Gəlirlər ağardılmasa vətəndaşlar gələcəkdə pensiya, işsizlikdən sığorta ödənişlərindən məhrum olacaqlar
Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamına əsasən, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri indeksləşdirilərək 16,6 faiz artırılıb. Müsahibimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin müdiri Babək Hüseynovdur.
- Babək müəllim, son bir ildə ölkəmizdə sosial sahədə aparılan islahatlarn ümumi mənzərəsini necə təsvir etmək mümkündür?
- 2019-cu il ərzində yaşa görə əmək pensiyasınn orta məbləği 15 faiz artaraq 295 manata çatıb. Ümumilikdə isə respublika üzrə orta pensiya məbləği 262 manata çatıb. Son indeksasiyadan sonra yaşa görə orta pensiya məbləği 344 manata çatacaq. Bu da ötən illərlə müqayisədə kifayət qədər böyük məbləğdir.
Ümumiyyətlə, 2019-cu il sosial sahədə böyük islahatlar ili kimi yadda qaldı. 2019-cu ilin yanvar ayında şəhid ailələrinə və Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan şəxslərin ailə üzvlərinə verilən Prezident təqaüdlərinin məbləği artırıldı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan, itkin düşən və itkin düşərək ölmüş elan edilən hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarına verilən 11 min manat məbləğində birdəfəlik ödəmənin əhatə dairəsi genişləndirildi.
Əvvəl həmin kateqoriyaya aid 9 min nəfərdən bir qədər artıq şəxsin ailə üzvlərinə müavinətin verilməsi nəzərdə tutulmuşdu, dəyişiklikdən sonra onların sayı 12 min 300 nəfərə çatdı. Artıq həmin fərmanın icrası 98 faiz həyata keçirilib. 300 nəfərədək şəhid ailəsindən isə hələ müraciət qeydə alınmayıb. Bu da onların istəyindən asılıdır.
Ötən il fevral-mart aylarında pensiyaların minimum məbləği ilkin olaraq artırıldı. Minimum əməkhaqqı isə il ərzində 2 dəfə artırıldı.
Ötən il təsis edilən daha bir təqaüd birinci dərəcəli əlilliyi olan
şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşına
çatmamış uşaqlara qulluq edən şəxslərə təyin edildi
Bundan əlavə, 2019-cu ilin 1-ci yarısında problemli kreditlərlə bağlı müvafiq qanunvericilik aktı imzalandı. Bu da minlərlə insana həmin kreditləri ödəməyə kömək etdi. Məcburi köçkünlərə verilən müavinətlərin, tələbə təqaüdlərinin məbləği artırıldı. Ən əsas qərar isə 2019-cu ilin aprel ayında verildi. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən, demək olar ki, bütün növ müavinətlərin, Prezident təqaüdlərinin məbləğləri orta hesabla 2 dəfə artırıldı.
Sosial müavinətlər əhalinin həssas kateqoriyasına verilən dövlət yardımıdır. Sosial müavinət alanların böyük əksəriyyəti əlilliyi olan şəxslərdir. Həmin artımlar ümumilikdə 570 mindən çox vətəndaşa şamil edildi ki, onların da 370 min nəfərə qədəri əlilliyi olan şəxslərdir. İki yeni növ təqaüd təsis edildi. Məqsəd yalnız müavinətlərin məbləğinin artırılması deyildi, qanunvericilikdə təkmilləşmə aparıldı və unifikasiya həyata keçirildi. Ötən ilin aprelinədək müharibə səbəbindən əlilliyi olan şəxslər və 1990-cı il yanvar hadisələri səbəbindən əlilliyi olan şəxslərə ayrı-ayrı fərmanlarla Prezident təqaüdü təyin edilib ödənilirdi, unifikasiyadan sonra isə onlar vahid fərmanda birləşdirildi.
Əvvəllər işləməyən dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışmayan müharibə veteranlarına 55 manat məbləğində müavinət, əmək pensiyası alan müharibə veteranlarına isə əlavələr ödənilirdi. Bəzi veteranlar, əsasən, hərbçilər xüsusi rütbəli şəxs kimi pensiya aldığından bu əlavəni ala bilmirdilər. Prezident İlham Əliyevin təşəbbüsü ilə müharibə iştirakçılarını fərqləndirmək məqsədilə onlar üçün yeni Prezident təqaüdü təsis edildi və 80 manat məbləğ müəyyən edildi. Ötən il təsis edilən daha bir təqaüd birinci dərəcəli əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşına çatmamış uşaqlara qulluq edən şəxslərə təyin edildi. 50 manat məbləğində bu təqaüd ümumilikdə 120 min nəfərdən çox şəxsə şamil olunub.
Minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB dövlətləri
arasında 2-ci yerdə, pensiyanın minimum məbləğinə görə isə 1-ci yerdədir
İyun ayında müxtəlif fərmanlarla bir çox sahələrdə çalışan insanların əmək haqları artırıldı. Burada artımlar 20-100 faiz arasında oldu və 2019-cu il sentyabrın 1-dən qüvvəyə mindi. Buna əsasən, dövlət qulluqçularının, xüsusi rütbəli şəxslərin, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırıldı.
Xüsusi rütbəli şəxslərin içərisində əmək pensiyası alanların pensiya məbləğlərinin artımı məhz onların əməkhaqqına bağlı olduğundan bu kateqoriyadan olan şəxslərin pensiyaları da artdı.
Sentyabr-oktyabr aylarında il ərzində pensiyanın minimum məbləği 2-ci dəfə artırılaraq 200 manata, minimum əməkhaqqının məbləği isə 250 manata çatdırıldı. Bununla da minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB dövlətləri arasında 2-ci yerdə, pensiyanın minimum məbləğinə görə isə 1-ci yerdədir.
- Ötən il "Sosial münavinətlər haqqında" Qanunda da dəyişikliklər edildi və yeniliklər 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Burada nələr dəyişib?
- Dəyişikliklərin iki məqsədi vardı. Birincisi, qanunvericiliyin təkmilləşdirilməsi, digəri isə həssas əhali kateqoriyasına aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi.
2006-cı ildə "Əmək pensiyaları haqqında" və "Sosial müavintlər haqqında" qanunlar qəbul edilib. Həmin tarixə yaşa görə sosial müavinət almaq daha çətin idi. Yaşa görə sosial müavinət almaq hüququ yaşa görə əmək pensiyası almaq hüququndan 5 il gec yaranırdı. Bu, insanların əmək bazarında iştirakını stimullaşdırmaq məqsədi daşıyırdı. Sonra əmək pensiyalarının qanunvericilik bazasında dəyişikliklər ediləndə yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi artırıldı, yaşa görə sosial müavinətin yaş həddi isə dəyişdirilmədi. 2019-cu il yanvarın 1-i tarixinə kişilərin yaşa görə sosial müavinət almaq üçün yaş həddi 67 yaş, qadınların isə 62 idi. Hazırda kişilər üçün əmək pensiyasına çıxmaq yaşı 64,5, qadınlar üçün isə 61,5-dir. Bu hüququ olmayan şəxsə yaşa görə sosial müavinət ayrılır. Güzəştli şərtlərlə yaşa görə müavinətlərdə də yaş həddi əmək pensiyası normaları ilə eyniləşdirilib.
Hazırda kişilər üçün əmək pensiyasına çıxmaq yaşı 64,5, qadınlar üçün isə 61,5-dir
- Bu eyniləşdirmənin məqsədi nədir?
- Bu gün biz vətəndaşların aktiv əmək bazarında iştirakını, fəal yaşlanmanı təşviq edirik. İnsanların əmək bazarından çıxmaması üçün müxtəlif alətlərdən istifadə edirik. Qanunvericilik isə bu yanaşmanı təkzib edirdi. Bu uyğunsuzluğu aradan qaldırmaq məqsədilə təkmilləşdirmə aparıldı. Yaşa görə müavinət almaq hüququ olan vətəndaşlar üçün daha erkən sosial müavinət almaq hüququ tanındı. Dəyişiklikdə yer alan digər iki məqam isə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. "Sosial müavinətlər haqqında" Qanuna əsasən, şəxsin bir neçə növ sosial müavinət almaq hüququ varsa, o, bunlardan yalnız birini seçə bilər. Məsələn, əvvəlki qanunvericiliyə əsasən, həm sağlamlıq imkanları məhdud olan, həm də ailə başçısını itirən uşaq bu iki müavinətdən birini seçə bilərdi. Sağlamlıq imkanları məhdud olan uşaqlara verilən müavinətin məbləği (150 manat) ailə başçısını itirdiyinə görə təyin edilən müavinətdən (80 manat) yuxarı olduğuna görə hamı birincini seçirdi.
Vergilər, sosial sığorta ödənişləri vaxtında və tam həyata
keçirilməlidir ki, vətəndaşları gələcəkdə pensiya təminatından,
işsizlikdən sığorta ödənişlərindən məhrum olmasınlar
Bunların ayrı-ayrı hüquqlar olduğunu nəzərə alınaraq qanunvericilikdə dəyişiklik edildi. İndiki şərtlərə görə, sağlamlıq imkanları məhdud olan uşaq həm də ailə başçısını itiribsə, ona hər iki müavinət ödəniləcək. Qanunvericilikdə edilən daha bir sosial müdafiə xarakterli dəyişiklik isə ailə başçısını itirməyə görə təyin edilən pensiya və müavinətin seçim hüququnun verilməsidir. Qeyd edim ki, əvvəl ailələrin belə seçimi yox idi. Bu ildən ailə başçısı vəfat etdikdə digər ailə üzvünə düşən əmək pensiyasının məbləği sosial müavinətin məbləğindən az olarsa, bu zaman o, ikincini seçə biləcək.
- Sosial sığorta sisteminin inkişaf etdirilməsi üçün əhali arasında hansı işlərin görülməsi zəruridir?
- Sosial sığorta sistemi dünya təcrübəsində bir çox ölkələrdə uğurla tətbiq edilir. Biz sosial sığorta prinsipini gücləndirməliyik. Vətəndaşlarımızı qeyri-rəsmi məşğulluqdan əl çəkib əmək müqaviləsi bağlamağa çağırmalıyıq. İnsanları öz gəlirlərini rəsmi şəkildə əldə etmək istiqamətində maarifləndirməliyik. Vergilər, sosial sığorta ödənişləri vaxtında və tam həyata keçirilməlidir ki, vətəndaşlar gələcəkdə pensiya təminatından, işsizlikdən sığorta ödənişlərindən məhrum olmasınlar. Gəlirlər ağardılmasa, vətəndaşlar gələcəkdə baş verə biləcək peşə xəstəliklərinə görə, istehsalat xəsarətlərinə görə sığorta pulu ala bilməzlər, icbari tibbi sığortadan kənarda qalarlar. Bunlara yol verməmək üçün sığorta prinsipi gücləndirilməlidir.
Fərqanə ALLAHVERDİQIZI