20 Oktyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son islahatlar ölkədə iqtisadi inkişafın yeni mərhələyə keçməsinin göstəricisidir

Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə ölkədə aparılan son iqtisadi islahatlar və onların nəticələrindən geniş bəhs edib. Görüş zamanı qaldırılan məsələlər ictimaiyyətin diqqət mərkəzindədir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanda son kadr və struktur islahatları ölkədə iqtisadi inkişafın yeni bir mərhələyə qədəm qoyduğunu göstərir: "Nəzərə alsaq ki, əvvəlki dövrdə biznes mühitinin yaxşılaşdırılması, dövlət xidmətlərinin elektronlaşdırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, xüsusən də 2019-cu ildən gizli iqtisadiyyata qarşı mübarizənin genişləndirilməsi əsas prioritetlər olub, bu islahatlar davam edir və öz əhəmiyyətini qoruyub saxlayır. Amma müasir çağırışlara uyğun olaraq artıq islahatların yeni bir mərhələsi, xüsusilə kadr və struktur islahatlarının aparılması zərurətə çevrilib. Struktur islahatları idarəetmə aparatının çevikliyi və qərarların daha qısa zamanda, eləcə də dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi baxımından vacibdir. Strukturun çevik olması həm çağırışlara daha tez reaksiya verilməsi, həm də iş adamları və sadə vətəndaşlar üçün daha əlçatan xidmətlərin təklif edilməsi, nəticədə biznes mühitinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir".

Ekspert bildirib ki, kadrlar inkişafda çox önəmli rol oynayır və köhnə təfəkkürlü kadrlarla islahatların davam etdirilməsi mümkün deyil: "Kadr islahatları ona görə vacibdir ki, yeni texnologiyalar, yeni innovasiyalar, idarəetmənin yeni metodlarla təşkilinin tətbiqinə nail olunması mümkün olsun.

Struktur islahatları idarəetmə aparatının çevikliyi və qərarların daha qısa zamanda,
eləcə də dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi baxımından vacibdir

Həm struktur, həm də kadr islahatlarının birlikdə aparılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi baxımından zəruridir. Son görüşlərdə ölkə Prezidenti tərəfindən islahatlarla bağlı vacib məqamlar, xüsusilə sahibkarların üzləşdikləri problemlər ayrıca qeyd olundu. Ölkə başçısı həll edilməli olan məsələləri və qarşıya qoyulan hədəfləri, islahatların istiqamətlərini birmənalı şəkildə müəyyənləşdirdi. "Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin gücləndirilməsi ikili mühasibatlığın aradan qaldırılması, qeyri-rəsmi məşğulluğun minimallaşdırılması, bütövlükdə iqtisadiyyatın leqallaşdırılması baxımından vacibdir. Xüsusən də qeyri-rəsmi məşğulluğun aradan qaldırılması mübarizənin gücləndirilməsinə imkan verəcək".

V.Bayramov bildirib ki, ikinci istiqamət, Prezidentin qeyd etdiyi kimi, məmurların iqtisadiyyata müdaxiləsinin zəiflədilməsi və bu kontekstdən haqsız rəqabətin aradan qaldırılması ilə bağlıdır: "Məmurların iqtisadiyyata müdaxiləsi azad rəqabətə mane olan faktorlardandır. Əksinə, kadr və struktur islahatları məhz birmənalı şəkildə həmin müdaxilənin aradan qaldırılmasına hesablanmış addımlardandır ki, nəticə etibarilə azad rəqabətin formalaşmasına və sahibkarın daha liberal mühitdə fəaliyyət göstərməsi və rəqabət aparma imkanlarının artırılması baxımından vacibdir.

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin gücləndirilməsi ikili mühasibatlığın
aradan qaldırılması, qeyri-rəsmi məşğulluğun minimallaşdırılması,
bütövlükdə iqtisadiyyatın leqallaşdırılması baxımından vacibdir

Mübarizənin daha bir hədəfi monopoliyadır. İdxal olunan bəzi məhsullara aid olan, bütövlükdə iqtisadiyyatın bir sıra sektorlarını bürüyən və son illərdə azaldılmasına baxmayaraq, qalmaqda davam edən monopoliyanın tamamən aradan götürülməsi münbit biznes mühiti, inflyasiya cəlbi baxımından çox əhəmiyyətlidir. Prezidentin bu istiqamətdə də tapşırıqları və göstərişləri var".

Qeyd edilib ki, bu istiqamətlər üzrə islahatların davam etdirilməsi qeyri-neft sektorunun inkişafı, neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi baxımından zəruridir: "Növbəti mərhələdə artıq dərinləşmiş islahatlar, yeni kadrlar və struktur dəyişiklikləri gəlir. Hazırda həyata keçirilən kadr və struktur islahatları növbəti mərhələdə Azərbaycan üçün qeyri-neft sektorunda daha çox sərmayə, iş adamları üçün münbit biznes mühiti, eləcə də vətəndaş üçün dövlət xidmətlərinə daha genişləndirilmiş əlçatanlıq vəd edir ki, bütün bunlar da ölkədə dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılması və makroiqtisadi sabitliyin uzunmüddətliliyi baxımından çox vacibdir".

Fəxriyyə İKRAMQIZI