3 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Koronavirus və banklar...

2020-ci ilin əvvəllərində koronavirus (COVİD-19) infeksiyasının yayılması müxtəlif ölkələrdə əhalinin sağlamlığı ilə bağlı risklər yaratdı, dünyanın iqtisadi-siyasi həyatında ciddi dəyişikliklərə yol açaraq iqtisadiyyatın bütün sektorlarına öz təsirini göstərdi. Turizm sektorunun çətin vəziyyətə düşməsi, neft qiymətlərinin enməsi, dünya üzrə həm istehsal, həm də istehlak həcminin azalması iqtisadiyyatı tamamilə fərqli bir vəziyyətə gətirdi. Əlbəttə, bu faktorların iqtisadiyyatın qan damarları hesab edilən bank sektoruna da öz təsirini göstərməsi qaçılmazdır. Mövzunu bank mütəxəssisi Bəxtiyar Məmmədov şərh edir.

Nə baş verib?

2020-ci ilin gəlişi ilə Çindən yayılmağa başlayan COVİD-19 infeksiyası zaman keçdikcə dünyanın əksər ölkələrinə yayıldı. İnsan ölümləri, iqtisadiyyatda geriləmələr, sərhədlərin bağlanması, karantin rejimləri sözsüz ki iqtisadiyyata mənfi təsir etməyə bilməzdi. Önləyici tədbirləri həyata keçirməkdə bir qədər gecikən ölkələr daha çətin vəziyyətə düşdülər.

Cari vəziyyət

Vəziyyətə iqtisadi tərəfdən baxaraq ölkədə atılmış addımlar üzrə təhlil aparsaq, görülən işlərin əhatəsinin geniş olduğunu görərik. İlk öncə neft qiymətlərinin enməsi fonunda manata olan təzyiq bir qədər yüksəldi, əhalinin müəyyən hissəsi dərhal özlərində olan vəsaitləri xarici valyutaya çevirməyə başladı. Lakin peşəkar şəkildə təşkil edilmiş mexanizmlər - bankların valyutaya olan tələbinin vaxtında qarşılanması, sui-istifadə hallarının qarşısının alınması manatın məzənnəsi ilə bağlı müəyyən insanlarda yaranmış ajiotajı dayandırdı. Fikrimcə, bu, əldə edilməli olan nəticələrdən ən vacibi idi. Hazırda iqtisadiyyatın stabil qalması üçün müvafiq tədbirlər həyata keçirilməkdədir. Bank sektoruna koronavirus infeksiyasının mümkün mənfi təsirlərini nəzərdən keçirək:

1. Karantin rejimi ilə əlaqədar olaraq bir sıra iş yerlərində, xüsusilə turizm sektorunda, xidmət, ticarət sektorunun bir çox hissələrində fəaliyyətin dayanması həmin sahibkarların işində müəyyən çətinliklər yaradacaqdır. Sahibkarın çətinliyinin yaranması isə onun bank sektorunda olan kredit borclarının ödənilməsində müəyyən gecikmələrə səbəb ola bilər ki, bu da müvəqqəti də olsa, bankların kredit portfelində gecikmiş ödənişlərin həcmini bir qədər artıra bilər. Düşünürəm ki, banklar həssas bir dövrdə sahibkarlarla qarşılıqlı müzakirələr aparmalı, mümkün qarşılıqlı kompromislər əldə edilməlidir.

2. Dünya üzrə, o cümlədən ölkə daxilində istehsal və istehlakın azalması bir sıra maliyyə əməliyyatlarının da azalmasına səbəb ola bilər ki, bu da bankların əməliyyat gəlirlərinə müəyyən qədər təsir edə bilər.

3. Bankların mövcud işçi potensialı daha böyük yükü qaldırmağa hazırkən bir sıra sektorlarda olan müvəqqəti dayanma halı bank sektorunda bir işçiyə düşən iş yükünün azalmasına, bu isə öz növbəsində hər işçi üzrə effektivliyin azalmasına, əməliyyatların maya dəyərinin yüksəlməsinə öz təsirini göstərə bilər.

4. Sahibkarların yeni biznes yatırımları etmələri iqtisadi və psixoloji faktorlardan qaynaqlanan ertələnməsi kimi hallar kredit portfelinin genişlənməsi imkanlarını azalda bilər.

Düşünürəm ki, banklar bu dövrdə sosial məsuliyyətlərini qəbul edərək, ilk növbədə, cəmiyyətin sağlamlığını düşünməli, xidməti karantin rejiminin tələblərinə uyğun şəkildə təşkil etməlidirlər. Sahibkarlar və əhali ilə müəyyən kompromislər əldə edilməlidir, bura müəyyən güzəştli şərtlər də daxil edilə bilər. Məsafədən xidmət təşviq edilməli, insanlar bank xidmətlərinin distant şəkildə əldə edilməsinə üstünlük verməlidirlər. Bu gün ölkədə, demək olar ki, bütün bankların məsafədən xidmət imkanları var. Yalnız xüsusi hallarda banklara gəlməyə ehtiyac yaranır ki, bunlar da əsasən nağd vəsaitlərlə bağlı olan irihəcmli əməliyyatlarla bağlıdır. Ölkədə elektron xidmətlərin - hökumət ödəniş portalı, elektron hökumət portalı, elektron imza, ASAN imza, ödəmə terminalları və infrastrukturun bu kimi elementlərinin vaxtında hazırlanmış olması bu gün, əslində, bank sektorunu ciddi çətinlikdən xilas etmişdir. Gələcəkdə xarici ticarət müqavilələri üzrə mərkəzləşmiş reyestrin yaradılması, imzalanmış bütün müqavilələrin həmin reyestrdə öz əksini tapması da bank sektorunda beynəlxalq köçürmələrin daha effektiv təşkilinə, nəzarət mexanizmlərinin daha da sadələşməsinə səbəb ola bilər.

Koronavirus infeksiyasının gətirdiyi digər iqtisadi, texnoloji şəraiti təsvir etsək aşağıdakı mənzərəni görərik:

1. Yaxın vaxtlaradək ölkədə bank sektorunda məsafədən xidmətin əhatə dairəsinin böyüklüyü bankın əlavə imkanı və üstünlüyü hesab edilirdisə, bu gündən sonra bu imkan müştərinin həmin bankı seçərək ondan xidmət alması üçün ilkin şərt olacaqdır.

2. Məsafədən xidmətin hətta karantin dövrünün uzun müddət davam etməyəcəyi halda da daha geniş vüsət alması qaçılmazdır, çünki artıq bu cür xidmətə müəyyən müddət ərzində alışmış müştəri banka getmək istəməyəcək, bütün xidmətləri tam şəkildə olduğu yerdən əldə etməyə meyilli olacaqdır. Bu da öz növbəsində bankların distant xidmət istiqamətində inkişafına təkan verəcəkdir.

3. Rəqəmsallaşma meyilləri daha da güclənəcək, müəyyən müddətdən sonra əməliyyat xərcləri daha da aşağı düşəcək ki, bu da müştərilərə daha sərfəli komissiyalar qarşılığında xidmət göstərilməsini mümkün edəcəkdir.

4. Banklar öz əməkdaşları üçün distant iş şəraiti yaratmış olacaq, karantin dövründə bunu artıq bir dəfə sınaqdan keçirmiş olduqları üçün bir növ distant iş adiləşəcək, post-koronavirus dövründə distant iş yerləri təklifi də artacaqdır.

İnformasiya təhlükəsizliyi

Distan iş, məsafədən xidmətin həcminin artması bankların informasiya təhlükəsizliyini daha etibarlı təşkil etməsini qaçılmaz edir. Banklar mütləq şəkildə informasiya təhlükəsizliyi üzrə əlavə tədbirlər həyata keçirməli olacaq: həm informasiya təhlükəsizliyi istiqamətində investisiyaları artırmaq zərurəti yaranacaq, həm də kadr potensialına yaranmış tələbin qarşılanması üçün təhsil müəssisələri ilə birlikdə fəaliyyət göstərməli olacaqlar.

Burada bir məqamı xüsusilə vurğulamaq istərdim ki, bu gün informasiya təhlükəsizliyi və informasiya təhlükəsizliyinin bir qolu olan kibertəhlükəsizlik istiqamətində əsas çətinliklərdən biri ölkədə kadr çatışmazlığıdır. Düşünürəm ki, əmək bazarında informasiya təhlükəsizliyi ixtisasına tələbin yüksəlməsi bu tələbə uyğun kadr potensialının hazırlanması istiqamətində biznes və təhsil sektorunun birgə fəaliyyətini labüd edəcəkdir.

İnformasiya təhlükəsizliyinin təşkili düzgün təhlil, strategiya, siyasət, risklərə adekvat şəkildə yaradılmış nəzarət mexanizmləri və texnoloji alətlərdən başlayır. İnformasiya təhlükəsizliyi üzrə strategiya mütləq qaydada bankın biznesi ilə qarşılıqlı uzlaşdırılmaqla hazırlanmalıdır. Bəzən informasiya təhlükəsizliyinin təşkili zamanı ehtiyaclar əsaslı təhlil edilmədən yanlış olaraq böyük xərclər tələb edən avadanlıqlar əldə edilir, investisiyalar həyata keçirilir, lakin riskə məruz dəyər nəzərə alınmadığı üçün investisiya qeyri-effektiv olur, obrazlı desək, bank bir stəkan süd əldə etmək üçün bir inək almış olur. Banklar bu məsələni nəzarətdə saxlamaq üçün spesifik sahə olan informasiya təhlükəsizlinin idarə edilməsi üzrə kadrların seçilməsinə, yaxud adekvat şəxslərdən (avadanlıq satışında marağı olmayan) konsaltinq xidməti əldə edilməsinə xüsusi önəm verməlidirlər. Bəzən kibertəhlükəsizlik üzrə bilik və təcrübəyə sahib mütəxəssis işə qəbul edilir və heç bir təlim keçmədən, bacarıqlarını inkişaf etdirmədən informasiya təhlükəsizliyinin idarə edilməsi ona həvalə edilir. Bu isə, zamanla idarəetmədə yanlışlara, ehtiyac olmayan izafi xərclərə, informasiya təhlükəsizliyi strategiyasının bizneslə uzlaşmamasına və investisiyaların səmərəsizliyinə səbəb olur. Buna görə də kadr seçimi kifayət qədər ciddi məsələ hesab edilməli, kadr seçimindən sonra isə güclü bir bünövrə (təhlil, strategiya, siyasət) hazırlanmalı və bütün inkişaf strategiyaya uyğun, mərhələli şəkildə həyata keçirilməlidir.

Bankların həcmindən, icra etdikləri əməliyyatlardan, ən əsası, bankın fəaliyyəti zamanı yaranan riskə məruz dəyərdən asılı olaraq onun informasiya təhlükəsizliyi üzrə atacağı addımlar müəyyən edilməlidir. İnformasiya təhlükəsizliyinə tələb bankın ölçüsü və əməliyyatlarından asılı olaraq dəyişə bilər. Daha aydın desək, 1.000 manatlıq riski qarşılamaq üçün 1.500 manatlıq xərcin çəkilməsi bank üçün adekvat bir müdafiə hesab edilə bilməz, əksinə, 1.000 manatlıq riskdən qoruyacaq xərc mütləq 1.000 manatdan aşağı olmalıdır.

Proqnoz

Koronavirus infeksiyasının nə vaxtadək davam etməsi, bu dövrdə iqtisadiyyatın necə dəyişəcəyi və s. bu kimi məsələlərlə bağlı müxtəlif proqnozlar mövcuddur. Lakin hər şey dəqiq proqnozlaşdırıla bilən deyil, cəmiyyətin qorunması və inkişaf etməsi üçün hər bir fərd əlindən gələni etməli və hadisələrin gedişatına uyğun şəkildə imkanlarını səfərbər etməlidir. Düşünürəm ki, hazırkı vəziyyətdə dünya dövlətlərinin atdığı addımlar, həmçinin ölkə daxilində həyata keçirilmiş tədbirlər bütün çətinliklərin tezliklə aradan qaldırılmasına imkan verəcək və minimum itkilərlə post-koronavirus dövrü başlayacaqdır. Qarşıdakı dövr isə yeni texnologiyalara daha çox əsaslanan yeni nəslin tələbləri ilə uzlaşmaq məcburiyyəti yaradan, yeni imkanlar vəd edən dövr olacaqdır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?