11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan qlobal pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirir

Ölkəmiz qlobal pandemiyaya qarşı mübarizə tədbirlərinin icrasını davam etdirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitki Ayaz Museyibovun şərhini təqdim edirik.

İqtisadi dəstək proqramının icrası

Bu il martın 19-da Prezident İlham Əliyev tərəfindən “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncam əslində qlobal pandemiyaya qarşı mübarizənin bütün hüquqi və normativ çərçivəsini formalaşdırmış oldu. Sözügedən sərəncamda nəzərdə tutulmuş tapşırıqların icrası çərçivəsində 4 əsas istiqamət üzrə İşçi qruplar formalaşdırıldı və pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sektorlarının, sahibkarlıq subyektlərinin və sadə vətəndaşların mənfi təsirlərdən qorunması üzrə müvafiq mexanizmlərin formalaşdırılmasına başlanıldı.

Aprelin 4-də isə Nazirlər Kabineti həmin Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq etdi. Qısa zaman ərzində müvafiq istiqamətlər üzrə işlər görüldü, aidiyyəti sahələr üzrə hesablama və araşdırılmalar aparılmaqla dəstək proqramının icrasına başlanıldı.

Belə ki, ilkin olaraq, koronavirus pandemiyasından zərərçəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına başlanıldı. Müəyyənləşdirilmiş mexanizmlər çərçivəsində müraciət qaydaları və vəsaitlərin köçürülməsi müəyyənləşdirildi, müraciətlərin qəbulu və maliyyə vəsaitlərinin köçürülməsinə başlanıldı. Qeyd edək ki, bu tədbirlər çərçivəsində sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi nəzərdə tutulur. Fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi təmin ediləcək. Artıq aidiyyəti dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinin müraciətlərinin asanlaşdırılması ilə bağlı xüsusi proqram təminatı hazırlanıb və istifadəyə verilib. Aprelin 9-dan başlayaraq 10853 muzdlu işçisi olan 1000-dən çox vergiödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

Tibbi və sosial dəstək tədbirləri

Pandemiyanın zərərlərinin minimuma endirilməsi üçün səhiyyə sisteminə dəstəyin göstərilməsi istiqamətində də tədbirlər davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2020-ci il 7 aprel tarixli Sərəncamı ilə tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması və bu məqsədlə 14,8 milyon manat büdcə vəsaitinin ayrılması təmin edildi. Əlavə olaraq, aprelin 9-da isə “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncamla pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün əlavə 97 milyon manat maliyyə vəsaiti ayrıldı. Həmçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərə və könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödənilməsi barədə qərar və səhiyyə işçilərinin əməkhaqlarının 5 dəfəyə yaxın artırlması barədə qərarlar qəbul olundu. Aprelin 7-də “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul edilməklə müvafiq mexanizmin işləmə forması müəyyənləşdirildi. Qeyd edək ki, ölkənin coğrafi regionları üzrə müəyyən olunmuş qrafikə uyğun olaraq müraciətlərin qəbulu və ödənişlərin keçirilməsinə başlanılıb. Bu vaxtadək 35 min işsiz şəxsə birdəfəlik ödəmənin verilməsi məqsədilə bank filiallarına və poçt şöbələrinə vəsaitlərin köçürülməsi təmin edilib. Digər regionlar üzrə də müvafiq müraciət prosedurları icra edildikcə ödənişlərin icrası davam etdiriləcək.

Kənd təsərrüfatı və aqrar sahəyə xüsusi dəstək tədbirləri davam etdirilir

2020-ci il 8 aprel tarixli “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı pandemiyanın vurduğu zərərlərdən kənd təsərüffatı sisteminin qorunması istiqamətində atılmış növbəti dəstək mexanizmidir. Belə ki, müvafiq dəyişikliklə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə aqrar sahədə kredit təminatların verilməsi mexanizmi formalaşdırıldı. Yeni dəyişikliklərin ən mühüm cəhətləri aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddətinin əlavə 1 il artırılması, kredit məbləğlərinin isə 3 dəfə artırılması imkanlarıdır. Digər tərəfdən, yeni mexanizm AKİA-nın vəsaitləri vasitəsilə verilmiş kreditlərin verilməsində banklara tətbiq olunan faiz dərəcəsi üzrə yuxarı limit təyin edir. Belə ki, AKİA qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının AKİA-nın kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalıdır. Xüsusilə də qaydada nəzərdə tutulmuş təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən AKİA tərəfindən qarşılanacaq ki, bu da bank risklərinin azalması və bu sahəyə daha çox maliyyə resurslarının ayrılmasına imkan yaradacaq.

Bu fərmanların verilməsi hazırkı şəraitdə kənd təsərrüfatı sahəsinə verilən kreditlərin ekspansiyasına səbəb olmaqla birlikdə, bank sisteminin müvafiq sahə üzrə risklərinin azalması, aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışının təmin edilməsinə də əsaslı imkan yaratmış oldu. Digər tərəfdən, müvafiq mexanizmlərin tətbiqi, kənd təsərrüfatı sisteminin və aqrar sahə iştirakçılarının stimullaşdırılmasıdır ki, bu da pandemiya dövründə ölkə üçün əhəmiyyəti xüsusilə artan qida və ərzaq təhlükəsizliyinin təmin edilməsinə də öz töhfəsini verəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?