Dövlətin dəstəyindən sui-istifadəyə yol verilməyəcək
Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planına əsasən, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürüləcək. Bu məqsədlə, Elektron Vergi İdarəsində xüsusi bölmələr yaradılıb.
Vergi ödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün İnternet Vergi İdarəsindəki şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "fərdi sahibkarlara ödənişlər üzrə müraciət" altbölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdırlar. Sonra onlara "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.
Qeyd edək ki, fərdi sahibkarlara ümumilikdə 80 milyon manat həcmində dəstək göstərilməsi nəzərdə tutulub. Fərdi (mikro) sahibkarlara göstərilən maliyyə dəstəyinin minimum həddi 250, maksimum həddi 5.000 manatdır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.
Artıq fərdi sahibkarların pandemiyadan çəkdikləri zərərə görə dövlətdən dəstək almaq üçün müraciətlərinə start verilib. Fərdi sahibkarlar, yəni VÖEN şəhadətnaməsi alaraq fəaliyyət göstərən fiziki şəxslər üçün iki istiqamətdə yardım nəzərdə tutulub. Onlardan biri işçiləri olan fərdi sahibkarlara işçilərinin əmək haqlarının və məcburi sosial ayırmaların ödənilməsinə dəstək məqsədi daşıyır. Digəri isə işçisinin olub-olmamasından asılı olmayaraq fərdi sahibkarın özü üçün nəzərdə tutulub.
Bakı Hesabat Mərkəzinin direktoru, iqtisadçı ekspert Mehdi Babayev qeyd edib ki, fərdi sahibkarın öz fəaliyyətində işçi kimi qeydiyyatı mümkün deyildir. O, özü ayrıca bir şəxsdir - vergi ödəyicisidir və şəxs olaraq pandemiyadan zərər çəkirsə, yardım almaq üçün onun da haqqı vardır.
Dəstəkdən yararlanmaq məqsədilə fərdi sahibkarlar özləri üçün ayrı, işçiləri varsa, onlar üçün də ayrıca müraciət etməlidirlər. Əgər fərdi sahibkar özü üçün müraciət edərsə, eyni zamanda onun məhz mikro sahibkarlıq subyekti olması vacibdir: "Fərdi sahibkar kiçik və ya orta sahibkarlıq subyekti də ola bilər. Lakin dəstək Proqramında da daha çox "mikro sahibkarlar" ifadəsi qeyd edilib. Ona görə də özü üçün mikro sahibkarlıq statusunda olan fərdi sahibkarların müraciət etməsi tövsiyə olunur. İşçiləri üçün isə işçiləri olan bütün fərdi sahibkarlar (mikro, kiçik, orta və s.) müraciət edə bilər".
M.Babayev dövlət dəstəyindən yararlanmaq istəyən fərdi sahibkarları yaranan fürsətdən sui-istifadə hallarına yol verməməyə çağırıb: "Fərdi sahibkar bəzi məsələləri bilməlidir. Hər bir sahibkarın qeydiyyat məlumatı olaraq əsas fəaliyyət kodu vardır və əlavə fəaliyyət kodları da ola bilər. Fərdi sahibkar ilk növbədə, özünün bu dəstəyi almaq hüququnun olub-olmamasını yoxlamalı, zərər çəkən sahələr üzrə fəaliyyət göstərib-göstərməməsini müəyyənləşdirməlidir. Bunun üçün İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatı cədvəli yerləşdirilmişdir. Əgər fərdi (mikro) sahibkarın əsas fəaliyyət kodu və ya digər hər hansı fəaliyyət kodu həmin təsnifatdakı fəaliyyət kodlarından ən azı birinə uyğun gəlirsə, o halda müraciət edə bilər.
"Fərdi sahibkar çalışmalıdır ki, əsas fəaliyyət növü həmin kodlara uyğun olsun. Əgər həmin cədvəldə ona məxsus fəaliyyət kodu çıxmasa, bu o deməkdir ki, sahibkar fəaliyyətinə icazə verilən sahələrdə fəaliyyət göstərir və tam məhdudlaşdırılmış rejim ona tətbiq olunmur. Bir sözlə, pandemiyanın qarşısının alınması məqsədilə fəaliyyəti dayandırılan sahibkarlar bu dəstəkdən faydalanacaqlar. Həmçinin, elə ola bilər ki, fərdi sahibkar həqiqətən pandemiyadan zərər çəkmiş hər hansı bir fəaliyyət sahəsi ilə məşğul olsun, lakin səhlənkarlığı ucbatından qeydiyyat məlumatlarında fəaliyyət kodu tamamilə başqa cür göstərilsin. Belə halda, haqqı olan fərdi sahibkara imkan verilir ki, fəaliyyət kodunu aidiyyəti üzrə dəyişsin və sonra müraciət etsin. Pandemiyadan zərər çəkmiş hər hansı bir fəaliyyət sahəsi ilə faktiki olaraq məşğul olmayan fərdi sahibkarın isə qeydiyyat məlumatlarındakı fəaliyyət kodunu qəsdən yuxarıda göstərdiyimiz təsnifat cədvəlindəki kodlardan birinə dəyişərək sui-istifadə etməsi yolverilməzdir.
Müraciət zamanı məlumatlar düzgün əks etdirilməlidir. Əks halda, sahibkarlar üçün uyğunsuzluq yaranar və uyğunsuzluqlar bir sıra istiqamətlərdə özünü göstərə bilər".
M.Babayev qeyd edib ki, əvvəlki dövrlərdə müəyyən müddətə fəaliyyətini dayandırmış çoxlu sayda fərdi sahibkarlar vardır və bu sahikarlardan son aylarda fəaliyyətə başlayanlar bu dəstəkdən yararlana bilməyəcəklər. Faktiki fəaliyyət göstərmədiyi halda dəstəkdən yararlanmaq üçün fəaliyyətin aktivləşdirilməsi də yolverilməzdir.
Eyni zamanda, yardımdan daha çox yararlanmaq üçün müddətli formada işçilərin sayını süni surətdə artırmaq olmaz. Fəaliyyəti məhdudlaşdırılan sahələr üçün bu, uyğunsuz hal kimi qiymətləndiriləcək. Belə hallara yol verməklə dövlət dəstəyindən yararlanmaq istəyən mikro sahibkarlara verilən iş icazələrinin ləğv ediləcəyi də istisna deyil, çünki bunlar ziddiyyət təşkil edir: "Fərdi sahibkarlar bilməlidirlər ki, dəstək proqramı üzrə yardım almaq istəyirlərsə, karantin rejimi müddətində həm özlərinə, həm də işçilərinə iş icazəsi ilə bağlı müraciətləri cavabsız qalacaq. İndiyədək verilən icazələr isə ləğv oluna bilər. Mən istərdim ki, fərdi sahibkarlar bu məqamlara diqqət yetirsinlər".
M.Babayev regionlarda fəaliyyət göstərən bir çox fərdi sahibkarların çətinliklərini, onların xüsusən elektron qaydada müraciət edə bilmədiklərini də qeyd edib: "Regionlarda fəaliyyət göstərən fərdi sahibkarların əksəriyyəti elektron resurslardan, kompüter avadanlıqlarından az istifadə edir, bəziləri ümumiyyətlə istifadə etmir və ya edə bilmirlər. Bunun üçün onlara texniki yardım göstərilməlidir".
Fərqanə ALLAHVERDİQIZI