Yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi açıqlanıb
Yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 102,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,8 faiz, qeyri-ərzaq malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,1 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, noyabrda oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 100,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9 faiz, qeyri-ərzaq malları üzrə 100,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1 faiz olub.
Noyabrda əvvəlki ayla müqayisədə düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın, armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin, çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma olub. Qatılaşdırılmış şəkərli südün, xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə edilib. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Cari ilin noyabrında oktyabra nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, toz şəklində sintetik yuyucu vasitələrin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, nitro və sulu boyaların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma olub. Soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil telefonların, noutbuk və planşet tipli kompüterlərin, televizorların, sementin qiymətlərində isə ucuzlaşma müşahidə edilib. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.
Noyabrda oktyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, ayaqqabıların təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb. Dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.