26 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda "Marja ticarətinə dair Qaydalar" təsdiq olunub

Maliyyə Bazarlarına Nəzarət Palatası "Marja ticarətinə dair Qaydalar"ı təsdiq edib. Qaydaların təsdiqi ilə Azərbaycanda marja ticarətinə dair investisiya şirkətləri üçün tələblər müəyyənləşib. Belə ki, oktyabr ayından başlayaraq marja ticarəti xidməti göstərən investisiya şirkəti aşağıdakı tələblərə cavab verməlidir:

  • qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, marja ticarəti və müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi üzrə lisenziyaya malik olmalı;

  • investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün "Qiymətli kağızlar bazarı haqqında" Qanunla müəyyən edilmiş sayda əməkdaşı (ən azı bir işçisi) ixtisas şəhadətnaməsinə malik olmalı;

  • ləğv və ya müflisləşmə prosesində olmamalı;

  • mərkəzi depozitarinin və klirinq təşkilatının üzvü olmalı;

  • xarici fond birjasında marja ticarəti xidmətini göstərən investisiya şirkəti, həmin fond birjasına üzv olmalı və ya həmin fond birjasına üzv olan investisiya şirkəti ilə müqaviləsi olmalı;

  • bazarda olan ani qiymət dəyişikliklərini nəzərə alaraq müştəri hesabı üzrə risklərə nəzarət etməyə, marja təminatlarını hesablamağa və yaranmış risklərə qarşı müştəriləri məlumatlandırmağa imkan verən müvafiq sistemlərə (proqram təminatına) malik olmalı;

  • marja ticarətinin həyata keçirilməsinə dair daxili qaydalara malik olmalıdır.

İnvestisiya şirkətinin marja ticarətinin həyata keçirilməsi üzrə daxili qaydalarında ən azı aşağıdakı müddəalar əks olunur:

  • girov və marja tələbləri, həmçinin mövqe üzrə limitlər;

  • investisiya şirkəti tərəfindən müştərilərinin maksimum maliyyələşmə həddi (olduqda);

  • marja ticarətinin aparılması üzrə şərtlər;

  • marja ticarəti üzrə sənədlərin (məlumatların) saxlanılma qaydası və müddəti;

  • marja ticarəti üzrə ödənilən xidmət haqları və digər xərclərin hesablanması;

  • marja ticarəti üçün istifadə olunan vəsaitlərin uçotunun aparılması;

  • maraqlar münaqişəsi hallarının qarşısının alınması;

  • marja ticarəti ilə əlaqəli risklərin idarə edilməsi;

  • marja ticarəti xidmətini göstərən əməkdaşların hüquq və vəzifələri;

  • marja ticarəti ilə bağlı investisiya şirkəti tərəfindən müştərilərə məlumatların verilməsi üsulları;

  • investisiya şirkətində informasiya texnologiyaları üzrə təhlükəsizlik və nəzarət qaydaları.

  • istifadəçilərin və sistem inzibatçılarının sistemdə uçotunun yaradılması, dəyişdirilməsi və ləğv edilməsi, həmçinin onların informasiya sistemlərinə daxilolma qaydaları.

İnvestisiya şirkəti müştərilərini marja ticarəti ilə bağlı risklər barədə məlumatlandırır. Maraqlar münaqişəsinin qarşısının alınması məqsədilə investisiya şirkəti marja ticarəti xidməti göstərdiyi müştərisinə həmin xidmət üzrə investisiya məsləhətlərinin verilməsi xidmətini göstərə bilməz.

İnvestisiya şirkəti bu Qaydaların 7.2-ci və 7.3-cü bəndlərində göstərilən hədlər nəzərə alınaraq müştərisi ilə bağlanılan müqavilə ilə müəyyən etdiyi kredit həddindən əlavə hər hansı bir şəkildə borc və ya həvəsləndirici bonuslar verə bilməz. Bu Qaydaların 7.2-ci və 7.3-cü bəndlərinə əsasən, investisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə təqdim etdiyi kredit həddinin maksimum həcmi 1:30 nisbəti ilə müəyyən edilir. İnstitusional investorlara və peşəkar investorlara investisiya şirkəti tərəfindən 1:50 nisbətinə kimi kredit həddi müəyyən edilə bilər.

İnvestisiya şirkəti müəyyən etdiyi xidmət haqları barədə məlumatı və onların hesablanması qaydasını müştərilərlə bağladığı müqavilədə, habelə öz rəsmi internet səhifəsində göstərir. Müqavilədə investisiya şirkəti tərəfindən xidmət haqlarının birtərəfli qaydada dəyişdirilməsi nəzərdə tutulduqda, dəyişiklik barədə investisiya şirkəti tərəfindən qəbul olunmuş qərarın tətbiq edilməsindən ən azı 15 təqvim günü əvvəl müştərilərə bu barədə məlumat verilir. Marja ticarəti xidməti göstərən investisiya şirkəti bu xidmət üzrə müştəri vəsaitlərini yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankda ayrıca hesabda saxlayır.

İnvestisiya şirkəti müştəridən marja ticarəti məqsədilə aldığı pul vəsaitlərini digər müştərilərinin və ya öz məqsədləri üçün istifadə edə bilməz. İnvestisiya şirkəti marja ticarəti üçün istifadə olunan pul vəsaitlərin axınını, mənbəyini və əsasını əks etdirən uçotu gündəlik olaraq aparır. İnvestisiya şirkəti tərəfindən bir müştəriyə qiymətli kağızlarla marja ticarəti üzrə təqdim olunan vəsait, həmin investisiya şirkətinin bütün müştərilərinə təqdim etdiyi vəsaitlərin ümumi həcminin 20 faizdən çox (müştərilərin sayı 10-dan az olmamaq şərti ilə) ola bilməz. Marja ticarəti xidmətini göstərən investisiya şirkəti ticarət şərtlərindən asılı olmayaraq müştərilərinə qarşı ədalətli və dürüst davranmalı, müştərilərlə aralarında baş verə biləcək maraqlar münaqişəsi ilə bağlı onları məlumatlandırmalı və müştərilərini maliyyə itkilərinə məruz qoya biləcək əməliyyatlara sövq etməməlidir.

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?