18 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uğurlu islahatlar pensiya göstəricilərinin yüksəlməsinə şərait yaradıb

Pensiya sistemində aparılan islahatlar və son yeniliklərlə bağlı "vergiler.az"ın suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Mustafa Abbasbəyli cavablandırıb:

- Mustafa müəllim, ölkədə aparılan pensiya siyasəti özünü rəqəmlərdə necə göstərir?

- Pensiya sisteminin ana sütunlarından biri ölkədə rəsmi məşğulluğun təmin edilməsi, yüksək göstəricilərə uyğun olmasıdır. Ötən il aparılmış vergi islahatları bu ilin əvvəlindən başlayaraq əməkhaqqı müqavilələrinin sayında artımlar, son nəticədə isə sosial sığorta ödəyən şəxslərin sayının artması ilə nəticələnib. Təbii ki, bu da pensiya sistemində ödəyənlərin sayında özünü göstərir. Bundan əlavə, ümumilikdə iqtisadi və sosial sahədə aparılan islahatların hamısı, xüsusilə şəffaflaşdırma, pensiyaların avtomatlaşdırılması, minimum əmək haqlarının və minimum pensiya məbləğlərinin artırılması, müavinətlərin orta hesabla 2 dəfə artırılması və digər bu kimi tədbirlər ölkədə pensiya sisteminin möhkəmlənməsinə, pensiya göstəricilərimizin artımına səbəb olub. Belə ki, minimum və orta pensiya məbləği göstəriciləri, eləcə də median və maksimum pensiya məbləği göstəriciləri bu və ya digər şəkildə artıb. Bilirsiniz ki, ilin əvvəlində minimum pensiya məbləği 116 manat idi. 1 mart tarixində bu məbləğin 160 manata çatdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Bu il oktyabrın 1-dən isə minimum pensiya məbləği 160 manatdan 200 manata çatdırıldı. Bundan əlavə, orta pensiya göstəriciləri bu il artıq 253 manata çatıb. Gələn il bu artımların nəticəsi kimi aparılacaq indeksasiya nəticəsində orta pensiya məbləğlərinin təxminən 290 manat civarında olması proqnozlaşdırılır.

Gələn il aparılacaq indeksasiya nəticəsində orta pensiya məbləğlərinin
təxminən 290 manat civarında olması proqnozlaşdırılır

- Gələn il minimum pensiyaların artırılması gözlənilirmi?

- Hər ilin əvvəli Azərbaycanda pensiyanın sığorta hissəsi, yəni vətəndaşların aylıq aldığı pensiya məbləği indeksləşdirilir. Bu, hazırda ölkədə orta əməkhaqqının artım tempinə uyğun olaraq həyata keçirilir. Bu il üzrə ehtimal olunan orta əməkhaqqının artım göstəricisi təxminən 14 faizə yaxındır. Bu, o deməkdir ki, gələn ilin yanvar ayında pensiyalar təxminən 14 faiz artmış olacaq.

- Fərdi uçot sistemi nədir və vətəndaşa nə verir?

- Bu sistem 2006-cı ildə Azərbaycanda qəbul edilən "Fərdi uçot haqqında" Qanunla həyata keçirilməyə başlayıb. Ondan əvvəl daha çox həmrəylik prinsipinə uyğun bir pensiya sistemi var idi. Gənc nəsil yaşlı nəsillərin pensiyasını ödəyirdi, həmin gənclər yaşlandıqca onların yerinə gələn gənclər onların pensiyasını ödəyirdi. Pensiya məbləğləri də vətəndaşların işlədikləri və ödədikləri sosial sığorta haqlarına əsaslanmırdı. Yeni qanuna əsasən, ölkədə fərdi uçot sistemi yaradıldı və pensiya sosial sığorta prinsiplərinə uyğunlaşdırıldı. Hazırda vətəndaşın alacağı pensiya onun əmək bazarında olduğu dövr ərzində öz rəsmi əməkhaqqından – maaşından, sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən, torpaq pay mülkiyyətindən əldə etdiyi gəlirdən, vəkillik, sərbəst mühasiblik fəaliyyətindən əldə etdiyi gəlirdən və s. Dövlət Sosial Müdafiə Fonduna ödədiyi sosial sığorta haqlarının müqabilində təyin olunur. Bu, hər şəxsə aid fərdi hesabda saxlanılır. Bu hesab hər bir vətəndaş üçün açıqdır. Hazırda biz ölkənin vahid sosial reyestrini (e-sosial.gov.az) yaratmışıq. Hər bir şəxs həmin portaldan öz fərdi hesabına daxil olaraq orada olan məbləği və onun artım templərini, indeksasiyasını və digər göstəricilərini görə bilər. Bu sistem fərdi uçota əsaslanır. Vətəndaş pensiya hüququ əldə etdiyi an oraya toplanan məbləğin 90 faizi və hər il üzrə əmsallaşdırılan məbləğ onun üzərinə gəlir və yekun məbləğ normal hallarda 144-ə bölünərək vətəndaşın aylıq pensiya məbləğini təşkil edir.

Hazırda biz ölkənin vahid sosial reyestrini yaratmışıq. Hər bir şəxs
həmin portaldan öz fərdi hesabına daxil olaraq orada olan məbləği və
onun artım templərini, indeksasiyasını və digər göstəricilərini görə bilər

- Pensiya kapitalının toplanması necə reallaşır?

- Tutaq ki, bir şəxs aylıq 500 manat əməkhaqqı alır. Bundan aylıq 125 manat məcburi dövlət sosial sığorta haqqı ödəyir. Şəxs işlədiyi müddət ərzində həmin məbləğ vahid hesaba toplanır. Misal üçün, bu minvalla ildə 1.500 manat ödəyir. Bunu da təxminən 25 ilə vursaq, 37 min 500 manat edəcək. Bu məbləğ topladığı pensiya kapitalıdır. Bunun üzərinə hər il indeksasiya edilən məbləğ də əlavə olunur. Bu zaman məbləğ bəzən 2 dəfəyə yaxın arta bilər. Alınan yekun məbləği 12 ilin 12 ayına, yəni 144-ə bölürük. Adamın aylıq alacağı pensiya məbləği təxminən 520 manat təşkil edir. Fərdi uçot sisteminin özəlliyi bundan ibarətdir.

- Bu gün əmək bazarında ciddi problemlər var. İş yerləri çox hallarda sabit olmur. İşçi hər an işini itirmək təhlükəsi ilə üzləşə bilər. Bu mənada 28.800 manatlıq minimum hədd çox deyilmi?

- Bu məbləğ vətəndaşın bu gün minimum pensiya, yəni 200 manat əldə etməsi üçün tələb olunan kapitaldır. Yəni sosial sığorta prinsipinə uyğun olaraq hesablanan bir məbləğdir. Prinsip də odur ki, vətəndaş pensiya almaq üçün işləməlidir və hesabına ödəniş etməlidir. Vətəndaşın hansısa üzrlü səbəbi, məsələn, əlilliyi olduqda pensiya kapitalı daha az tələb olunur. Birinci qruplar üçün ümumiyyətlə belə tələb yoxdur. 2-ci və 3-cü qruplarda isə minimum 5 il, növbəti hər il üçün cəmi 4 ay işləməsi tələb olunur. Üzrlü səbəb olmadan ödəmirsinizsə, bu zaman dövlət sizə minimum yaşayış standartlarının təmin olunması üçün müavinət verəcək. Yəni, hazırda bizdə pensiya hüququ əldə etməyən şəxslərə yaşa görə müavinət 130 manatdır. Pensiya kapitalını toplayan vətəndaş üçün aylıq pensiya məbləği 200 manatdan başlayır. Toplaya bilmədikdə isə, 130 manat sosial müavinət almış olacaq.

Pensiya kapitalını toplayan vətəndaş üçün aylıq pensiya məbləği 200 manatdan başlayır.
Toplaya bilmədikdə isə, 130 manat sosial müavinət almış olacaq

- Cəmiyyətdə pensiya yaşı və fərdi yığım məbləği ilə bağlı xeyli suallar var. Hesab edirlər ki, 28 min 800 manatı toplamaq çətindir. Bu məbləği toplamadıqda isə işləyənlə işləməyənin fərqi olmayacaq, hər ikisi eyni məbləğdə pensiya alacaq. Bu nə dərəcədə ədalətlidir? Mümkündürsə, bu məsələyə aydınlıq gətirin.

- İşləməyən və ya 200 manat minimum pensiya üçün kapital toplaya bilməyən şəxslər təbii ki, pensiya hüququ əldə etmir. Onlara sosial müavinət ödənilir. Amma burada başqa məqam da var. Tutaq ki, vətəndaş 28 min 800 manat minimum pensiya məbləğini toplaya bilməyib, 26 min manat toplayıb. Onun üçün qanunda nəzərdə tutulub ki, vətəndaş çatmayan məbləği xüsusi hesaba yerləşdirə bilər. Bu zaman onun pensiya kapitalı artmış olur və pensiya almaq hüququnu əldə edir. Qanunvericilik bu şansı vətəndaşlara yaradır. Başqa güzəşt nəzərdə tutulmayıb. Hesab edirəm ki, bu, sosial sığorta prinsiplərinə tam əsaslanır və kifayət qədər ədalətlidir.

Fərqanə ALLAHVERDİQIZI

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?