Suveren Fondların Beynəlxalq Forumunun illik iclası Bakıda təşkil olunacaq
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 11–13 noyabr 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afinada keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) “Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital” mövzusuna həsr olunan 18-ci illik iclasında iştirak edib.
Fonddan verilən məlumata görə, tədbir çərçivəsində SFBF-nin İdarə Heyətinin toplantısında Forumun qarşıdakı il üçün fəaliyyət istiqamətləri, üzvlük və idarəetmə məsələləri nəzərdən keçirilib.
İsrafil Məmmədov dövlət büdcəsinə transfertlərin həyata keçirilməsi ilə gələcək nəsillər üçün milli sərvətin qorunması arasında tarazlığın saxlanılması, eləcə də qlobal iqtisadi mühitdə artan qeyri-müəyyənlik fonunda Fondun investisiya fəaliyyətinin təşkili barədə danışıb. O, maliyyə dayanıqlılığının təmin olunmasında investisiya portfelinin ayrı-ayrı hissələri üzrə aydın məqsədlərin müəyyənləşdirilməsinin, diversifikasiyanın və strateji tərəfdaşlıqların əhəmiyyətini qeyd edib. Eyni zamanda, İsrafil Məmmədov süni intellekt infrastrukturu sahəsində investisiya imkanlarının qiymətləndirilməsi zamanı uzunmüddətli risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
ARDNF-nin Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsinin müdiri Rəşad Rzayev isə qurumun portfelində likvidlik və uzunmüddətli artım balansının qorunması, eləcə də səmərəli idarəetmə təcrübəsini təqdim edib.
Səsvermənin nəticəsinə əsasən, SFBF-nin 2028-ci il illik iclasının ARDNF-nin ev sahibliyi ilə Bakıda keçirilməsi qərara alınıb.
Səfər zamanı nümayəndə heyəti Çin İnvestisiya Korporasiyası (CIC), İndoneziya İnvestisiya Qurumu (INA), Beynəlxalq Valyuta Fondu (BVF) və Yunanıstanın İnkişaf Fondunun rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirərək Asiya bazarlarında birgə investisiya imkanları və suveren fondların idarə olunması sahəsində əməkdaşlığı müzakirə edib.
