Azərbaycan daha bir ilkə imza ata bilər
Azərbaycan keçmiş Sovet məkanında tələbə yataqxanalarının inşasına dövlət və özəl sektor tərəfdaşlığı modelini tətbiq edən ilk ölkə ola bilər. Bu barədə "Report"a bildirən Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov qeyd edib ki, AİB tərəfindən Asiya-Sakit Okean Ölkələri Fondundan Azərbaycana texniki yardım çərçivəsində 1,5 milyon dollar qrant ayırıb. Bu qrant dəstəyi çərçivəsində seçilmiş iki ali məktəb üçün Azərbaycan qanunvericiliyinə uyğun olaraq "tik – idarə et – təhvil ver" (TİT) qaydası əsasında ilə tələbə yataqxanaları inşa olunacaqdır. Bunlar Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir.
Texniki yardım çərçivəsində TİT pilot layihələri üçün texniki-iqtisadi əsaslandırmalar (TİƏ) hazırlamaq üçün yardım göstəriləcək. Hər iki ali məktəbin yataqxanaları üçün texniki-iqtisadi əsaslandırmalar hazırlandıqdan sonra tender vasitəsilə həmin yataqxanaları idarəedən özəl şirkətlər seçiləcək.
N.Mannapbekov dövlət özəl sektor tərəfdaşlığının dəstəklənməsinə 2019-2023-cü illəri əhatə edən Azərbaycan ilə AİB arasında Əməkdaşlıq Strategiyasında prioritet verildiyini diqqətə çatdırıb: "Texniki yardımın əsas məqsədi gələcəkdə təhvil veriləcək yataqxanaların tikintisi üçün müqavilələrin bağlanılmasında Hökumətə dəstək verməkdir. Layihənin özəl sektor tərəfini təmsil edən peşəkar operatorlar isə tender əsasında seçiləcək. Müvafiq hökümət orqanları isə onları qiymətləndirərək hansının daha rəqabətli iddiaçı olduğuna dair qərar verəcək. Onların əsas tapşırığı yataqxanaların tikintisi və istismarının, müqavilədə göstərilmiş vaxt və şərtlərə uyğun olaraq yerinə yetrilməsi olacaqdır".
N.Mannapbekovun qeyd etdiyi kimi hər bir universitet texniki iqtisadi əsaslandırmanı hazırlamaq üçün texniki yardım çərçivəsində dəvət olunmuş məsləhətçilərlə birgə işləmək üçün işçi heyət ayırıb: "İqtisadiyyat, Təhsil nazirlikləri və universitetlər müqavilənin icrası dövründə müvafiq olaraq qəbul edəcəkləri öhdəlikləri razılaşdırmalıdırlar. Hal-hazırda pilot layihələri üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması son mərhələdədir. İqtisadiyyat Nazirliyi tərəfindən TİƏ-nin təsdiq edilməsindən sonra, tender sənədlərinin və hökumətlə operatorlar arasındakı müqavilələrin ilkin variantlarının hazırlanmasına qısa zamanda başlanılacaq".
Tərəflərin öhdəliklərindən asılı olaraq müqavilələrin uzunmüddətli olacağı güman edilir: "Dövlət və özəl sektorun tərəfdaşlığının əsas formalarından olan TİT üçün ilkin növbədə, 2016-cı ildən qüvvədə olan qanunlar təkmilləşdirilməlidir. Özəl sektor və hökumət müqaviləni cari qanunvericilik əsasında imzalaya bilər. Bütün bunlar müvəffəqiyyətlə həyata keçirilsə, Azərbaycan regionda tələbə yataqxanalarının inşasında TİT mexanizmini tətbiq edən ilk ölkə olacaq. Pilot layihələr səmərə versə, butəcrübənin yayılmasına maraq göstərənlər çox olacaq".
Onun sözlərinə görə, Bakıda tələbə yataqxanalarına ehtiyac böyükdür və universitetlər tərəfindən təklif edilən mövcud yataqxanaların sayı isə çox aşağıdır. Bakıda evi olmayan və həmçinin xarici tələbələrin 80-90 faiz mənzili kirayə götürür. Belə ki, hazırda bir nəfər üçün orta mənzil kirayəsi haqqı 200 manatdır. Bir çox yataqxanalar 30 il bundan öncə tikilib və köhnələrək yararsız hala düşüb: "Lakin müasir tipli yataqxanalar tikilsə, orada qalmaq tələbələr üçün indi fərdi mənzillər üçün ödədikləri kirayə haqqından, bəlkə də, daha ucuz başa gələcək. Üstəlik həmin yataqxanaların cəlb ediciliyi ali məktəblərin yaxınlığında tikilməsi, eləcə də maddi xərclərə və vaxta qənaət edilməklə artacaqdır. Bununla da universitetə nəqliyyatla getməyə və ümumi istifadədə olan nəqliyyat vəsaitinə pul ödəməyə ehtiyac qalmayacaqdır. Bundan əlavə yataqxana binalarının birinci mərtəbəsində kommersiya obyektləri yəni kinoteatr, camaşırxana, kitab mağazası, yeməkxana və s. yerləşdirilə bilər".
Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırma hazırlanarkən yataqxanalardakı otaqlardakı yerlərin sayı da müzakirə mövzusu olub: "Biz otaqların bir, iki, dörd yerlik olmasını təklif edirik, hətta altı, səkkiz yerlik otaqlarla bağlı da təkliflər səsləndirilir. Lakin biz müasir standartlardan bəhs ediriksə hər bir otaqda yer sayını aşağı olmasına çalışmalıyıq".