Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib
Sofiyada Azərbaycanın Bolqarıstandakı Səfirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan “Azərbaycan Xalçaları Həftəsi” keçirilib.
ASC-dən verilən məlumata görə, Milli Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları: İrsin ilmələri” sərginin açılışı olub, tədbir çərçivəsində “Paşa Holdinq”, “Paşa Bank” və “Kapital Bank”ın dəstəyi ilə muzeyə beş Azərbaycan xalçası hədiyyə edilib.
Proqram çərçivəsində Sofiya Universitetində və Etnoqrafiya Muzeyində “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “İrsdən müasir incəsənətə” mövzusunda mühazirələr oxuyub. Nümayəndə heyəti həmçinin qədim xalçaçılıq mənşəli Çiprovtsi şəhərinə səfər edərək yerli ustalarla təcrübə mübadiləsi aparıb.
Layihə Azərbaycanın mədəni irsinin və sənətkarlıq ənənələrinin Bolqarıstanda tanıdılmasına mühüm töhfə verib.
