9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zahid Məmmədov: "2019-cu il ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq"

Vergiləri tam həcmdə və vaxtında ödəmək hər bir vergi ödəyicisinin şərəf öhdəliyi olmalıdır

2018-ci ilin iqtisadi yekunlarını, əldə olunmuş uğurları, dərinləşən iqtisadi islahatları, eyni zamanda Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov "vergiler.az" portalına şərh edib.

- Zahid müəllim, ötən il həyata keçirilən davamlı islahatlar və siyasi iradə nəticəsində Azərbaycanda makroiqtisadi sabitlik əldə olundu. 2019-cu ildən ötən ilə baxarkən hansı addımlar makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynadı?

- 2018-ci ildə ölkədə siyasi sabitlik və vətəndaş həmrəyliyinin vəhdəti nəticəsində makroiqtisadi sabitliyin təminatında - manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması, xarici sektorda müsbət meyillər, özəlliklə tədiyyə balansının profisiti kimi trendlər başlıca rol oynadı. Özəlliklə, ölkənin strateji valyuta ehtiyatlarının artması (44.8 milyard ABŞ dolları təşkil edir, bu isə 31 aylıq mal və xidmət idxalına kifayət edir və xarici dövlət borcunu 3 dəfə üstələyir) və həyata keçirilən effektiv pul-məzənnə siyasəti bəzi qiymətlərin yüksəldilməsinin təsirini neytrallaşdırdı. Biznes sektorunun və ev təsərrüfatlarının inflyasiya gözləntiləri minimum səviyyəyə düşdü.

Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan islahatçı ölkə kimi qiymətləndirilib və bu uğur biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində fiskal və monetar orqanların, özəlliklə vergi sistemində iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq həyata keçirilən vergi siyasətinin məntiqi nəticələrindən biridir.

- 2018-ci il həm də iqtisadi aktivlikdə müsbət dinamika ilə yadda qaldı. Eyni zamanda, qlobal maliyyə bazarlarında yüksək və qeyri-müəyyən risk səviyyəsinin mövcudluğu fonunda ölkəmiz daxili sabitliyi təmin edə bildi...

- Qeyd etdiyiniz kimi, 2018-ci ildə Azərbaycanda iqtisadi artımın dayanıqlığı daha da güclənib və 2018-ci ilin yanvar-sentyabr aylarında ÜDM real ifadədə 0,8 faiz artaraq cari qiymətlərlə 57,8 milyard manat olub, adambaşına düşən ÜDM-in həcmi isə 5.889,2 manat təşkil edib.

Ötən il real sektorun monitorinqi ölkədə iqtisadi aktivliyin davam etdiyini təsdiqləyir və qeyd olunan dövrdə biznesə inam indeksi pozitiv zonada yer alıb. Əksər xidmət (rabitə, poçt, nəqliyyat, otel, turizm) və ticarət (elektrik məişət avadanlıqları, avtomobil) sektorları üzrə də iqtisadi aktivlik göstəriciləri müsbət meyillidir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar milli iqtisadi inkişafımıza müsbət təsir göstərdi, özəlliklə ixrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində həyata keçirilən komleks tədbirlər nəticəsində milli valyutanın sabitləşməsi təmin edildi. Özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Qeyri-neft istehsalının artırılması, ixracın genişləndirilməsi və "Made in Azerbaijan" brendinin dünyada tanıdılması Azərbaycanın xarici iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edib. Bununla yanaşı, qlobal maliyyə bazarlarında risk səviyyəsinin və qlobal neft bazarında qeyri-müəyyənliklərin artmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub.

Ötən il real sektorun monitorinqi ölkədə iqtisadi aktivliyin davam etdiyini təsdiqləyir və qeyd edilən dövrdə biznesə inam indeksi pozitiv zonada olub

Lakin qlobal maliyyə bazarlarında yüksək və qeyri-müəyyən risk səviyyəsinin mövcudluğunun hələ də Azərbaycan iqtisadiyyatına təsir kanalları mövcuddur. O cümlədən neft və digər yanacaq ixrac məhsullarının qiymətinin dünya bazarında azalması; beynəlxalq maliyyə bazarında risk səviyyəsinin yüksəlməsinin xarici maliyyə mənbələrinə çıxış imkanlarının məhdud vəziyyətə düşməsi; əsas ticarət tərəfdaşlarımızda məzənnə volatilliyinin yüksəlməsi və onlarda inflyasiyanın yüksələrək idxal vasitəsilə milli iqtisadiyyatda qiymət sabitliyinə təsirlərindən qorunmaq məqsədilə Azərbaycanda müvafiq mərkəzi icra orqanları preventiv tədbirlər görməkdədirlər.

- Ötən il ölkədə inflyasiya həddini təkrəqəmli səviyyədə saxlamaq mümkün oldu ki, bu da əhalinin real gəlirinin artmasını dəstəkləyən ən mühüm addımlardan biridir. Bu haqda fikirlərinizi bilmək istərdik.

- 2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib. Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2,3 faiz təşkil edib. Qeyd olunan dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə edilməsi və inflyasiya gözləntilərinin azalması olub. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin qiymətlərə artırıcı təsirini neytrallaşdırıb. Fiskal və monetar siyasətlərin sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub.

- 2018-ci il həm də Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə yadda qaldı. Bir iqtisadçı alim kimi, bu dəyişikliklərin fəlsəfəsini necə şərh edərdiniz?

- Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin arxitekturası həm qlobal, həm də milli iqtisadiyyatın bugünkü çağırış və tələblərinə uyğun olaraq yenilənir. Azərbaycan milli iqtisadiyyatının drayveri kimi qəbul edilən sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsində 5 istiqaməti özündə ehtiva edən dəyişikliklər olunub. Bu dəyişikliklərin ana fəlsəfəsini - vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi təşkil edir. Tətbiq olunan yeni vergi siyasətinin fəlsəfəsində vergi orqanları tərəfindən qanunlar çərçivəsində fəaliyyət göstərən ödəyicilərə daim dəstək, səhvə yol verən vergi ödəyicilərinə nöqsanların aradan qaldırılması üçün kömək aparıcı qayəni təşkil edir. Amma vergi öhdəliklərindən şüurlu şəkildə yayınan vergi ödəyicilərinə münasibətdə vergi orqanları tərəfindən qanunun verdiyi bütün hüquq və mandatdan istifadə etməklə adekvat addımlar atılacağını da unutmaq olmaz. Ümumiyyətlə, hesab edirəm ki, vergiləri tam həcmdə və vaxtında ödəmək hər bir vergi ödəyicisinin şərəf öhdəliyi olmalıdır.

Məlumdur ki, cəmiyyətdə nəzəri biliklər o zaman qəbul edilir ki, onun ideologiyası və texnologiyası mövcuddur. Nəzəriyyə – elmi-nəzəri ideyaya yönəlir, ideologiyada haraya doğru hərəkət etmək haqqında yol xəritəsi verilir, texnologiya isə həyata keçirilmə mexanizmini hazırlayır. Hesab edirəm ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə həm fəlsəfi-nəzəri, həm də ideoloji və texnoloji prinsiplər nəzərə alınıb.

Azərbaycanda həyata keçirilən vergi siyasətinin arxitekturası həm qlobal,
həm də milli iqtisadiyyatın bugünkü çağırış və tələblərinə uyğun olaraq yenilənir

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vaxtilə "kölgə iqtisadiyyatı"nda çalışan şəxslər pensiya və sosial sığorta sistemindən istifadə etmək imkanı əldə edə bildilər. "Kölgə iqtisadiyyatı" nda çalışan işçilər faktiki olaraq qeyri-rəsmi əməkhaqqı və qeyri-iş yerləri sistemində olduqlarına görə sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalmışdılar. Yeni dəyişikliklər həmin insanların pensiya sistemindən yararlanmasına xidmət edəcək. Qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əməkhaqlarından tutulan vergilərə güzəştlər tətbiq olunub, bu isə qeyri-rəsmi əməkhaqlarının kölgədən çıxarılmasına yol açacaq. Bu addımlar özəlliklə bank sektorunda kredit aktivliyinin yüksəlməsinə xidmət etməklə, nağd dövriyyənin minimuma düşməsinə yol açacaq.

- 2018-ci ildə həyata keçirilmiş iqtisadi, xüsusilə vergi islahatları cari ildə hansı müsbət nəticələrə gətirib çıxaracaq?

- 2018-ci il dərin islahatlarla yadda qaldı. Xüsusilə, vergi sistemində ötən ildən başlanan köklü islahatlar çox böyük müsbət nəticələr verir. 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, başqa sözlə, 2017-ci ilə nisbətən 444,0 milyon manat və ya 6,4 faiz çox icra edilib. 2019-cu ildə, ilk növbədə, "kölgə iqtisadiyyatı"nın həcmi kəskin aşagı düşəcək, qeyri-rəsmi məşğulluğun səviyyəsi minimuma enəcək, iqtisadi fəallıq, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivlik canlanacaq və 100 minlərlə insan pensiya sistemindən yararlanmaq imkanı əldə edəcək, bank sektorunda kredit aktivliyi dərinləşəcək, nağd dövriyyəsi minimuma enəcək və ən nəhayət, milli iqtisadiyyat şəffaflaşacaq.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin ana fəlsəfəsini -
vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi təşkil edir

Eyni zamanda, cari ildə sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyəti sisteminin formalaşması prosesi gedəcək. Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının qeyd etdiyi ifadəyə əsaslanaraq: "2019-cu ildə də qarşıya qoyulan bütün vəzifələr icra olunacaq. Bu il də ölkəmiz üçün uğurlu il olacaq".

Beləliklə, vergi sistemində aparılan islahatların nəticəsini ölkəmizin maliyyə imkanlarının gücləndirilməsində görəcəyik...

Anar ƏLİYEV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?