4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunub

Fevralın 18-də Bakı Biznes Mərkəzində "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla görüş keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, "AzerGold" QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Türkiyə və Özbəkistanın qiymətli metallar üzrə ixtisaslaşmış strukturlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda qeyri-neft sektorunun davamlı və sürətli inkişafının dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən olduğunu vurğulayaraq, dağ-mədən sənayesinin inkişafının ölkə iqtisadiyyatının şaxələndirilməsinin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə dəyər zəncirinin yaradılması perspektivlərini diqqətə çatdırıb. İqtisadiyyat naziri zərgərlik sənayesində islahatların aparılmasının və əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat-logistika infrastrukturuna malik Azərbaycanın bu sahədə regional mərkəzə çevrilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Ölkəmizdə əlvan metallar, o cümlədən qızıl hasilatı sahəsində böyük potensialı diqqətə çatdıran İqtisadiyyat naziri beynəlxalq təcrübədən geniş istifadənin, stimullaşdırıcı tədbirlərin, şəffaf tənzimləmə siyasətinin həyata keçirilməsinin zərgərlik sənayesinin inkişafında, “kölgə iqtisadiyyatı”nın daha da azalmasında əhəmiyyətli olacağını vurğulayıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək, qiymətli metalların idxal-ixrac prosedurları və müvafiq gömrük qanunvericiliyi barədə məlumat verib. Zərgərlik sahəsinin inkişafı üçün dövlət-biznes dialoqunun aparılmasının, mövcud çətinliklərin müzakirəsinin önəmini vurğulayan DGK sədri ölkəmizdə zərgərlik ənənələrinin bərpası və milli sənətkarlığın inkişafı istiqamətində addımların atılımasının əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın zəngin zərgərlik ənənələrinə malik olduğunu vurğulayan "AzerGold" QSC-nin sədri Zakir İbrahimov ölkəmizdə zərgərlik bazarının inkişaf etdirilməsi imkanları, həmçinin bazar iştirakçılarının rəqabətədavamlı fəaliyyətinə təsir edən amillər barədə fikirlərini bölüşüb. QSC sədri Azərbaycan qızılı və gümüşündən hazırlanan məhsulların ötən ilin fevral ayından pərakəndə satış bazarına çıxarıldığını bildirib, mövcud problemlərin həllinin bazarın şəffaflaşmasına, qeyri-neft sektorunda zərgərlik sahəsinin rolunun artmasına, ümumilikdə iqtisadi inkişafa töhfələr verəcəyini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov zərgərlik bazarında fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyəti, bu sahədə biznesin qarşılaşdığı məsələlərə toxunaraq, sahənin inkişafı ilə bağlı təkliflərini səsləndirib.

Tədbirdə Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi "Darphane və Damğa" Mətbəəsinin Baş direktorunun müavini Ahmet Güven Pado "Əyar evlərinə lisenziyaların verilməsi, standartların müəyyənləşdirilməsi, qiymətli metalların laboratoriya təhlilləri", "Özbəkzərgərsanoati" Assosiasiyası sədrinin müavini Nodir Mirahmedov "Özbəkistanda zərgərlik sənayesinin inkişafı, əyar nəzarətinin əhəmiyyəti", Amerika Gemoloji İnstitutunun akkreditə olunmuş zərgəri, "RƏSM Jewellery" brendinin təsisçisi Rəsminə Qürbətova "Azərbaycan zərgərlik məmulatlarının ixrac imkanları", Rəssamlıq Akademiyasının dosenti, Rəssamlar İttifaqının üzvü, zərgər-dizayner Şahin Əlipənahov "Zərgərlik ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi" mövzularında çıxış ediblər.

Tədbir çərçivəsində zərgərlik sənayesinin gələcək inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb, bu sahədə islahatların həyata keçirilməsi üçün təkliflər planının hazırlanması üzrə işçi qrupunun yaradılması qərara alınıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması