Elektron qeydiyyat sistemi təkmilləşdiriləcək
Bakıda "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması" üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarısı üzrə İcra və Kommunikasiya Planın müzakirəsi keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, plan üzrə yeni rəqəmsal elektron qeydiyyat sisteminin beynəlxalq və yerli səviyyədə tanıdılması, elektron qeydiyyat sisteminin təkmilləşdirilməsi və imkanlarının genişləndirilməsi üzrə işlər 2019-cu ilin ikinci yarısında da davam etdiriləcək.
Müzakirə zamanı qeyd olunub ki, sahibkarlıq subyektləri ilə iş planın prioritet istiqamətlərindəndir. 2019-cu ilin birinci yarısında yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlərin nəticələri təhlil olunacaq. Bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunacaq. Həmçinin biznesə başlama sahəsində aparılan islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklər və biznes assosiasiyalarının, müvafiq koordinatorların siyahısı hazırlanacaq. Görülən işlərlə bağlı aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və aparıcı kütləvi informasiya vasitələri, eləcə də digər media qurumları ilə intensiv əməkdaşlıq ediləcək.
"Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması" üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarısı üzrə İcra və Kommunikasiya Planın icrasında İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Maliyyə, Ədliyyə nazirlikləri, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, "KPMG Azerbaijan Ltd", "Ekvita" "Ernst & Young Azerbaijan", "PricewaterhouseCoopers Azerbaijan", "BM Morrison Partners", "Dentons Azerbaijan", "Bakı Hüquq Mərkəzi" nin nümayəndələri iştirak edir.