27 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Struktur və kadr islahatları yeni iqtisadi modelə keçidin başlanğıcıdır

Prezident İlham Əliyevin oktyabrın 23-də Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən söylədiyi fikirlər ölkə vətəndaşlarında Azərbaycanda sahibkarlığın inkişafında yeni dövrün başladığına əminlik yaradıb. Qəbul zamanı Prezident İlham Əliyev inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarların oynadığını vurğulayıb: "Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin".

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov Prezident İlham Əliyevin fikirlərini yeni iqtisadi modelə keçid kimi dəyərləndirib: "Kiçik və orta sahibkarlığın inkişaf etdiyi ölkələr daha dayanıqlı iqtisadi ekosistemə malik olur. Dünyada Almaniya və Yaponiya kiçik və orta sahibkarlığın inkişafına görə liderdirlər. Çünki müharibədən sonra bu ölkələr sahibkarlığın inkişafına münbit şərait yaratdılar və onun təşviqi mexanizmlərini qurdular. Bu ölkələrdə biznes yenidən quruldu və kiçik şirkətlərin sayı sürətlə artdı. 28 illik müstəqil sahibkarlıq tarixi olan Azərbaycanda sahibkarlar, demək olar ki, bir sinif kimi formalaşıb. Artıq bir neçə ildir ki, kiçik və orta biznesin inkişafına xüsusi diqqət ayrılır. Qanunsuz yoxlamaların qarşısının alınması, sahibkarlara güzəştli kreditlərin, subsidiyaların verilməsi üzrə dövlət dəstəyi mexanizmləri yaradılıb".

V.Zeynalovun sözlərinə görə, kiçik və orta biznesə dövlət dəstəyi, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən işlər effekt verir və bu sahədə nəzərəçarpan inkişaf var: "Kiçik və orta biznesi inkişaf etdirmək istəyiriksə, bu gün ilk növbədə onun qlobal dəyər zəncirində iştirakını təmin etməliyik. Həmçinin müvafiq stimullaşdırıcı qanunvericilik aktlarının qəbul olunması, biznesə müdaxilə hallarının qarşısının alınması ilə bağlı son illər ciddi işlər görülür. Xüsusən də bu günlərdə Azərbaycanda ciddi struktur və kadr islahatları başlayıb və hesab etmək olar ki, bu, həm də yeni iqtisadi modelə keçidin başlanğıcıdır. Təsadüfi deyil ki, cənab Prezident sahibkarların qarşılaşdıqları problemləri yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə səsləndirdi və bunların həlli istiqamətlərini göstərdi".

V.Zeynalov sahibkarların qarşısında duran mühüm vəzifələrə, o cümlədən vergi öhdəliklərinə də toxunub: "Vergi konstitusional bir öhdəlikdir. Vergidə qaydalar sabit olmalı, iqtisadi inkişafa maneə yaratmamalıdır. Həqiqətən də son iki ildə aparılan vergi islahatlarından sonra sahibkarlara münasibət dəyişib. Bu, "kölgə iqtisadiyyatı"ndakı sahibkarların öz işini qanunların tələb etdiyi kimi şəffaf aparması, maliyyə-uçot sənədlərini qaydasına salması üçün bir keçid dövrünə şərait yaratdı. Qaydalar sərt ola bilər, əsas odur ki, hamıya eyni cür tətbiq edilsin. Ölkəyə investisiya cəlb olunması üçün vacib amillərdən biri investorun qarşıdakı perspektivləri proqnozlaşdıra bilməsidir. Yəni qaydaların tez-tez dəyişməsi proqnozlaşdırmanı müəyyən qədər məhdudlaşdırır, qeyri-müəyyənlik yaradır. Buna baxmayaraq, dəyişikliklər ancaq şəffaflaşmaya, qanunların tətbiqinə yönəldiyindən biz bunu dəstəkləyirik. O da aydındır ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə vergi qaydaları sərt olmamalı, iqtisadiyyatı stimullaşdırmalıdır".Qeyd edilib ki, sahibkarlara münasibət dəyişməlidir və bu halda bir çox problemlər öz həllini tapa bilər: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da ağıllı idarəetmə sistemləri geniş yayılır, elektronlaşma sürətlə gedir. Bildiyiniz kimi, əksər sahələrdə artıq məmur-sahibkar təması tamamilə aradan qaldırılıb, bir sıra məsələlərlə bağlı dövlət proqramları həyata keçirilir. Prezidentimiz də vurğuladı ki, məmur öz səlahiyyətlərindən istifadə edib sahibkara təzyiq göstərə bilməz. Bu isə sahibkar üçün ən böyük dəstəkdir və düşünürəm ki, biznes bu çıxışdan müsbət mesajlarını aldı".

V.Zeynalov bildirib ki, ölkədə ikili mühasibatın, "kölgə iqtisadiyyatı"nın qarşısını almağa yönələn addımlar öz ciddi nəticələrini verir: "Artıq məşğulluq müqavilələrinin sayının artması, büdcə daxilolmalarında verginin payının yüksəlməsi və s. göstəricilər bu istiqamətdəki irəliləyişlərin uğurla davam etdiyini göstərir. Hesab edirəm ki, əsas məsələlərdən biri sahibkarların biznesdən əldə etdikləri vəsaitləri yenidən kapitallaşmaya yönəltməməsinin səbəbini aydınlaşdırmaqdır. Şirkətinin adına əmlak alan, nizamnamə kapitalından başqa kapitalı aydın şəkildə göstərməkdən çəkinən sahibkarlarımız hələ də var, halbuki bu, şirkətin xarici investor üçün cəlbediciliyini azaldır, aşağı faizlə kredit almaq imkanlarını zəiflədir. İndi sahibkarlarla məmurlar arasında ciddi güvən sisteminin formalaşdırılmasına ehtiyac var və aparılan islahatlar buna zəmin yaradacaq. Nümunəvi vergi ödəyicilərini stimullaşdıran mexanizmlər yaradılmasını təklif edirəm, inzibati tədbirlərlə yanaşı, buna da böyük ehtiyac var".

Araz AĞAYEV

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?