"Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarından indiyədək edilmiş ümumi istehsalın həcmi açıqlanıb
Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından kondensat hasilatı 27 milyon tona çatıb. "Şahdəniz"dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 112 milyard kubmetrdən çox təbii qaz əldə olunub.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında "Şahdəniz" yatağından - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birgə ümumilikdə 12,2 milyard standart kubmetr qaz və təqribən 2,6 milyon ton (21 milyon barel) kondensat hasil edilib. Mövcud "Şahdəniz" qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. Ötən il iyulun sonunda "Şahdəniz Bravo" platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir.
Doqquz ayda "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan ("GOGC" şirkətinə) və Türkiyə ("Botaş" şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib. Cari ildə "Şahdəniz" üzrə fəaliyyətlərə 481 milyon dollar əməliyyat və 818 milyon dollardan çox əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.
"Şahdəniz"də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), "SGC Upstream" (6,7 faiz), "Petronas" (15,5 faiz), "LUKoil" (10 faiz), "NICO" (10 faiz) və "TPAO" (19 faiz).
"Azəri-Çıraq-Günəşli" yatağından da indiyə kimi ümumi istehsalın həcmi açıqlanıb. Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,6 milyard barreldən çox olub. Bu barədə "BP Azerbaijan" şirkəti məlumat yayıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında AÇG-dən hasilat gündəlik orta hesabla 541 min barel olmaqla ümumilikdə 148 milyon barrel, yəni 20 milyon ton təşkil edib. Doqquz ayın sonuna AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 42 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-sentyabr aylarında blokda 9 neft hasilat quyusu qazılıb.
AÇG layihəsinə 9 ayda təqribən 418 milyon dollardan çox əməliyyat və 1 milyard 34 milyon dollaradək əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, "AzAÇG" (SOCAR) - 25 faiz, "Chevron" - 9,57 faiz, "Inpex" - 9,31 faiz, "Equinor" - 7,27 faiz, "ExxonMobil" - 6,79 faiz, "TPAO" - 5,73 faiz, "Itochu" - 3,65 faiz və "ONGC Videsh Limited" (OVL) - 2,31 faiz.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.