19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2019-cu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

Yanvarın 16-da Bakı Biznes Mərkəzində 2019-cu ilin yekunları və İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2019-cu il ölkə iqtisadiyyatında islahatların davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi istqamətində genişmiqyaslı tədbirlərin görülməsi ilə müşayiət olunub. Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qeyri-neft özəl sektorun təşviqi və qeyri-neft ixracının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində çoxşaxəli islahatlar həyata keçirilib.

2019-cu ildə əldə edilmiş iqtisadi uğurları diqqətə çatdıran nazir, ümumilikdə, iqtisadi artımın müsbət dinamikaya malik olduğunu qeyd edib. Bildirilib ki, ilkin qiymətləndirməyə görə, 2019-cu ildə ÜDM-in real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib. Qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1.9 milyard ABŞ dollarını ötüb. Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5 faiz təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib.

Bununla yanaşı, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək, orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz olmaqla əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli şəkildə üstələyib ki, bu da həm əmək haqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır.

Nazir qeyd edib ki, vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7.672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb.

Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir. Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5.432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edib, özəl sektorun qeyri-neft sektoru üzrə vergi daxilolmalarında xüsusi çəkisi isə 76,4 faiz olub. Diqqətə çatdırılıb ki, qeyri-neft sektorunda könüllü vergi daxilolmalarının bu sektor üzrə daxilolmalarda xüsusi çəkisi 91,1 faizə çatıb. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb.
Qeyd edilib ki, regionlar üzrə daxilolmalar 11,9 faiz artaraq 795,4 mln. manat olub. Nazir bildirib ki, şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə əlavə fiskal stimul yaradır.

M.Cabbarov vurğulayıb ki, bu dinamika fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərin verilməsi şəraitində formalaşıb. Əmək bazarının leqallaşdırılması məqsədilə ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8000 manatadək olan əmək haqları gəlir vergisindən azad olunub, nəticədə 300 milyon manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb. Bu islahatın səmərəsi əmək müqavilələrinin dinamikasında aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minə yaxın (18,3 faiz) artıb. Qeyd olunan islahat sayəsində, həmçinin, əmək haqlarının artırılması nəticəsində əməkhaqqı fondunun artması müşahidə edilib.

Əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalara müsbət təsir edib. 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq 2.931,3 mln. manata, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1 faiz artaraq 105 mln. manata çatıb. Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirib və büdcədən transfertin DSMF-nin gəlirlərində payının 2017-cı ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizədək enməsi gözlənilir.
Nazir qeyd edib ki, 2020-ci il yanvarın 1-nə cəmi aktiv vergi ödəyicilərinin sayı 12,3 faiz artaraq 496 mindən, o cümlədən aktiv ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz artaraq 24,8 mindən çox olub.

Qeyri-neft sektorunda dövriyyələrin şəffaflaşdırılması məsələsinə toxunan M.Cabbarov bildirib ki, 2019-cu ilin 11 ayı ərzində bu sektor üzrə artım 12,4 faiz təşkil edib. Bu zaman ayrı-ayrı sektorlarda daha dinamik göstəricilər müşahidə olunub. Belə ki, istehsal sektorunda 21 faiz, pərakəndə ticarət sektorunda 37,6 faiz, ictimai iaşədə 24,2 faiz, aqrar sektorda 19,4 faiz artım qeydə alınıb.

Aksizli malların istehsalı üzərində nəzarətin artırılması, habelə yeni müəssisələrin işə salınması nəticəsində alkoqollu içkilərin istehsalı sahəsində 39,3 faiz, tütün məmulatlarının istehsalı sahəsində 15,4 dəfə dövriyyələrin artımı qeydə alınıb.

Ölkədə nağdsız ödəmələrin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq, plastik kartlarla ölkə daxilində aparılan əməliyyatlarda nağdsız ödəmələrin xüsusi çəkisi 2019-cu ilin 11 ayı ərzində əvvəlki illə müqayisədə 3,7 faiz artıb.

M.Cabbarov 2020-ci il və ortamüddətli perspektivdə ölkə iqtisadiyyatının qarşısında duran hədəflər barədə də məlumat verib. Bildirib ki, qarşıda duran strateji vəzifə ortamüddətli dövrdə iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, uzunmüddətli dövrdə isə iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır. Bunun üçün hökumət qarşısında bir sıra hədəflər müəyyən edilib. Bunlar qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir.

Mətbuat konfransında KİV nümayəndələrinin sualları cavablandırılıb.

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?