10 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 172 milyon manat vəsait ödənilib
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Belə ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 49 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhmləri, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 980 nəqliyyat vasitəsi özəlləşdirilib.
Dövr ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 124 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində 477-si qeyri-yaşayış, 3.412-si torpaq sahələri üzrə olmaqla 3.889 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 48 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 172 milyon manat vəsait daxil olub.
