Şəffaf fəaliyyət göstərən sahibkarlar birbaşa dəstəkdən istifadə edə biləcəklər
Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrup hazırda sahibkarlara, işəgötürənlərə dəstək mexanizmləri və iqtisadi artımın davamlılığının təmin olunması üçün təkliflər hazırlayır. Özəl sektorun sosial məsuliyyəti bölüşməsi istiqamətdə sahibkarlara dəstək tədbirləri müəyyənləşdirməklə yanaşı, onlara əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunub.
Millət vəkili Vüqar Bayramov koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirlərinin minimallaşdırılması ilə bağlı hökumətin iki istiqamətdə tədbirlər gördüyünü vurğulayıb. Bildirib ki, aparılan fəaliyyətlər bir tərəfdən sahibkarlıq subyektlərinə dəyən ziyanın ödənilməsi ilə bağlı birbaşa maliyyə yardımlarının həyata keçirilməsi, digər tərəfdən isə dəstək paketinin təqdim olunması formasında həyata keçiriləcək: "Ölkə Prezidentinin təşəbbüsü ilə koronavirus pandemiyasının təsirlərinin azaldılması məqsədilə Nazirlər Kabinetinə ayrılmış 1 milyard manatın digər tədbirlərlə yanaşı, sahibkarlara dəyən ziyanın azaldılması üçün istifadə ediləcəyi gözlənilir".
Yeni yaradılan İşçi Qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib.
V.Bayramov qeyd edib ki, öncə həmin sahələrə dəstəyin göstərilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinə ayrılan vəsait hesabına sahibkarlara dəyən ziyanın azaldılması ilə bağlı yardım göstəriləcək: "Bu zaman, təbii ki, bir neçə meyar nəzərə alınacaq. Düşünürəm ki, nümunəvi sahibkarlar, şəffaf fəaliyyət göstərən, eyni zamanda vergi və digər məcburi öhdəlikləri vaxtında yerinə yetirən sahibkarlar birbaşa dəstəkdən istifadə edə biləcəklər. Eyni zamanda, koronavirusun təsirlərinin gücləndiyi hazırkı həssas dönəmdə bir çox sahibkarlar korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq işçilərini ixtisar etməyiblər, əməkhaqqı fondunu kəskin azaltmayıblar, sosial öhdəlikləri yerinə yetiriblər. Onlar da təbii ki, birbaşa yardımdan istifadə etmək imkanı qazanacaqlar".
V.Bayramov milli iqtisadiyyata dəstək məqsədilə ikinci istiqamət kimi müəyyən sahələrdə fərqli güzəştlərin verilməsinin müzakirə olunduğunu da vurğulayıb. Onların sırasında müəyyən müddət üçün vergi güzəştlərinin tətbiq olunması da nəzərdə tutulub: "Yalnız sahibkarlara deyil, muzdla çalışan vətəndaşlarımıza da bu cür güzəştlərin tətbiq olunmasını təklif edirik. Müzakirələrdə də bu məqam önə çəkilir. İşçi Qrupun fəaliyyət istiqamətlərindən biri də məşğulluq və sosial təminatla bağlıdır. Bu, onu deməyə əsas verir ki, vətəndaşlara dəyən mənfi təsirlərin minimumlaşdırılması ilə bağlı tədbirlər həyata keçiriləcək".
V.Bayramov sahibkarlara, bizneslə məşğul olan fiziki şəxslərə aşağı faizli kreditlər əldə etmək imkanlarının artırılmasının da müzakirə mövzusu olduğunu qeyd edib. Xüsusilə, koronavirus pandemiyasından sonrakı dövrdə müəssisələr üçün yeni imkanlar yaranacağı gözlənilir: "Adətən, böhrandan sonrakı dövrdə biznes üçün yeni imkanlar yaranır. Bu, eyni zamanda, istehlakçıların xərclərinin artması formasında özünü göstərir. Bu baxımdan aşağı faizli kreditlər sahibkarların, xüsusən də postböhran dövründə fəaliyyətlərini genişləndirməsi üçün imkan yarada bilər. Ona görə də indiki şəraitdə kredit ödənişləri ilə bağlı həm sahibkarlara, həm fiziki şəxslərə 3 ay müddətində güzəştlərin verilməsini təklif edirik".
Təkliflərdə ödəniş edə bilməyən sahibkarlara 3 ay müddətində cərimə və faizlərin hesablanmasının dayandırılmasının önə çəkildiyini deyən millət vəkili xatırladıb ki, Dünya Bankı ölkələrə belə güzəştlərin verilməsi ilə bağlı çağırış edib. Bəzi ölkələrdə artıq bu güzəştlər təqdim olunmaqdadır. Bu baxımdan Azərbaycanda da oxşar təcrübədən istifadə edilməsi məqsədəuyğun olardı.
V.Bayramovun sözlərinə görə, təkliflər paketi kifayət qədər geniş dəstək formalarını özündə ehtiva edir. Xüsusən, Nazirlər Kabinetinin proseslərə çevik reaksiyası ondan xəbər verir ki, koronavirusun mənfi təsirlərinin minimallaşdırılması ilə bağlı hökumətin sahibkarlara kompleks dəstəyi həyata keçiriləcək.
Fərqanə ALLAHVERDİQIZI