Təbii inhisar subyektləri üzrə baxılan istehlakçı müraciətlərinin sayı açıqlanıb
2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 276 istehlakçı müraciəti təmin edilib.
Agentliyin məlumatına görə, təmin olunan müraciətlər üzrə istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilmiş vəsaitin ümumi məbləği 68 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyd olunan göstərici 4 dəfəyədək artıb.
Agentlik tərəfindən həyata keçirilən tədbirlər istehlakçıların pozulmuş hüquqlarının bərpasına, mənafelərinin qorunmasına və təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərdə istehlakçı məmnunluğunun artırılmasına yönəlib.
