Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icra vəziyyəti müzakirə olunub
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn formatda iclası keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, muxtar respublikanın Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının İqtisadiyyat, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, habelə muxtar respublikanın İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirak etdiyi iclasda Dövlət Proqramının icrası ilə bağlı məsələlər müzakirə olunub.
İclasda Naxçıvanda tətbiq edilən güzəşt və dəstək mexanizmləri, “Naxçıvan azad iqtisadi zonası haqqında” Qanun layihəsi, Naxçıvan Sənaye Parkının yaradılması istiqamətində görülən işlər müzakirə olunub. Həmçinin Naxçıvanda istehsal olunan malların ixracına və daxili daşınmasına dəstək mexanizmlərinin önəmi qeyd olunub.
Bununla yanaşı, Dövlət Proqramının 2025-ci il üzrə icra vəziyyətinə dair monitorinq və qiymətləndirmənin nəticələri təqdim edilib, Əlaqələndirmə Qrupunun üzvlərinin rəy və təklifləri dinlənilib.
Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibinə daxil olan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupu İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Əlaqələndirmə Qrupunun yaradılmasında məqsəd Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan işlərin daha effektiv və keyfiyyətli icra edilməsidir.
