Azərbaycanda "Marja ticarətinə dair Qaydalar" təsdiq olunub

2019.10.24 17:48 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası "Marja ticarətinə dair Qaydalar"ı təsdiq edib. Qaydaların təsdiqi ilə Azərbaycanda marja ticarətinə dair investisiya şirkətləri üçün tələblər müəyyənləşib. Belə ki, oktyabr ayından başlayaraq marja ticarəti xidməti göstərən investisiya şirkəti aşağıdakı tələblərə cavab verməlidir:

İnvestisiya şirkətinin marja ticarətinin həyata keçirilməsi üzrə daxili qaydalarında ən azı aşağıdakı müddəalar əks olunur:

İnvestisiya şirkəti müştərilərini marja ticarəti ilə bağlı risklər barədə məlumatlandırır. Maraqlar münaqişəsinin qarşısının alınması məqsədilə investisiya şirkəti marja ticarəti xidməti göstərdiyi müştərisinə həmin xidmət üzrə investisiya məsləhətlərinin verilməsi xidmətini göstərə bilməz.

İnvestisiya şirkəti bu Qaydaların 7.2-ci və 7.3-cü bəndlərində göstərilən hədlər nəzərə alınaraq müştərisi ilə bağlanılan müqavilə ilə müəyyən etdiyi kredit həddindən əlavə hər hansı bir şəkildə borc və ya həvəsləndirici bonuslar verə bilməz. Bu Qaydaların 7.2-ci və 7.3-cü bəndlərinə əsasən, investisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə təqdim etdiyi kredit həddinin maksimum həcmi 1:30 nisbəti ilə müəyyən edilir. İnstitusional investorlara və peşəkar investorlara investisiya şirkəti tərəfindən 1:50 nisbətinə kimi kredit həddi müəyyən edilə bilər.

İnvestisiya şirkəti müəyyən etdiyi xidmət haqları barədə məlumatı və onların hesablanması qaydasını müştərilərlə bağladığı müqavilədə, habelə öz rəsmi internet səhifəsində göstərir. Müqavilədə investisiya şirkəti tərəfindən xidmət haqlarının birtərəfli qaydada dəyişdirilməsi nəzərdə tutulduqda, dəyişiklik barədə investisiya şirkəti tərəfindən qəbul olunmuş qərarın tətbiq edilməsindən ən azı 15 təqvim günü əvvəl müştərilərə bu barədə məlumat verilir. Marja ticarəti xidməti göstərən investisiya şirkəti bu xidmət üzrə müştəri vəsaitlərini yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankda ayrıca hesabda saxlayır.

İnvestisiya şirkəti müştəridən marja ticarəti məqsədilə aldığı pul vəsaitlərini digər müştərilərinin və ya öz məqsədləri üçün istifadə edə bilməz. İnvestisiya şirkəti marja ticarəti üçün istifadə olunan pul vəsaitlərin axınını, mənbəyini və əsasını əks etdirən uçotu gündəlik olaraq aparır. İnvestisiya şirkəti tərəfindən bir müştəriyə qiymətli kağızlarla marja ticarəti üzrə təqdim olunan vəsait, həmin investisiya şirkətinin bütün müştərilərinə təqdim etdiyi vəsaitlərin ümumi həcminin 20 faizdən çox (müştərilərin sayı 10-dan az olmamaq şərti ilə) ola bilməz. Marja ticarəti xidmətini göstərən investisiya şirkəti ticarət şərtlərindən asılı olmayaraq müştərilərinə qarşı ədalətli və dürüst davranmalı, müştərilərlə aralarında baş verə biləcək maraqlar münaqişəsi ilə bağlı onları məlumatlandırmalı və müştərilərini maliyyə itkilərinə məruz qoya biləcək əməliyyatlara sövq etməməlidir.