15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət dəstəyi, ilk növbədə, iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib

Dünyada koronavirus artıq tibbi-bioloji problem çərçivəsindən çıxaraq bəşəriyyəti təhdid edir, çox ciddi iqtisadi, sosial, psixoloji və s. problemlər meydana çıxarır. Azərbaycanda pandemiya bir sıra ölkələrdə olduğu kimi, "qırmızı xətti" keçməsə də, ölkəmizi pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq və postpandemiya dövrünə yaxşı hazırlamaq məqsdilə xüsusi karantin qaydaları tətbiq olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstəyi, məşğulluq və sosial rifaha dəstəyi, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir. Mövzunu millət vəkili Əli Məsimli şərh edir.

Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. Birinci mərhələdə işlər üç əsas istiqamət- pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi və vergi stimullarının verilməsi üzrə həyata keçirilir. Pandemiyadan zərər çəkmiş dörd böyük sektor - sənaye, ticarət, turizm və nəqliyyat sektoru üzrə fəaliyyət istiqamətləri müəyyən edilib. Zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb. Artıq ödəmələrin həyata keçirilməsi üçün müraciətlər qəbul edilir. Sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması ilə bağlı proqram təminatı hazırlanıb və aprelin 8-dən istifadəyə verilib.

Əməkhaqqına dəstəklə bağlı ödəmələr 300 min nəfəri əhatə edəcək. Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və şirkətlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Proqram 42 min vergi ödəyicisini əhatə edir. Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən, əsas meyar orta aylıq əməkhaqqıdır. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür. Müəssisədə orta aylıq əməkhaqqından yuxarı maaş alan işçilərə dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

Bununla yanaşı, 300 min fərdi (mikro) sahibkar da dövlət dəstəyi ilə əhatə olunacaq. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.

Bu iki proqram 600 minə yaxın insanı əhatə edir. Bununla yanaşı, iqtisadi fəallığın qorunması məqsədilə sahibkarlara vergi stimulları da veriləcək. Həmin layihə üzərində işlər yekunlaşmaq üzrədir və yaxın günlərdə Milli Məclisin müzakirəsinə təqdim ediləcək. Biznes kreditlərinə dəstək proqramlarına isə əlavə olaraq 1,5 milyard manat ayrılıb. Bu dəstək tədbirləri, qəbul edilmiş son proqramlar, sahibkarlığa kredit-zəmanət mexanizmləri, vergi güzəştləri ilə bağlı qanunverici təşəbbüslər iqtisadi fəallığın qorunmasına yönəlib və ölkənin gələcək iqtisadi artımını təmin etmək üçün zəruri bazanı və elementləri əks etdirir. Koronavirus pandemiyasının yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq və ölkəmizi post-pandemiya dövrünə yaxşı hazırlamaq məqsədilə xüsusi karantin qaydalarının tətbiqi ilə yanaşı, iqtisadi və sosial proqramlar da həyata keçirilir.

Tədbirlər Planına kifayət qədər elmtutumlu və praktiki əhəmiyyət daşıyan bu iki proqram prizmasından yanaşdıqda, nəzərə alınması zəruri olan bir sıra məsələlər də var.

Birincisi, həyata keçirilməyə başlanılan antipandemiya tədbirlərində hədəflərə dolğun şəkildə nail olmaqdan ötrü, həm qısa və orta müddətli tədbirlərin effektiv kombinasiyasının, həm kompleks yanaşmanın, həm də həyata keçirilən bütün proqramların daxili məntiqi əlaqədə uzlaşdırılması, uçotun dəqiqləşdirilməsi, hesabatlılığın artırılması, tam şəffaflığın təmin olunması çox zəruridir.

İkincisi, işlənib hazırlanan və həyata keçirilməyə başlanılan proqramlar leqal sahibkarlıq subyektlərini əhatə edir. Azərbaycanda "kölgə iqtisadiyyatı"nın dairəsi geniş olduğundan, təbii surətdə bu proqramlar bütün sahibkarlıq subyektlərini və həmin qurumlarda çalışan işçiləri əhatə etmir. Son vaxtlar "kölgə iqtisadiyyatı"nın mümkün olan hissəsinin leqallaşdırılmağa başlanması, büdcəyə milyard manatlarla əlavə vəsaitin daxil olmasına gətirib çıxarıb. Bu, müsbət tendensiyadır və bununla yanaşı, "kölgə iqtisadiyyatı"nın leqallaşdırılması daha geniş planda həyata keçirilməli, bu iş sürətləndirilməli və antipandemiya tədbirlər paketlərində nəzərə alınmalıdır.

Üçüncüsü, sözügedən iki proqramda sahibkarlara kifayət qədər zəruri vergi güzəştlərinin edilməsi nəzərdə tutulur. Kreditlərə gəldikdə isə müvafiq proqramda göstərilib ki, sahibkarlara bundan sonra alacaqları kreditlərə görə güzəştlər olunacaq. Amma indiki vəziyyətdə aldıqları kreditləri ödəyə bilməyən sahibkarlara və əhali kateqoriyasına güzəştlər ətrafında hələ danışıqlar gedir. Sahibkarlara proqramda nəzərdə tutulduğundan əlavə, həm də mövcud biznes kreditlərinin ödənilmə müddətində tətil verilməsi kimi güzəştlərin də əlavə edilməsini, o cümlədən istehlak, ipoteka kredit borcları və faizlərin ödənilməsində bir neçə aylıq tətillərin verilməsini və digər güzəştlərin edilməsini, kredit ödəmələrinin gecikdirilməsinə görə tətbiq edilən sanksiyaların dayandırılmasını, bunun əvəzində isə dövlətin və Mərkəzi Bankın kommersiya banklarına müvafiq dəstəyi verməsini zəruri hesab edirik.

Dördüncüsü, dövlət dəstəyi proqramları, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına, iş yerlərinin saxlanılmasına və iqtisadi fəallığın qorunmasına yönəlib. Bunlar çox vacib məqamlardır və nəzərdə tutulan tədbirlərin keyfiyyətlə həyata keçirilməsi dövlət dəstəyinin əsas hədəflərinə müəyyən dərəcədə çatmağa imkan verəcək. Amma bu nikbin proqnozdur. Bundan əlavə, hökumətin əlində orta və bədbin ssenarilər də olmalı və hadisələr bədbin proqnozlara yön aldıqda, mümkün ssenarilər və vəziyyətdən az itki ilə çıxma reseptləri də olmalıdır.

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?