İqtisadiyyat Nazirliyində kadr təyinatları aparılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə
Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı vardır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə
Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.
Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.
Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.
Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 39 yaşı vardır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə
Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.
Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 45 yaşı vardır.
Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı vardır.
Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı vardır.
Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı vardır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə
Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.
Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 41 yaşı vardır.
← Geriyə