Mikayıl Cabbarov erməni nazir müavininin cavabını verdi: "Onlar İrəvandan Bakıya gəliblər və Bakıda gördüklərini qəbul etmələri elə də asan deyil"
"Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyi münasibətilə Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən Ermənistan nümayəndə heyəti ənənəsinə sadiq qalaraq təxribata əl atıb. Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan tədbirdə çıxış edərək, TRACECA-nın effektiv olmaması barədə fikrilər səsləndirib, eyni zamanda tədbirin proqramına etiraz edib. O, proqramda siyasi məsələlərə yol verilməməsini istəyib: "Biz bu məsələlərdə hər hansı siyasiləşmədən uzağıq. Biz nəyə görə Fəxri Xiyabana getməliyik? Nəyə görə bu proqrama daxil olunub. 13-cü görüş Yerevanda keçiriləndə orada hər hansı tematik siyasi mənalı tədbirlər nəzərdə tutulmurdu. Hesab edirik ki, belə bir platformaların bu məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, burada məqsəd dəyişdirilməli deyil, bütün addımlar effektivliyə yönəlməlidr".
Ermənistan nümayəndə heyətinin çıxışını isə İqtisadiyyat naziri Mikayıl Cabbarov cavabsız qoymayıb. Nazir erməni nazir müavininin həm TRACECA haqqında dediklərinə, həm də proqrama etirazına münasibət bildirib: "Qonşu Ermənistandan olan həmkarlarımın çıxışına toxunmaya bilməzdim. Düşünürəm ki, onların fikirlərini ifadə etdikləri tərzdə onlara cavab verməliyəm. Hər halda bu tərz daha anlaşılandır. Mən reaksiyanı başa düşürəm. Hesab edirəm ki, bu reaksiyanı iki hissəyə bölmək olar. Birinci TRACECA haqqında səsləndirilən fikrilərlə bağlı. Mən çıxış edən həmkarlarıma təşəkkür edirəm. Mənə elə gəlir ki, onlar kifayət qədər əminliklə, sadə şəkildə rəqəmlərlə TRACECA-nın bizə nə verdiyinə aydınlıq gətirdilər. Tədbirin təşkilatçısı, konfransa və mədəni proqrama cavabdeh ölkə olaraq mən öz tərəfimdən bu mövzu üzərində dayanmağı borc bilirəm. Mən ordan başlamaq istəyirəm ki, qonşularımızın reaksiyasını çox yaxşı başa düşürəm. Hər halda onlar İrəvandan Bakıya gəliblər və Bakını öz gözləri ilə görürlər. Anlayıram ki, onların gördüklərini qəbul etməsi elə də asan deyil.
İkincisi, biz konstruktiv yanaşmaya üstünlük veririk. Ancaq bilirik ki, destruktivlik daha asandır, daha dağıdıcıdır və bu dağıdıcılıq siyasətinin nəticəsi, ilk növbədə, qonşu ölkədə müşahidə olunur. Hansı ki, böyük həcmdə layihələrdən təcrid olunub və özü-özünü nəqliyyat dalanına, iqtisadi dalana salıb və ordan çıxmaq da istəmir.
O ki qaldı proqrama, məzmunu anlamayanlar üçün bir daha bildirim ki, 20 il əvvəl bu gün yubileyini qeyd etdiyimiz bu layihənin reallaşmasına imkan verən o addım atılmasaydı, o strateji baxış olmadan bu gün haqqında danışdığımız uğurlar mümkün olmazdı. Məhz böyük Heydər Əliyev beynəlxalq liderləri, dövlət başçılarını dəvət etmiş, arxasınca aparmışdı. Təbii ki, Azərbaycan tərəfi yubiley tədbirinin mədəni proqramını tərtib edərkən hər sivil cəmiyyətdə olduğu kimi, regionun inkişafına töhfələr vermiş insanların xatirəsinə münasibət aspektindən yanaşıb.
Bütünlükdə xatirəyə ehtiram məsələsinə gəldikdə, düşünürəm ki, bir daha paytaxtınızın mərkəzinə diqqət yetirin. Sizdə qoyulmuş o heykələ baxın. Yadınıza salın ki, gələn il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq və bir daha düşünün ki, doğru insanın heykəlini qoymusunuzmu?"
Nazir Ermənistan nümayəndə heyəti üçün fərdi mədəni proqram tərtib olunduğunu da deyib: "Sizi isə mən şəxsən dəvət edirəm ki, Heydər Əliyev Mərkəzini ziyarət edəsiniz. Orada sizin doğulduğunuz şəhərin tarixinə həsr olunmuş sərgi keçirilir. O sərgi bizə gürcü həmkarlarımız tərəfindən, Gürcüstan Muzeyindən təqdim olunub, harada ki, daimi əsaslarla nümayiş etdirilir. İnanın ki, İrəvan xanlığı, İrəvan şəhərinin əsasının qoyulması haqqında tarixdə oxuya bilməyəcəyiniz çox yeni şey öyrənəcəksiniz. Təbii ki, əgər bu sizə maraqlıdırsa... O ki qaldı TRACECA karvanına, bütün əks cəhdlərə baxmayaraq, o irəli gedəcək".