiyyat Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biridir.

2019-cu ildə sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsindən sonra, bu sahədə aparılan islahatlar və görülən işlər nəticəsində iş yerlərinin rəsmiləşdirilməsi prosesləri daha da sürətlənib, muzdlu işçilərin zəruri pensiya kapitalını toplamaq imkanları yaranıb, onların gələcəkdə pensiya almaq hüquqları və sosial müdafiəsi təmin edilib, habelə dövlətin maliyyə yükünün azalmasına müsbət təsir edib.

Vergi və sosial yığımların vahid dövlət orqanı tərəfindən həyata keçirilməsi, vergi ödəyicilərinin dövlət büdcəsinə və sosial fondlara ödəmələri üzərində daha effektiv nəzarətin təmin edilməsinə imkan verib. Vahid inzibatçılığın tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində köklü dəyişikliklərə gətirib. Dövlət Vergi Xidməti sahibkarların sosial yığımlarının ödənilməsindən yayınmasının qarşısını alıb, iş yerlərinin "ağardılması", əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün ödənilməsinə nail olub. Eyni zamanda, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin artırılması, xüsusilə də 2020-ci ildə koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən dövlət dəstək mexanizmlərinin əsas şərtlərindən biri kimi əmək münasibətlərinin şəffaflaşdırılması tələbi iş yerlərinin leqallaşdırılması prosesinə müsbət təsir edib.

2020-ci ilin 1 iyul tarixinə əmək müqavilələrinin sayı 1.661,7 min təşkil edərək ilin əvvəlindən 107,3 min artıb, o cümlədən qeyri-neft qeyri-dövlət sektorunda bu göstərici 748,8 minə çataraq ilin əvvəlindən 109,9 min artıb. Təkcə iyun ayında qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımı 20,7 min təşkil edib. Təhlillər göstərir ki, cari ilin əvvəlindən ölkə üzrə əmək müqavilələrinin sayının ümumi artımının hamısı qeyri-neft qeyri-dövlət sektoru hesabına baş verib.

Sosial sığorta yığımlarının vergi orqanlarına həvalə edilməsindən sonra yaranmış statistik mənzərəyə nəzər salsaq, son il yarımda bu artımın daha əhəmiyyətli olduğunu görə bilərik. 2019-cu ilin 1 yanvar tarixindən qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında artım 208,9 min təşkil edir. Qeyri-neft qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin cəmi əmək müqavilələrində xüsusi çəkisi 2018-ci ildəki 38,5 faizdən cari ilin altı ayının yekunu üzrə 45,1 faizədək yüksəlib.

Əmək bazarında şəffaflaşma proseslərinin yüksək dinamikası əməkhaqqı fondunun həcminin böyüməsinə şərait yaratmaqla məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmaların yüksək artım dinamikasını şərtləndirir. 2019-cu ildə qeyri-neft qeyri-dövlət sektorunda əməkhaqqı fondunun artım tempi (29,1%) əhalinin pul gəlirlərinin nominal artım tempini (7,4%) əhəmiyyətli üstələyib, cari ildə də bu proses davam edib. Belə ki, 2020-ci ilin birinci yarısında qeyri-neft qeyri-dövlət sektorunda əməkhaqqı fondunun artım tempi 11,0 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirlərinin nominal artım tempi 0,6 faiz olub.

2020-ci ilin birinci yarımili ərzində məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1.489,4 mln. manat proqnoza qarşı 1.708,2 mln. manat vəsait daxil olmaqla proqnoza 114,7 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 mln. manat və ya 34,1 faiz çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 mln. manat və ya 51,3 faiz, qeyri-büdcə sektoru üzrə 198,9 mln. manat və ya 24,4 faiz çox olub.

İşsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımili ərzində 53,6 mln. manat proqnoza qarşı 58,5 mln. manat vəsait daxil olmaqla, proqnoza 109,2 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 mln. manat və ya 24,5 faiz çox olub. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 mln. manat və ya 45,3 faiz, qeyri-büdcə sektoru üzrə 5,8 mln. manat və ya 16,8 faiz çoxdur.

Sosial yığımların ödənilməsi sahəsində aparılan islahatlar Dövlət Sosial Müdafiə Fondunun büdcə asılılığının da azalmasına şərait yaradıb. Əgər 2017-ci ildə dövlət büdcəsindən fondun büdcəsinə ödənilən transfertin onun gəlirlərində xüsusi çəkisi 38,2 faiz təşkil edirdisə, 2019-cu ildə sosial yığımların hesablanması və ödənilməsinə nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsinə başlandıqdan sonra, bu göstərici 28,7 faizə enib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?