5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və s. barədə ətraflı məlumat verib.

Mikayıl Cabbarov tədbirin işgüzar əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafında “AmCham Azərbaycan”ın səmərəli fəaliyyətini qeyd edib. ABŞ-la iqtisadi əməkdaşlıqdan danışan nazir diqqətə çatdırıb ki, Azərbaycan ABŞ-la iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlıdır və əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Bildirilib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə 257 ABŞ şirkəti fəaliyyət göstərir.

Ölkələrimiz investisiyalar sahəsində də uğurla əməkdaşlıq edir. Belə ki, ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda 12,8 milyard ABŞ dolları olmaqla, ümumilikdə, 14 milyard dollara çatıb. Bununla da, ABŞ Azərbaycanda ikinci ən böyük investordur.

Xarici ölkələrin təcrübəsi, investisiya sahəsində müasir tendensiyalar və sərmayə sazişlərinin praktikası, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin rəyləri nəzərə alınmaqla “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran İqtisadiyyat naziri “AmCham Azərbaycan”ın da prosesə önəmli töhfə verdiyini qeyd edib.

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata mənfi təsirləri barədə fikirlərini bildirən Mikayıl Cabbarov infeksiyanın yayılmasına qarşı mübarizədə xalqımızın dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan hökumətinin pandemiya və qlobal böhran situasiyasına çevik reaksiya verdiyini, iqtisadi, makroiqtisadi stabilliyin qorunması məqsədilə sistemli və operativ tədbirlər görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, insanların sağlamlığının qorunması tədbirləri ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi istiqamətində təsdiq edilmiş Tədbirlər Planına əsasən, zərər çəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir.

Postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir. Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlərdəndir. İqtisadiyyat naziri ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Bununla yanaşı, Azərbaycanda infrastruktur layihələri də daxil olmaqla bir sıra layihələr üzrə dövlət-özəl tərəfdaşlığı mexanizminin daha geniş tətbiqi nəzərdə tutulur ki, bu da investorlarla əlaqələri genişləndirmək üçün əlverişli imkanlar yaradır.

Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının hədəf kimi müəyyən edildiyini, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılmasının önəmini, rəqəmsal iqtisadiyyatın qurulması sahəsində ölkəmizin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini, ölkəmizin cəlbedici turizm resurslarını qeyd edib, pandemiya ilə mübarizədə və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması