8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlk KOB Evi sahibkarların xidmətində

Fevralın 7-də Xaçmazda ilk Kiçik və Orta Biznes Evi (KOB Evi) istifadəyə verilib. Bununla bağlı müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılmasının, xüsusilə kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı kiçik və orta sahibkarlığın inkişafı, həmçinin orta müddətli dövrdə ÜDM-in əsas hissəsinin bu sektorun hesabına formalaşması, məşğulluğun təmin olunmasında payının artırılması kimi yeni hədəflər müəyyən edib. Xaçmazda KOB Evinin və KOB İnkişaf Mərkəzinin yaradılması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarların xidmətlərə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından əlverişli platformadır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev KOB Evinin Xaçmazda və ətraf rayonlarda sahibkarların işini asanlaşdıracağını, kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdıracağını, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasında əhəmiyyətini qeyd edib.

Sonra təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB Evinin biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalara əsaslanan dövlət-biznes (“G2B”) və biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkan olduğunu diqqətə çatdırıb. Məlumat verilib ki, KOB Evində sahibkarlara startap layihələrinə başlanılması, biznes və marketinq planlarının hazırlanması, biznes biliklərin artırılması, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziyaların alınması, maliyyə resurslarına çıxış, mühasibat uçotunun aparılması, idxal-ixrac rəsmiləşdirilməsi, logistika və infrastruktur şəbəkələrinə, daxili və xarici bazarlara çıxış, ixracın təşviqi və digər istiqamətlərdə dəstək göstəriləcək. Ümumilikdə, KOB Evində ilkin mərhələdə 200-ə yaxın “G2B” və 100-dək “B2B” xidmətlər təqdim olunacaq. Burada xidməti ofislər, görüş və konfrans zalları da fəaliyyət göstərəcək.

KOB İnkişaf Mərkəzi isə mikro, kiçik və orta sahibkarların biznes ideyalarının reallaşmasını çoxsaylı məsləhət və təlim xidmətləri ilə dəstəkləyəcəkdir.

Tədbirdə çıxış edən sahibkarlar KOB Evinin onların fəaliyyətində rolunu vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra KOB Evinin və KOBİA-nın fəaliyyətinə dair filmlər nümayiş olunub.

Həmin gün Xaçmaz KOB Evində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə keçirilmiş iclasda Şuranın üzvləri - vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti iştirak ediblər.

İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2019-cu ildəki fəaliyyəti və 2020-ci ildə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, müzakirələr aparılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?