8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək münasibətlərinin rəsmiləşdirilməsi büdcə imkanlarını genişləndirir

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamı ilə bu il sentyabrın 1-dən minimum əməkhaqqının məbləği 250 manata qaldırılıb. Bu, il ərzində minimum əməkhaqqının 38,8 faiz artımı deməkdir. Bəs belə bir addımın atılması əmək bazarına, ümumilikdə əhalinin həyatına necə təsir edəcək? Bu mövzuda suallarımızı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov cavablandırıb.

- Elşad müəllim, son illər ərzində Azərbaycan iqtisadiyyatının təkrar istehsalın bütün komponentləri üzrə struktur təhlili nə göstərir?

- Əmək iqtisadiyyatda mövcud olan disproporsiyaların mərkəzində dayanır. Bu baxımdan, əməyin ödənilməsi ilə bağlı ötən illər ərzində ölkədə müəyyən problemlər yaşanıb. Ancaq ötən ilin sonlarından başlayaraq həyata keçirilən və bu il ərzində ölkəmizin yeni tarixində misli görünməmiş tədbirlər məhz bu problemlərin, disproporsiyaların ciddi şəkildə aradan qaldırılmasına xidmət edir. Ona görə də əmək haqlarının artımına, bütövlükdə, sosial-iqtisadi siyasətin mərkəzi komponenti kimi yanaşmaq düzgün olardı.

Əmək bazarındakı münasibətlərin leqallaşması makroiqtisadi siyasətin ən mühüm komponentlərindən olan büdcə-vergi siyasətinin daha dayanıqlı olması, fiskal bazanın genişləndirilməsi və fiskal siyasətlə bağlı potensialın daha müsbət dinamika üzrə reallaşdırılması üçün çox önəmlidir

Amma onu da qeyd etmək lazımdır ki, sosial siyasət, əhalinin real gəlirlərinin artımı baxımdan bu, son dərəcə önəmlidir və əhalinin sosial müdafiəsinə xidmət edir. Burada bir məqam da önəmlidir ki, bütövlükdə 20-ci əsrin ikinci yarısından başlayaraq dünya iqtisadiyyatında çox ciddi struktur dəyişiklikləri baş verir. İnsan kapitalına yönəldilən xərclərin sürətlə artması və ön plana çıxması artıq dünya iqtisadiyyatının dayanıqlı trendidir. İnsan kapitalına yönləndirilən investisiyalar həm sosial siyasətə xidmət edir, həm də sosial baxımdan müsbət nəticələr verməklə yanaşı, iqtisadiyyatın daha dayanıqlı və qabaqlayıcı formada inkişafına xidmət edir. Çünki iqtisadiyyatda formalaşan yeni texnoloji quruluşun əsasını məhz insan kapitalı ilə bağlı olan sahələr təşkil edir. Ona görə də əmək haqlarının artırılması son dərəcədə önəmli və ilk növbədə, əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən istiqamətdir. Bundan əlavə, onun sırf iqtisadi effekti də gözləniləndir. Bu gün əminliklə söyləyə bilərik ki, bütövlükdə dünya iqtisadiyyatı sistemində 10 illik iqtisadi altsistemlər daha dayanıqlı rəqabət üstünlüklərinə malik olur ki, onlarda makroiqtisadi siyasətin idarə edilməsi sadə mənfəətin yüksəldilməsi məqsədlərinə deyil, daha qlobal, əhəmiyyətli, daha mürəkkəb məqsədlərə xidmət edir. Bu məqsədlər isə ilk növbədə, əhalinin rifahının yüksəldilməsi ilə bağlıdır. Bunun üçün də əmək haqlarının artımı makroiqtisadi idarəetmədə başlıca istiqamətlərdən biri kimi qəbul edilməlidir.

İlin əvvəlindən Vergilər Nazirliyi tərəfində kölgə iqtisadiyyatı” ilə mübarizə istiqamətində aparılan siyasət, görülən tədbirlər doğrudan da Azərbaycan iqtisadiyyatının strukturuna çox ciddi təsir göstərmək səyləri kimi qəbul edilməlidir

- Son ayların statistikasına nəzər saldıqda görürük ki, əmək müqavilələrinin sayı hər ay artır. Bunun iqtisadi inkişafa və “kölgə iqtisadiyyatı”nın azaldılmasına təsirini necə qiymətləndirirsiniz?

- “Kölgə iqtisadiyyatı”nın xüsusi çəkisinin azaldılması bütün milli iqtisadiyyatlar üçün prioritet sayıla biləcək məsələlərdəndir. Müxtəlif ölkələrdə iqtisadiyyatın inkişaf etməsi səviyyəsindən asılı olaraq, “kölgə iqtisadiyyatı”nın xüsusi çəkisi müxtəlifdir. İlin əvvəlindən Vergilər Nazirliyi tərəfində “kölgə iqtisadiyyatı” ilə mübarizə istiqamətində aparılan siyasət, görülən tədbirlər doğrudan da Azərbaycan iqtisadiyyatının strukturuna çox ciddi təsir göstərmək səyləri kimi qəbul edilməlidir. Dövlət başçısının verdiyi qərarlar, qanunvericilikdəki dəyişikliklər bütövlükdə şəffaf iqtisadiyyatın dayanıqlı şəkildə ön plana çıxmasına xidmət edir. Ona görə də ölkə iqtisadiyyatının dayanıqlı inkşafının təmin olunmasında “kölgə iqtisadiyyatı”nın maksimum şəkildə azaldılmasının böyük əhəmiyyəti vardır. Ümid edirəm ki, bu istiqamətdə atılan addımlar, həyata keçirilən siyasət ardıcıl şəkildə davam etdiriləcək.
- Əmək müqavilələrinin artması daha çox qeyri-neft sektorunda baş verib. Bu sahənin inkişafı ilə bağlı yaxın aylar üçün hansı proqnozları vermək olar?
- Qeyri-neft sektorunun inkişafı, əslində, ölkə iqtisadiyyatının prioritetidir. Çünki hər birimiz anlamalıyıq ki, neft amilinə söykənən iqtisadiyyatın dövrü tədricən başa çatmaqdadır. Neftin aparıcı enerji daşıyıcısı kimi ömrü, əslində, bütün aktual elmi hesablamalara görə o qədər də çox deyil. Bu səbəbdən də qeyri-neft sektorunun inkişafı vacibdir. Bunun üçün həmin sektorda şəffaflığın təmin olunması son dərəcə önəmlidir. Hesab edirəm ki, əmək müqavilələrinin sayının artması, eyni zamanda qeyri-neft sektorunda çalışan insanların böyük hissəsinin vergi yükündən azad olunması bu sektorun inkişafına, oradakı müsbət dinamikanın stimullaşdırılmasına və dərinləşməsinə xidmət edir. Ona görə də bütövlükdə qeyri-neft sektorunun inkişaf dinamikasının proqnozları müsbət istiqamətdə formalaşdırıla bilər. Sözsüz ki, bu sektorun həm dünya iqtisadiyyatı sistemində, həm də daxili bazarlarda rəqabət qabiliyyətinin gücləndirilməsi üçün kompleks tədbirlərə ehtiyac var. Bu gün dünya iqtisadiyyatında qabaqlayıcı inkişaf trayektoriyasına malik olan sahələr mövcuddur.

qeyri-neft sektorunda çalışan insanların böyük hissəsinin vergi yükündən azad olunması bu sektorun inkişafına, oradakı müsbət dinamikanın stimullaşdırılmasına və dərinləşməsinə xidmət edir

Düşünürəm ki, Azərbaycanın da qeyri-neft sektorunun dayanıqlı inkişafı üçün bütün imkanlar mövcuddur. Həmin sahələrə uğurla investisyalar yatırılarsa, investisiya innovasiya siyasəti düzgün prioritetlərin qoyulması ilə kompleks və sistemli şəkildə həyata keçirilərsə, uğurlu nəticələr əldə etmək olar. Çünki Azərbaycan iqtisadiyyatı təkrar istehsal prosesinin bütün komponentləri üzrə ciddi potensiala malikdir. Bu, həm insan resurslarına, həm əmək potensialına, həm kapitala, həm də təbii ehtiyatlara aiddir. Biz təbii resurslarımızın 75-80 faizini xammal şəklində ixrac edirik. Sözsüz ki, təkrar istehsal vasitəsilə dəfələrlə çox əlavə dəyər tutumlu istehsal proseslərini təşkil etməklə milli iqtisadiyyatımızın, o cümlədən qeyri-neft sektorunun əhəmiyyətli artımına nail ola bilərik.

- Əmək bazarında münasibətlərin rəsmiləşdirilməsi büdcə daxilolmalarına necə təsir edib və yaxın gələcəkdə nələr gözlənilir?
- Sözsüz ki, bu amillər iqtisadiyyatımıza və nəticə etibarilə büdcə daxilolmalarına ciddi təsir göstərir. Biz artıq görürük ki, büdcə daxilolmaları fiskal istiqamətlərin bütün komponentləri üzrə müsbət dinamika ilə inkişaf edir. Əmək münasibətlərinin qanunvericiliklə tənzimlənməsi, əmək bazarındakı işgüzar münasibətlərin rəsmiləşməsi fiksal siyasətlə məşğul olan qurumların xətti ilə büdcə daxilolmalarının artmasına gətirib çıxarır. Bu da onu deməyə əsas verir ki, şəffaflıq, əmək münasibətlərinin rəsmiləşdirilməsi büdcə imkanlarını genişləndirir. Bu isə sosial siyasətə, insan kapitalının inkişafına, bütövlükdə iqtisadiyyatın dayanıqlı artımına xidmət edir. Əmək bazarındakı münasibətlərin leqallaşması makroiqtisadi siyasətin ən mühüm komponentlərindən olan büdcə-vergi siyasətinin daha dayanıqlı olması, fiskal bazanın genişləndirilməsi və fiskal siyasətlə bağlı potensialın daha müsbət dinamika üzrə reallaşdırılması üçün çox önəmlidir.

Fərqanə Allahverdiqızı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?