2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Real sektora kreditlərin ayrılması imkanları

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə qaldırılan əsas məsələlərdən biri məhz kreditləşmə, xüsusilə də biznesin stimullaşdırılmasında aparıcı yer tutan sahibkarlıq subyektlərinin kreditləşməsi səviyyəsinin ürəkaçan səviyyədə olmaması, istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artması, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərmələri ilə bağlı idi. Sözügedən müşavirədə dövlətimzin başçısı haqlı olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsində bünövrə rolunu oynayan yerli sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, sahibkarların maliyyə resurslarına çıxışını və kredit əlçatanlığının sadələşdirilməsini, bu minvalla da real sektorun maliyyə vəsaitləri hesabına dəstəklənməsini vacib tapşırıq kimi aidiyyəti qurumlar qarşısında qoyub.

Ölkə başçısının sözügedən müşavirədəki çıxışından və tapşırıqlarından dərhal sonra bu sahədə administrativ alətlərə malik Maliyyə Bazarlarına Nəzarət Palatasından adekvat reaksiya gözlənilirdi. Belə də oldu. Əvvəlcə bank sektorunun tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyə - "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na və "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"a mühüm dəyişikliklər edildi, biznes kreditlərinin risk dərəcələri azaldıldı, məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasına, istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasına və bankların öz kapitallarına müvafiq olaraq biznes kreditlərinə daha çox yer ayırmasına şərait yaradıldı. Bununla yanaşı, dövlətimizin başçısının qeyd olunan məsələ ilə bağlı tapşırığının banklarla aktiv kommunikasiya şəklində həyata keçirilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycan Banklar Assosiasiyasının, həmçinin ölkədə fəaliyyət göstərən istehlakyönümlü bankların iştirakı ilə iclas keçirildi, geniş müzakirələr fonunda prosesin birgə əməkdaşlıq şəklində tənzimlənməsi, konkret fəaliyyət istiqamətləri müəyyənləşdirildi, bankların strateji planlarını yenidən gözdən keçirməsi və qısa müddətdə təkliflərin palataya təqdim olunması qərara alındı, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edildi.

Bank-müştəri münasibətlərinin yeni müstəviyə keçirilməsi dedikdə, klassik maliyyələşmə vasitəsi kimi bank kreditlərinin alınması ilə yanaşı, bazarda təklif olunan müxtəlif alternativ maliyyə alətləri də nəzərə alınmalıdır. Azərbaycanın maliyyə bazarlarının tənzimlənməsini həyata keçirən meqa-requlyator kimi Strateji Yol xəritələrinə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının qarşısına qoyulan 5 strateji hədəfdən biri məhz maliyyə infrastrukturunun təkmilləşdirilməsindən ibarət olub. Təhlillər onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar əksər hallarda ancaq daşınmaz əmlaklarını girov qoymaqla kredit əldə edirdilər. Maraqlısı budur ki, KOB-ların aktivlərinin cəmi 22 faizini daşınmaz əmlak təşkil etsə də, kreditorların verdiyi kreditlər üzrə girovların 76 faizini daşınmaz əmlak tutur. Belə olan şəraitdə, KOB-ların kreditlərə çıxış imkanlarının, maliyyə əlçatanlığının artırılması və müvafiq infrastrukturun gücləndirilməsi məqsədilə beynəlxalq praktikada qəbul olunmuş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) yaradılıb. Reyestr yüklülük verənlər və yüklülük sahibləri üçün bir sıra üstünlüklərə malikdir. Belə ki, adətən girov saxlayan maliyyə qurumları olan yüklülük sahibləri borcluların daşınar əmlaklarının yüklülüyü barədə vahid və ümumiləşdirilmiş məlumatların istənilən zaman onlayn qaydada operativ şəkildə əldə edilməsi, müştəri biznesinin daha təfərrüatlı nəzarətdə saxlanılması və müştəri dairəsinin genişlənməsi, həmçinin reyestrə daxil edilən daşınar əmlaklara tələb hüquqlarında üstünlük imkanlarına sahib olur.

Digər tərəfdən, yüklülük verənlər üçün maliyyə resurslarına çıxış imkanları artır, maliyyə resurslarının daha ucuz və uzun müddətə cəlb edilməsində rəqabət canlanır, maliyyə paradoksu aradan qaldırılır və kredit təşkilatları daha əlçatan olur. Digər tərəfdən, reyestr tərəfindən maliyyə qurumları KOB subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilmiş şəffaf məlumatlarla təmin olunur və bununla da, banklar təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa bir yerdə yüklü olub-olmadığı haqda məlumat əldə edir. Habelə, reyestr banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verir, iflas vəziyyətində olan sahibkarlıq subyektinin qoyduğu təminat predmetini daha asanlıqla satmaq imkanı yaradır. Cari dövrdə 600-dən çox qeydiyyatdan keçmiş istifadəçisi olan reyestrə 40 mindən artıq bildiriş daxil edilib. Paralel olaraq, DƏYDR-lə bağlı maarifləndirmənin aparılması və yerli sahibkarların daşınar əmlaklarını girov qoymaqla biznes kreditləri əldə etməsi prosesinin təbliğ və təşviqi məqsədilə mütəmadi olaraq Bakıda və regionlarda sahibkarlarla görüşlər keçirilir.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ