Vergi güzəştləri sahibkarlıq subyektlərinin fəaliyyətinin bərpasına stimul yaradacaq
Vergi Məcəlləsində edilən son dəyişikliklərlə koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlığa 5 istiqaməti əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutulur. Millət vəkili Əli Məsimli "vergiler.az"a açıqlamasında həmin istiqamətləri şərh edib.
Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilib. Buraya:
- avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
- mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
- turoperator və turagent fəaliyyəti;
- sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;
- ictimai iaşə fəaliyyəti;
- sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; - idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
- hazırlıq (tədris) və ixtisasartırma kurslarının, uşaq-tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərin fəaliyyəti;
- əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri daxildir.
İkincisi, sadələşdirilmiş vergi ödəyicisi kimi ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilib.
Üçüncüsü, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib. 2019-cu il üçün son verginin ödənilməsi müddəti 1 sentyabr 2020-ci il tarixinədək uzadılıb. Mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddəti də bu il sentyabrın 1-dək uzadılıb. Ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınıb.
Dördüncüsü, mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəşt verilib. 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə bu il sentyabrın 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulub.
Beşincisi, Vergi Məcəlləsində bütün sahibkarlıq subyektləri üçün pandemiyanın qarşının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması əksini tapıb. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi də yeniliklər sırasındadır.
Sadalanan güzəştlər müvəqqəti xarakterli olsa da, koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin faəliyyətinin bərpa və inkişaf etdirilməsi üçün əlavə dəstək funksiyası daşıyır.
Fərqanə ALLAHVERDİQIZI