26 Oktyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üç ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 6,7 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, bu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6 milyard 695,3 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ticarət dövriyyəsinin 4 milyard 58,3 milyon dollarını və ya 60,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 637 milyon dollarını (39,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 421,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16 faiz, real ifadədə 15,8 faiz, o cümlədən idxal 32,9 faiz, ixrac isə 4,8 faiz azalıb. Cari ilin birinci rübündə qeyri-neft-qaz məhsullarının ixracı keçən ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 3,4 faiz artıb, real ifadədə isə 5,2 faiz azalaraq 429 milyon dollar olub.

İxracın 43,5 faizini İtaliyaya, 8,3 faizini Türkiyəyə, 6 faizini İsrailə, 4,5 faizini Yunanıstana, 4 faizini Hindistana, 3,4 faizini Çexiyaya, 3,3 faizini Rusiyaya, hər biri 2,8 faiz olmaqla Tunis və Portuqaliyaya, 2,5 faizini Gürcüstana, hər biri 2,3 faiz olmaqla Almaniya və Ukraynaya, 2,1 faizini Vyetnama, 2 faizini Avstriyaya, 10,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,3 faiz), Türkiyəyə (24,3 faiz), Gürcüstana (10 faiz), İsveçrəyə (9,5 faiz), Çinə (2,8 faiz), Ukraynaya (2,8 faiz), İtaliyaya (2,6 faiz), Qazaxıstana (1,8 faiz), İrana (1,7 faiz), ABŞ-a (1,4 faiz), Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 14,8 faizi Türkiyə, 13,4 faizi Çin, 10,7 faizi ABŞ, 5,2 faizi Almaniya, 4,5 faizi İtaliya, 3,8 faizi Ukrayna, 3 faizi İran, 2,2 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Yaponiya və Koreya, 1,7 faizi Türkmənistan, 1,5 faizi Fransa, 19,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.