20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Regionlarda təqdim edilən girov əmlakların likvidliyi bankları qane etmir

Hazırda reginonlarda çalışan sahibkarları maraqlandıran əsas məsələlərdən biri banklardan kredit götürərkən faizlərin yüksək olması və girov problemidir.

Bank fəaliyyəti üzrə ekspert Elman Sadıqov mövzunu şərh edərkən bildirib ki, regionlarda iş adamlarının girov kimi təqdim etdiyi əmlaklar bankları qane etmir: "Girov məsələsi, ümumiyyətlə, kreditin təminatlılığının bir hissəsidir. Kreditlər verilərkən təminatlar tələb olunur. Əsas şərtlərdən biri həmin kreditlərin qarşılığında müəyyən təminatların verilməsidir. Burada üçüncü tərəflərin verdiyi təminat, hesabda olan vəsaitlər də ola bilər. Amma ən geniş tətbiq ediləni daşınar və daşınmaz əmlak girovlarıdır. Xüsusilə biznes kreditlərində daşınmaz əmlak girovlarından daha çox istifadə edilir".

E.Sadıqov bunu bir neçə səbəblərlə əlaqələndirib. Bildirib ki, rayon və kəndlərdə vətəndaşların öz mülkiyyət hüquqlarını tam təsdiq edən sənədləri olmur: "Tutaq ki, bir şəxsin torpağı var, amma onun çıxarışı yoxdur, mülkiyyət hüququ tam təsdiq edilməyib. Əlbəttə, bu əmlaklar girov kimi notarial qaydada rəsmiləşdirilə bilmir, qanunvericiliyin tələbi pozulur. Bu halda, ümumiyyətlə, bankların belə girovları götürməyə ixtiyarı yoxdur. Çünki həmin əmlakları girov kimi rəsmiləşdirmək mümkün olmur".

Burada digər incəliklərin də olduğunu deyən E.Sadıqov bəzi rayon və kəndlərdə evlərdə bir neçə şəxsin qeydiyyatda olduğunu və ya mülk üzərində hüququnun olduğunu qeyd edib. Həmin əmlakın girov qoyulmasına onlardan bəzilərinin narazılıq etməsi də həmin daşınmaz əmlakın girov kimi qəbul olunmasına mane olur.

Daha bir məsələ isə girov kimi təqdim edilən əmlakların likvidliyinin aşağı olmasıdır. Burada da müxtəlif nüansların üzə çıxdığını deyən ekspert ailə ənənələrinin girov mexanizminə mane olduğunu qeyd edib: "Bəzən əmlakın bütün sənədləri qaydasında olur. Mülkiyyət hüququ tam olaraq təsbit olunur. Notariuslarda rəsmiləşdirilə bilir. Bu halda banklar daha çox girovların likvidliklik məsələlərinə baxırlar. Adətən, rayonlarda, kənd yerlərində bir evdə 2 və ya 3 ailə qalır. Bu halda bankın bir evi boşaltması 2 və daha çox ailənin, insanların çöldə qalması deməkdir. Məhz bu amillər bankları rayonlarda və kəndlərdə olan girovlarla bağlı daha ehtiyatlı addım atmağa sövq edir".

Rayon yerlərində təqdim edilən girovların sonradan satılması məsələsi də problemlidir. E.Sadıqov deyib ki, xüsusilə kənd yerlərində bankların satdığı evləri, ümumiyyətlə, yerli əhali almır. Hətta həmin əmlakların likvidliyi yüksək olsa da rayonlarda girov mexanizmi daha uzun çəkir. Həm satışı, həm işin məhkəmələrdə müxtəlif instansiyalardan keçməsi uzun vaxt aparır. Son nəticədə bank üçün böyük itikilər yaranır. Bütün bu səbəblərdən banklar daha likvid girovlara meyillidir.

E.Sadıqov əlavə edib ki, adətən, bir çox ölkələrdə böhranlardan sonra belə problemlər yaşanır: "Amma bunun çıxış yolu var. Belə hallarda müxtəlif təcrübələr tətbiq olunur. Onlardan biri zəmanət mexanizmidir. Azərbaycanda bunun üçün İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Həmin Fond belə hallarda dövriyyəyə görə, faktiki olaraq real biznes layihələrində mikro, kiçik və orta sahibkarlara zəmanət verə bilər. Xüsusilə özünüməşğulluqla bağlı layihələr zamanı kreditlərə Fond zəmanət verərsə, o halda banklar heç girov tələb etməzlər".

Girov məsələlərinə birtərəfli baxmağın əleyhinə olduğunu deyən E.Sadıqov real sektorda olan konkret layihələrdə İpoteka və Kredit Zəmanət Fondunun aktiv rol oynaya biləcəyini istisna etmir.

Fərqanə ALLAHVERDİQIZI


VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?