30 Noyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TANAP-la indiyədək nəql olunan təbii qazın həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında TANAP ilə Türkiyəyə 1,6 milyard kubmetr təbii qaz nəql olunub.

Energetika Nazirliyindən bildirilib ki, istismara veriləndən iyunun 1-dək isə TANAP-la Türkiyəyə 5,47 milyard kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.

TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib. TANAP layihəsinə 6,5 milyard dollar xərclənib.

TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitəcək və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatacaq. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.

Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.