20 Oktyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır

Millət vəkili, iqtisadçı-alim Əli Məsimli "vergilər.az" saytı üçün məqalə yazıb. Milli Məclisin üzvü məqaləsində ölkədə həyata keçirilən iqtisadi islahatlara, yeni iqtisadi şəraitə uyğun çağırışlara, müasir trendlərə çevik reaksiya verilməsinin zəruriliyini əsaslandırır, iqtisadi inkişafın davamlı və stabil xarakter daşıması üçün vacib addımlardan bəhs edir.

Əli MƏSİMLİ,
Milli Məclisin deputatı

Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Həmin mərhələnin problem və çağırışlarına uyğun surətdə islahatlar aparılır. Ötən ildən başlayaraq ölkə iqtisadiyyatı 2015-ci ilin iki şok devalvasiyası nəticəsində məruz qaldığı geriləmə və staqnasiyadan artım trayektoriyasına keçməyə başlayıb. İslahatların ilkin nəticələri bu ilin arxada qalan ayları ərzində özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Bu il iqtisadi artım templəri 2018-ci ilin göstəricilərindən yüksəkdir. Qeyri-neft sənayesində artım 15 faizi, kənd təsərrüfatında isə 7 faizi ötüb. İnflyasiya 2,5 faiz ətrafındadır. Manat 1 dollar = 1,7 manat ətrafında nisbi sabitdir. Cari hesablar üzrə tədiyyə və xarici ticarət balansının müsbət saldosu artır. Bütün bunlar makroiqtisadi sabitliyin qorunub saxlanılmasında mühüm rol oynayır. Vergi və gömrük sahəsinə şəffaflıq, hesabatlılıq, "kölgə iqtisadiyyatı"nın dairəsinin daraldılması istiqamətlərində görülən işlər nəticəsində bu ilin 9 ayı ərzində büdcəyə proqnozlarda nəzərdə tutulduğundan 700 milyon manatdan artıq vəsait daxil olub, yüz mindən artıq yeni əmək müqaviləsi bağlanılıb. Bütün bunlar kifayət qədər yaxşı nəticələrdir və beynəlxalq qurumların hesabatlarında da müsbət qiymətləndirilir.

İqtisadi artım templərinin potensialımıza uyğun səviyyəyə qaldırılması və
yavaşımış artım trayektoriyasından sürətli artım trayektoriyasına
keçilməsi günün tələbləri sırasında xüsusi yer tutur

Bununla belə, Azərbaycan Prezidentinin dəfələrlə bildirdiyi kimi, görülən işlərin nəticələrini bütün istiqamətlər üzrə qənaətbəxş hesab etmək olmaz. İqtisadiyyatın inkişafını və əhalinin güzəranını Azərbaycanın potensialına layiq səviyyəyə qaldırmaqdan ötrü görülməsi vacib olan işlər də hələ çoxdur. Prezident son müşavirədə, eləcə də İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə həmin problemlərin xeyli hissəsini açıq mətnlə bildirdi. Bu problemlər arasında ölkə iqtisadiyyatının neftdən asılılığının zəiflədilməsi, inhisarçılıq, korrupsiya, "kölgə iqtisadiyyatı"nın əhatəsinin daha da daraldılması, qeyri-neft sektoruna sərmayə qoyuluşlarının, xüsusən də xarici sərmayələrin cəlb edilməsi işinin yaxşılaşdırılması və sair bu kimi məsələlər xüsusi yer tutur. İqtisadi artım inersiya və daha çox büdcədən yönəldilən vəsait hesabınadır. İqtisadi artımın templəri bu istiqamətdə qoyulan sərmayələrin kəmiyyətinə adekvat deyil və sair. Prezidentin də dəfələrlə vurğuladığı kimi, iqtisadi artım templərinin potensialımıza uyğun səviyyəyə qaldırılması və yavaşımış artım trayektoriyasından sürətli artım trayektoriyasına keçilməsi, bu əsasda əhalinin güzəranının yaxşılaşdırılmasının iqtisadi əsaslarının möhkəmləndirilməsi günün tələbləri sırasında xüsusi yer tutur.

Azad rəqabət mühitinin formalaşdırılması, özəl sektorun qarşısında
duran maneələrin aradan qaldırılması, insan kapitalının inkişafı,
əhalinin real gəlirlərinin yüksəldilməsi islahatların əsas hədəflərindəndir

Həmin problemlərin həllinin sürətləndirilməsinin yolu islahatlardan keçir. İqtisadi artım templərinin sürətləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, ölkə iqtisadiyyatının dayanıqlı inkişafınin təmin edilməsi, azad rəqabət mühitinin formalaşdırılması, özəl sektorun qarşısında duran maneələrin aradan qaldırılması, insan kapitalının inkişafı, layiqli əməkhaqqı olan iş yerlərinin sayının artırılması prosesinin sürətləndirilməsi, əməkhaqqı, pensiya və digər ödənişlərin artırılması, kiçik və orta biznesə geniş meydan verilməsi hesabına əhalinin real gəlirlərinin yüksəldilməsi sahəsində başlanan işlərin davam etdirilməsi və paralel olaraq həyat şəraitinin ölkənin potensialına uyğun səviyyəyə çatdırılması hazırda həyat keçirilən islahatların əsas hədəflərindəndir.

Həyata keçirilən islahatlar arasında struktur islahatları mühüm yer tutur. Bu sahədə əsas vəzifə ölkənin iqtisadi inkişafını və əhalinin güzəranının yaxşılaşdırılması işini sürətləndirməkdən ötrü digər məlum şərtlərlə yanaşı idarəetmə sisteminin fəlsəfəsinin dəyişdirilməsi, təşkilati-struktur, kadr tərkibi və koordinasiyanın optimallaşdırılması və müasir dövrün tələb və çağırışlarına uyğunlaşdırılması, çevikliyin və səmərəliliyin artırılması mühüm əhəmiyyət kəsb edir. Düzgün təşkil olunmuş struktur islahatları və cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşma hesabına idarəetmədə çevikliyi və səmərəliliyi xeyli artırmaq və nəticə etibarilə iqtisadiyyatın əsas məsələsi – səmərəliliyin artırılmasını təmin etmək, institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın sürətli, dayanıqlı və tarazlı inkişafına xidmətə yönəltmək olar.

Çеvik, şəffаf, оbyеktiv infоrmаsiyа sistеminə əsаslаnаn və аyrı-аyrı strukturlаrı
bir tаm hаlındа sinхrоnlаşdırılmаğı bаcаrаn yеni idаrəеtmə mоdеlinə kеçilməsi struktur
islahatlarının gözlənilən nəticə və yüksək səmərə verməsinin vacib şərtlərindəndir

Bu baxımdan Əmlak Məsələləri Dövlət Komitəsi, Vergilər Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi idarəetmə sistemində daha çox diqqətçəkən struktur islahatıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi məsələsi xeyli müddət idi ki, struktur islahatları sahəsindəki müzakirələrdə yer alırdı. Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi isə struktur islahatları çərçivəsində bir qədər fərqli olmaqla yanaşı, həm də yeni və çox ciddi yanaşmadır.

Çеvik, şəffаf, оbyеktiv infоrmаsiyа sistеminə əsаslаnаn və аyrı-аyrı strukturlаrı bir tаm hаlındа sinхrоnlаşdırılmаğı bаcаrаn yеni idаrəеtmə mоdеlinə, eləcə də idarə maraqlarının öndə getdiyi prinsipdən dövlət maraqlarının prioritet təşkil etdiyi prinsipə kеçilməsi struktur islahatlarının gözlənilən nəticə və yüksək səmərə verməsinin vacib şərtlərindəndir. Struktur islahatlarının müasir təfəkkürə malik kadr islahatları ilə müşayiət olunması çox vacib və zəruri məsələdir. İslahatlar istiqamətində atılan addımlar nəticəlilik baxımından dəqiq hədəflərə yönəldilməklə sistemli və səmərəli variantda həyat keçirilsə, gələn il həm iqtisadi artım templərinin yüksəlməsi və makroiqtisadi tarazlığın qorunub saxlanılması, həm də əhalinin güzəranının yaxşılaşdırılması baxımından cari ildən daha yaxşı nəticələr gözləyə bilərik.