Region ölkələrinin sahibkarları üçün rəqəmsal biznes platformasının yaradılması təşəbbüsü irəli sürülüb
Brüsseldə Avropa İqtisadi və Sosial Komitəsinin (EESC) təşkilatçılığı ilə “Regional Connectivity: Economic and Social Perspectives” mövzusunda keçirilən regional maraqlı tərəflərin hazırlıq görüşündə Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Ziya Hacılı region ölkələrinin işəgötürən təşkilatlarının üzvlərini birləşdirən vahid rəqəmsal platformanın və ya mobil tətbiqin yaradılmasını təklif edib.
Könüllü əsasda qoşulmanı və donor dəstəyini nəzərdə tutan bu təşəbbüs biznesin qanunvericilik və gömrük prosedurlarındakı dəyişikliklər, sərhədlərdəki vəziyyət, bazar tələbatı proqnozları, investisiya və tender imkanları barədə operativ məlumatlandırılmasına, eləcə də davamlı B2B tərəfdaşlıqlarının qurulmasına xidmət edəcək.
Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Aİ qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Ziya Hacılı Orta Dəhliz, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının regional bağlantılara verdiyi töhfəni də vurğulayaraq, bu infrastrukturun region sahibkarları arasında geniş iqtisadi əməkdaşlıq üçün bir platformaya çevrilməsinin vacibliyini qeyd edib.
