3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cənub Qaz Dəhlizi: regionun coğrafiyasını dəyişən layihə

Noyabrın 30-da Azərbaycandan Avropaya qaz nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) tam işə salınacaq və bununla da Azərbaycanın Şahdəniz qaz yatağından çıxarılan qazın Avropaya ötürülməsi mümkün olacaq.

Keçən il TANAP layihəsi ilə qazın Türkiyəyə nəqlinə başlanılmışdı. Qardaş ölkənin enerjiyə olan ehtiyacının ödənilməsində Azərbaycan qazı xüsusi əhəmiyyətə malikdir. Hazırda Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə Türkiyəyə ildə 6,6 milyard kubmetr Azərbaycan qazı satılır. TANAP vasitəsilə ötürülən əlavə 6 milyard kubmetlə birlikdə Azərbaycanın Türkiyəyə satdığı qazın həcmi 12,6 milyard kubmetrə çatıb. Bununla da Türkiyənin qaz idxalında Rusiyanın payı azalıb. İqtisadi üstünlükləri ilə yanaşı, siyasi önəm daşıyan Cənub Qaz Dəhlizi Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, 2005-ci ildən Avropa Komissiyası enerjinin şaxələndirilməsi siyasətini yürütməyə başladı və Cənub Qaz Dəhlizi boru xətti ilə alternativ bazarlardan Avropaya ilk dəfə qaz nəql edəcək layihədir: "Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində Prezident İlham Əliyev demişdi ki, bu layihə sadəcə hansısa boru kəmərinin tikintisi deyil, regionun və boru xəttinin keçəcəyi ölkələrin coğrafiyasını dəyişəcək bir layihədir. Biz həqiqətən də görürük ki, bu layihə karbohidrogenlərlə zəngin, qapalı hövzə olan Xəzər dənizini dünyanın ən böyük istehlakçısı, enerji bazarı olan Avropa ilə birləşdirdi".

İlham Şabanın sözlərinə görə, TANAP-ın reallaşdırılması Azərbaycanın böyük zəfəridir: "TANAP Azərbaycan sərhədlərindən kənarda SOCAR-ın operatorluğu altında həyata keçirilən ən böyük layihədir. Digər mühim məqam isə odur ki, işlər qrafikdə nəzərdə tutulduğundan tez başa çatdırıldı. Bundan başqa, 2013-cü ildə Cənub Qaz Dəhlizi və Şahdəniz-2 layihəsi sanksiyalaşdırılanda onun qiyməti 11,7 milyard dollar idi, halbuki layihə 6,5 milyard dollara reallaşdırıldı. İşlər qısa müddətdə başa çatdırılması böyük bir uğurdur".

Azərbaycan qazının Avropaya nəqli üçün uzun müddət NABUCCO layihəsi gündəmdə oldu. Lakin bu layihənin reallaşdırılması çox mürəkkəb olduğundan 10 il aktual olan NABUCCO-dan imtina edildi. "2011-ci ilin oktyabrında isə Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə İzmirdə "Star" Neft Emalı Zavodunun təməlatma mərasimindən sonra belə bir açıqlama verildi ki, iki ölkə infrastruktur layihələri çərçivəsində birgə addımlar atılması haqqında qərar qəbul edib. Bundan bir neçə gün sonra yeni bir layihəni gündəmə gətirildi. 2011-ci ilin noyabrında layihənin adı açıqlandı, dekabr ayında isə Azərbaycan və Türkiyənin energetika nazirlikləri arasında memorondum, cəmi 6 ay sonra da hökumətlərarası saziş imzalandı. 2013-cü ildə layihə sanksiyalaşdırıldı və üstündən 5 il keçəndən sonra Şahdənizdən çıxan Azərbaycan qazı Əskişəhərə göndərildi".

İlham Şaban bildirib ki, TANAP çox gərin bir qrafikdə gerçəkləşdirildi. 2014-cü ilin ikinci yarısından dünyada neft qiymətləri kəskin ucuzlaşmağa başlamışdı. 2015-2016-cı illərdə dünya neft sənayesindən 400 min işçi ixtisar edilmişdi. Bütün enerji şirkətləri kapital xərclərini azaldırdı. Neftin qiymətinin 30 dollardan da aşağı səviyyəyə düşdüyü bir şəraitdə şirkətlərin nə qərar verəcəyi bilinmirdi. Digər bazarlarda layihələr dondurulurdu. Ancaq Azərbaycan və layihədəki tərəfdaşları investisiya ilə bağlı hər hansı düzəliş aparmadan layihəni 5 ilə gerçəkləşdirdi.

"Cənub Qaz Dəhlizi və onun əsas seqmenti olan TANAP Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bu layihələr olmasaydı, Şahdəniz-2 gerçəkləşməyəcəkdi. Bu infrastuktur Azərbaycana imkan verir ki, Şahdəniz-2 layihəsindən sonra reallaşacaq digər qaz ehtiyyatlarımızı da Avropa bazarına çıxara bilək. Başqa bir tərəfdən isə qaz neftdən fərqli olaraq çıxarılan anda istehlak olunmalıdır, yəni qazı qaz anbarlarında çox kiçik həcmdə saxlamaq olur. Qaz hasil olunursa, bazara çıxarılmalıdır. Bu baxımdan, qazın əvvəlcə istehlakçısı tapılmalıdır, həcmlər müəyyənləşdirilməlidir, bundan sonra isə onun uzunmüddətli işlənmə planı hazırlanmalıdır".

İlham Şaban "Cənub Qaz Dəhlizi layihəsinə böyük vəsait qoyuluşunun zəruriliyi ilə bağlı deyib: "Əgər biz böyük investisiyalar qoymasaydıq, qaz rezervlərimiz elə ehtiyyatda da qalacaqdı. Hazırda dünya bazarında qazın min kubmetrinin qiyməti 200 dollardan bir qədər artıqdır. Ancaq heç kim deyə bilməz ki, 5-10 il sonra qazın qiyməti neçəyə olacaq. 1998-ci ilin martında Azərbaycan ilk neftini 2 tankerlə Novorossiysk limanından bazara çıxardı, onda neftin bir barelinin qiyməti 10 dollar idi. Düz 10 il sonra isə neftin bir barelinin qiyməti 148 dollara satılırdı.

2019-cu ilin 1 oktyabr tarixinə olan statistikaya əsasən, Şahdənizdən 112 milyard kubmetr qaz hasil edilib. Ancaq bu yataqda bir trilyon kubmetrdən artıq qaz mövcuddur. Yəni 900 milyard kubmetrdən artıq qaz hasil edilib bazarlara yönəldilməlidir. Hələ bu təkcə Şahdənizin ehtiyatıdır, Abşeron yatağında 350 milyard kubmetr, Ümid yatağında 200 milyard kubmetr qaz ehtiyatı var. Babək yatağında da böyük həcmlərin olduğu ehtimal edilir. BP şirkəti Şəfəq-Asiman yatağında kəşfiyyat quyusu qazmağı planlaşdırır, orda da ikinci Şahədniz açıla bilər.

Boru xətlərimiz bizə qaz ehtiyatlarımızı 50-60 il ixrac etməyə imkan verir. Nəzərə alsaq ki, 15 il sonra təbii qazın dünyada əsas enerji daşıyıcısı olacağı proqnozlaşdırılır, onda Azərbaycanın daha çox gəlir əldə etmək imkanları olacaq".

Səbuhi TURAN

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ