Fermerlərə veriləcək subsidiyalar üçün ən yüksək əmsal müəyyənləşib
Dövlət kənd təsərrüfatı məhsullarının ixrac potensialını gücləndirmək məqsədilə intensiv bağların salınmasında maraqlıdır. Aqrar Subsidiya Şurası bu məqsədlə intensiv meyvə bağlarına veriləcək subsidiyalar üçün ən yüksək əmsal müəyyənləşdirib. Bu fikirləri Kənd Təsərrüfatı naziri İnam Kərimov söyləyib.
Nazir bildirib ki, qərara əsasən, 2019-cu ildən başlayaraq, intensiv bağların salındığı ilk 4 il ərzində fermerə hər hektara görə 800 manat subsidiya ödəniləcək. Qərzəkli meyvə bağları üçün bu rəqəm 400 manat, üzüm bağları üçün 600 manatdır. Müəyyənləşən əmsallar fermerlərin xərclərinin böyük bir hissəsinin dövlət tərəfindən qarşılanmasını təmin edir, eyni zamanda, dövlət subsidiya mexanizmi vasitəsilə konkret sahələrin inkişafını stimullaşdırır. Təkcə EKTİS-in tətbiqi və aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması fermerlərə dövlət dəstəyini kifayət qədər gücləndirir.
Onun sözlərinə görə, subsidiyaların elektron hökumət üzərindən verilməsi EKTİS-in yalnız bir funksiyasıdır. Bu sistem fermerlərə digər üstünlüklər də qazandırır. Fermerlərimiz zaman itkisinə yol vermədən, mobil telefon, planşet və masaüstü kompüter vasitəsilə sistemə daxil olub, ehtiyac duyduqları aqrar xidmətləri sifariş edə biləcəklər.
İnam Kərimov qeyd edib ki, artıq ölkə üzrə 435 mindən çox fermer EKTİS-də qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaradıb. İlin sonunda isə EKTİS-in tətbiqi ilə əlaqədar növbəti mərhələyə start verilib, sistemdə qeydiyyatdan keçmiş fermerlər öz payızlıq əkinlərini bəyan ediblər. Hazırda əkinlərin bəyan edilməsi prosesi davam edir, 280 mindən çox fermer öz əkinlərini bəyanetmə prosesini yekunlaşdırıblar.