Muhammet Kasım Gönüllü: "Azərbaycan-Türkiyə “meqa texnologiya dəhlizi” yaradıla bilər" AÇIQLAMA
Azərbaycan və Türkiyə texnologiya və innovasiya sahəsində əməkdaşlığı daha böyük platformaya çevirməyi hədəfləyir. İki ölkənin startap ekosistemlərinin əlaqələndirilməsi, ortaq texnopark modelinin genişləndirilməsi və vençur kapitalına çıxış imkanlarının artırılması istiqamətində yeni mexanizmlər müzakirə olunur.
Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasım Gönüllü II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “vergiler.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyənin sahibkarlıq ekosistemləri bir-birinə yaxındır və bu potensialdan daha geniş istifadə etmək mümkündür. Onun sözlərinə görə, iki ölkənin texnologiya ekosistemlərini birləşdirəcək daha böyük platformanın formalaşdırılması qarşıdakı mərhələnin əsas istiqamətlərindən biridir.
2022-ci ildə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bakıda texnologiyanın inkişafı zonasının yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb. Hazırda “Bilişim Vadisi”nin Azərbaycan Texniki Universitetindəki strukturunda 20-dən çox şirkət fəaliyyət göstərir. M.Gönüllünün sözlərinə görə, növbəti mərhələdə məqsəd mövcud strukturu iki ölkənin texnologiya ekosistemlərini daha sıx birləşdirən “meqa texnologiya dəhlizi”nə çevirməkdir.
“Turcorn”ların sayı 8-ə çatıb
Türkiyənin sənaye və texnologiya nazirinin müavini ölkədə vençur kapitalı bazarının da son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib. Onun sözlərinə görə, 2019-cu ildə Türkiyədə 1 milyard dollardan yüksək dəyərə malik “Turcorn” statuslu şirkət olmadığı halda, hazırda onların sayı 8-ə çatıb. M.Gönüllü bu prosesdə dövlət dəstəyinin də rolunu qeyd edərək, vençur kapitalı fondlarının Türkiyənin startap ekosisteminə marağının yüksək olduğunu bildirib.
Bununla yanaşı, Türkiyədə Ar-Ge (araşdırma və inkişaf – red.) mərkəzləri və texnopark şirkətlərinin əldə etdikləri təşviqlərin müəyyən hissəsini yenidən sahibkarlıq fəaliyyətinə yönəltməsinə imkan verən mexanizm tətbiq edilib. Bu mexanizm startapların maliyyələşməsinə çıxış imkanlarının genişlənməsinə şərait yaradıb.
Azərbaycan-Türkiyə ortaq vençur fondu yaradıla bilər
Türkiyə tərəfi qazanılmış təcrübənin Azərbaycanla paylaşılmasını və iki ölkənin imkanlarının birləşdirilməsini də mümkün əməkdaşlıq istiqaməti kimi nəzərdən keçirir. M.Gönüllü iki ölkə arasında ortaq vençur kapitalı fondunun yaradılması kimi maliyyələşmə modellərinin də müzakirəyə açıq olduğunu bildirib. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin toplantısı ilə yanaşı, Türk İnvestisiya Fondu da bu istiqamətdə əməkdaşlıq üçün mühüm platforma yaradır.
TEKNOFEST və “Terminal İstanbul” yeni imkanlar yaradır
İki ölkə arasında texnologiya əməkdaşlığının yalnız dövlət qurumları və şirkətlərlə məhdudlaşmadığını bildirən nazir müavini gənclər və startaplar arasında əlaqələrin genişləndirilməsinin də vacib olduğunu qeyd edib. Türkiyədən kənarda keçirilən ilk TEKNOFEST-in 2022-ci ildə Bakıda təşkil olunmasını bu əməkdaşlığın nümunələrindən biri kimi göstərən nazir müavini qarşıdakı dövrdə belə layihələrin sayının artırılmasının planlaşdırıldığını bildirib.
M.Gönüllü bu yaxınlarda Antalyada keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresinin də iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün imkanlar yarada biləcəyini qeyd edib. O, azərbaycanlı sahibkarları “Terminal İstanbul”un tədbirlərində iştiraka da dəvət edib. M.Gönüllünün sözlərinə görə, bu platformalar ölkələrimiz arasında texnologiya, innovasiya və sahibkarlıq sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yarada bilər.
Qeyd edək ki, “Terminal İstanbul” İstanbulun keçmiş Atatürk Hava Limanının ərazisində yaradılan, startaplar, texnologiya şirkətləri və sahibkarlar üçün nəzərdə tutulan böyük texnologiya və innovasiya mərkəzidir.
Faiq KƏRİMOĞLU
