POS-terminallarla ödənişlərdə təşviq tədbirləri önəmlidir
Nağdsız ödənişlərin həcminin artırılması və bu sistemin iştirakçısı olan tərəflərin stimullaşdırılması ilə bağlı "vergiler.az"ın suallarını bank-maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov cavablandırıb.
- Elman müəllim, Azərbaycanda nağdsız ödənişlərin mövcud vəziyyətini rəqəmlərlə ifadə edəndə hansı mənzərənin şahidi oluruq?
- 30 sentyabr 2019-cu il tarixə ölkədə əhaliyə xidmət göstərən bankomatların sayı 2.592, POS-terminalların sayı isə 64.777 ədəd olub. Bankomatların 1.385 ədədi Bakıda, 1.207 ədədi isə rayonlardadır. POS-terminalların 39.063 ədədi Bakıda, 25.714 ədədi isə rayonlardadır. Ölkədə ödəniş kartlarının ümumi sayı 7 milyon 267 min ədəddir ki, bunun da 763 min ədədi kredit kartlarıdır. Bunlar rəqəmlərdir. Lakin bu sahədəki real vəziyyəti, perspektiv və potensialları, çatışmazlıqları müəyyənləşdirmək üçün dərin və geniş təhlilə ehtiyac vardır. Bu rəqəmləri dünya ölkələrindəki vəziyyətlərlə müqayisə etsək bir çox nəticələr çıxarmış olarıq. Nəticələrdən biri budur ki, hər 100 min nəfərə düşən bankomat sayı, POS-terminal və ödəniş kartlarının, o cümlədən kredit kartlarının saylarını təhlil edərək onları modelləşdirib inkişaf üçün hansının drayver rolu oynadığını müəyyən etmək mümkündür. Lakin vəziyyət ölkədən ölkəyə dəyişir.
İsveçdə hər 100 min nəfərə 32 bankomat, Finlandiyada 35, Norveçdə 34, Rusiyada 161,
Almaniyada 118, ABŞ-da 180, Balkan ölkələrində isə 12-20 bankomat düşür
Ölkəmizdəki mövcud vəziyyətlə bağlı isə bir neçə konkret misalı nəzərdən keçirək. 2019-cu ilin sentyabr ayında ölkədə debet və kredit kartları ilə aparılan tranzaksiyaların sayı 14 milyon 141 min ədəd, məbləğ isə 1 milyard 911 milyon manat olub. Nağd pulun çəkilməsi ilə bağlı tranzaksiyaların (əməliyyatların) sayı 6 milyon 376 min, məbləğ isə 1 milyard 395 milyon manatdır. Qeyri-nağd ödənişlərdə vəziyyət: bankomatlar vasitəsilə 100 min tranzaksiya üzrə 18 milyon manat, POS-terminallar vasitəsilə 2 milyon 224 min tranzaksiya üzrə cəmi 105 milyon manat, elektron ticarət (internet üzərindən ödəmələr daxil) vasitəsilə 3 milyon 908 min ədəd tranzaksiya ilə 255 milyon manat. Gördüyünüz kimi, əməliyyatların 73 faizi ödəniş kartlarındakı vəsaitlərin bankomat və POS-terminallar vasitəsilə nağdlaşdırılmasıdır. POS-terminallar vasitəsilə ödənişlər üzrə dövriyyə isə cəmi 105 milyon manat olub. Təəssüf doğuran böyük nisbətdir. Burada həm psixoloji məqamlar, həm də ticarət obyektlərində nağdsız ödənişlərin arzu olunmaması halları rol oynayır.
POS-terminallar vasitəsilə ödənişlərlə bağlı təkcə cəza tədbirləri
kifayət etmir. Burada təşviq tədbirləri önəmlidir
- Bu cür halların aradan qaldırılması və nağdsız ödənişlərin artması üçün nələrə ehtiyac vardır?
- Birinci növbədə, geniş və dərin təhlillər aparılmalıdır. 2006-2009-cu illərdə işlədiyim bankda plastik kartlar departamentini qurarkən apardığım təhlil və gəldiyim nəticələri tətbiq edərək, nağdsız ödənişlər, hər POS-terminala düşən tranzaksiya sayı və məbləği baxımından ölkədəki orta rəqəmlərdən bir neçə dəfə artıq nəticələr əldə etdim. Demək olar ki, bütün parametrlər üzrə səmərəlilik və göstəricilər yüksək oldu. Səbəb nə idi? Əsas məqam budur ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün lazım olan drayveri düzgün müəyyən etmək lazımdır. Drayveri düzgün müəyyən etdikdə nəticələr yüksək olacaq. Digər ölkələrdə hər 100 min nəfərə düşən bankomat və POS-terminalların sayları, 15 yaşdan yuxarı əhalinin sayı və ödəniş kartları (o cümlədən həmin əhali tərəfindən kredit kartlarının istifadə faizi) arasındakı nisbəti və sair statistik rəqəmləri təhlil etdikdə bunlar arasında ciddi korrelyasiyanın olmadığını, nağdsız ödənişlərin inkişafının təkcə bankların və ya kart və terminalların sayından deyil, bir çox iqtisadi və psixoloji amillərdən asılı olduğunu görərik. Bir fakt deyim. Tez-tez hər 100 min nəfərə düşən bankomat sayından danışırıq və ya bankomatların azlığından şikayət edirik.
Hər bir POS-terminal üzrə aylıq əməliyyat sayı 35, ticarət və xidmət sektorundakı
POS-terminallar üzrə aylıq əməliyyatların orta məbləği isə cəmi 47,4 manatdır
Məsələn, İsveçdə hər 100 min nəfərə cəmi 32 bankomat, Finlandiyada 35, Norveçdə 34, Rusiyada 161, Almaniyada 118, ABŞ-da 180, Balkan ölkələrində isə 12-20 bankomat düşür. Təkcə bu rəqəmlərə əsasən, bir çox nəticələr əldə edə bilərik: birincisi, bankomat sayı təkcə əhalinin sayı ilə deyil, həm də ölkənin (ərazisinin) böyüklüyü ilə də əlaqəlidir, ikincisi, bankomat sayının az olması hansısa regionda nağdsız ödənişlərin inkişaf etdiyini (Skandinaviya ölkələri), başqa bir regionda isə infrastrukturun zəif olduğunu (Balkan ölkələri kimi) göstərə bilir. Peşəkar təcrübəm əsasında qeyd edə bilərəm ki, məsələ düşündüyümüzdən daha geniş, daha dərin və hərtərəfli yanaşmanın tətbiqini tələb edir.
- Ölkəmizdə quraşdırılmış POS-terminalların sayını beynəlxalq təcrübə ilə müqayisə etdikdə vəziyyəti necə qiymətləndirmək mümkündür?
- POS-terminalların sayı bir çox amillərdən - ölkədə kiçik və orta sahibkarlığın inkişafından, ticarət, iaşə və xidmət obyektlərinin sayından, turizmin inkişaf səviyyəsindən, "kölgə iqtisadiyyatı"nın səviyyəsindən, həm sahibkarlar, həm də ödəniş kartları istifadəçilərinin tələbindən, marağından, maliyyə savadlılığı səviyyəsindən və s. asılıdır. Qeyd etdiyim kimi, əgər ölkədə ödəniş kartları ilə həyata keçirilən tranzaksiyaların məbləğ etibarilə 73 faizi bankomat və POS-terminallar vasitəsilə nağdlaşdırılırsa, burada düşündürücü məqamlardan yan keçə bilmərik. Məsələ təkcə POS-terminalların saylarının artırılmasından getmir. Əgər həmin POS-terminallardan istifadə olunmayacaqsa, onların əhəmiyyəti nə olacaq? Burada kəmiyyətlə yanaşı, keyfiyyət faktoru da önəmlidir. POS-terminallar vasitəsilə ödənişlərlə bağlı təkcə cəza tədbirləri kifayət etmir. Burada təşviq tədbirləri önəmlidir. POS-terminallar vasitəsilə ödənişlərin yüksək olduğu ölkələrin bu sahədə keçdiyi yolları təhlil etmək və düzgün nəticə çıxarmağın böyük fayda verəcəyini düşünürəm.
Hələ də bankomatdan nağd pul çıxarıb marketə daxil olan istifadəçilərin sayı çoxdur
- Bu, bir faktdır ki, indiki halda banklar və sahibkarlar POS-terminallardan istifadə etməkdə maraqlı deyillər? Bunun səbəbini nədə görürsünüz?
- Hər POS-terminala düşən əməliyyat sayına və məbləğinə baxanda görürük ki, POS-terminala tələb azdır. POS-terminalın sayının az olmasına gəlincə, ölkədə hər 150 adama 1 POS-terminal düşür. Əslində, aşağı göstərici deyil. POS-terminalların sayı ayrılıqda obyektiv vəziyyəti əks etdirmir. Məsələn, Türkiyədə POS-terminalların sayının çox olması hər bir obyektdə ən azı 5-6, bəzən 10-15 bankın POS-terminalının olması ilə bağlıdır. Yəni say məsələsinə birmənalı yanaşmaq olmur. Bir rəqəmi qeyd edim. Bizdə hər bir POS-terminal üzrə aylıq əməliyyat sayı 35, ticarət və xidmət sektorundakı POS-terminallar üzrə aylıq əməliyyatların orta məbləği isə cəmi 47,4 manatdır. İnkişaf etmiş ölkələri demirəm, Azərbaycanla müqayisə oluna biləcək bir çox digər ölkələrdə bu rəqəmlər dəfələrlə yüksəkdir. Əslində, banklar POS-terminallar üzrə əməliyyatların artmasında çox maraqlıdırlar, çünki bundan gəlirləri olur. Sahibkarların POS-terminallardan istifadədə niyə maraqlı olmaması isə ayrıca bir müsahibənin mövzusudur.
- Onları stimullaşdırmaq üçün hansı təklifləriniz var?
- Burada iki tərəflə işləri daha əhatəli qurmaq lazımdır. Birinci tərəf ödəniş kartlarının istifadəçiləridir. Onlarda maliyyə savadlığının, nəticədə POS-terminala tələbin artırılması zəruridir. Hələ də bankomatdan nağd pul çıxarıb marketə daxil olan istifadəçilərin sayı çoxdur. Kredit kartlarının istifadəsi ilə bağlı məlumatlandırma məsələləri diqqət mərkəzində olmalıdır. Xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə iş tamamilə yenidən qurulmalıdır. Qanunvericilik hər bir obyektdə kassa aparatı ilə yanaşı, POS-terminalın da olmasını tələb edir. POS-terminallar var, amma ondan istifadəni genişləndirmək üçün müxtəlif təşviq mexanizmlərinə, bir sıra məsələlərin həllinə ehtiyac var.
Fərqanə ALLAHVERDİQIZI