Ağdam Sənaye Parkında yeni rezident
"Vertus Engineering CO" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Agentliyin məlumatına görə, investisiya dəyəri 22 milyon manat olan layihə çərçivəsində şirkət tərəfindən Parkın ərazisində müxtəlif növ lift və eskalatorların, yanğına davamlı qapıların və məişət təyinatlı avadanlıqların istehsalı həyata keçiriləcək.
Qeyd edək ki, Ağdam Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Burada rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir. Bununla yanaşı, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub.
