8 Avqust 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pandemiya şəraitində iqtisadi mənzərənin ümumi cizgiləri

Koronavirus pandemiyasının başlandığı elan olunduğu vaxtdan dünya iqtisadiyyatının və beynəlxalq maliyyə bazarlarının itkiləri sürətlə artmağa başlayıb.

İqtisadçı ekspert Fikrət Yusifov qeyd edib ki, müasir dünya iqtisadiyyatının hazırkı qloballaşma şəraitində ayrılıqda götürülmüş bir ölkənin dünya iqtisadiyyatının məruz qaldığı təsirlərdən kənarda qalması praktik olaraq mümkün deyil: "Bunu əyani görmək üçün ölkələrin xarici ticarət balanslarına, onların idxal-ixrac əməliyyatlarının miqyasına və investisiyaların coğrafiyasına qısa nəzər salmaq yetərlidir. 2019-cu ildə Çinin xarici ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 1 faiz azalsa da, ümumilikdə 4 trilyon 57 milyard ABŞ dolları təşkil etmişdi ki, bunun da 2 trilyon 49 milyard dolları ixracın, 2 trilyon 7 milyard dolları isə idxalın payına düşmüşdü. Başqa bir misal. Bu gün dünyada 20 trilyon dollara qədər sərbəst vəsait investisiya kimi özünün tətbiq edilə biləcəyi daha münbit məkanların axtarışındadır.

Koronavirus pandemiyası demək olar ki, bütün ölkələrin iqtisadiyyatına bu və ya digər səviyyədə təsir edib və edir. Kifayət qədər qeyri-müəyyənlik mövcuddur. Bunu şərtləndirən başlıca səbəb isə COVID-19 peyvəndinin hələlik tapılmamasıdır. Hesab edirəm ki, peyvənd tapılana qədər iqtisadiyyatda və maliyyə bazarlarında baş verən bütün pozitiv meyllər kövrək olacaqdır. Beynəlxalq Valyuta Fondunun bu günlərdə yaydığı bəyanatda deyilir ki, dünya iqtisadiyyatı gözlənildiyindən daha ləng bərpa olunur və dərin qeyri-müəyyənlik hökm sürür.

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunub, digər tərəfdən iqtisadiyyatın neftlə sıx bağlıdır. Buna görə də hökumət pandemiyaya qədər ölkə iqtisadiyyatında əldə olunmuş nəticələrin qorunub saxlanması məqsədilə real addımlar atmağa qərar verdi. Neftin satışından gəlirlərin kəskin azalmasına, iqtisadi aktivliyin aşağı düşməsinə və bu səbəbdən dövlət büdcəsinin ciddi itkilərlə üzləşməsinə baxmayaraq, hökumət bu günə qədər 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərib. Yardımlar bütövlükdə 310 mindən artıq vətəndaşı əhatə edir. Aktiv vergi ödəyiciləri dövlətdən 155 milyon manatdan çox maliyyə dəstəyi alıblar, biznesə vergi güzəştləri zənbilinin ümumi dəyəri 130 milyon manat təşkil edib. Dövlət doğru seçim edərək biznesin postpandemiya dövrünə qədər bəlli bir səviyyədə yaşamasını təmin etməyə çalışır. Hesab edirəm ki, bu günlərdə biznesin maliyyə vəsaitlərinə əlçatanlığını təmin edə biləcək addımın atılması da müsbət qərardır.

Bu sahədə ən ciddi problem bankların üzünün real olaraq biznesə çevrilməsini təmin etməkdir. Heç kim deyə bilməz ki, bu gün banklarımız biznesə kreditlər verməkdən imtina edir. Bu, əsla belə deyil. Sadəcə onların biznesə təklif etdikləri kreditlər üçün qoyduqları yüksək faizlər biznes üçün sərfəli deyil və bahalı kreditlər iş adamlarına böyük risklər yaradır. Çünki biznesin orta rentabellik səviyyəsindən yüksək faizlərlə götürülmüş kreditlər bir qayda olaraq geri qaytarıla bilmir.

Fəxriyyə İKRAMQIZI