Vüqar Bayramov: “Almaniya ilə strateji tərəfdaşlıq qeyri-neft ixracı üçün yeni perspektivlər yaradır” AÇIQLAMA
“Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında iqtisadi və strateji münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Qlobal miqyasda 5 trilyon dollardan çox nominal ÜDM ilə dünyada ilk üçlükdə qərarlaşan Almaniya eyni zamanda Avropa İttifaqının ən böyük iqtisadiyyatına malikdir. Son beş ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin 68 faiz artaraq 1,376 milyard ABŞ dollarına çatması tərəflər arasında iqtisadi bağların daha da möhkəmləndiyindən xəbər verir”. Bu fikirlərin müəllifi, millət vəkili Vüqar Bayramov “vergiler.az”a açıqlamasında iki ölkə arasındakı iqtisadi münasibətləri və mövcud dinamikanı təhlil edib.
Ticarət dövriyyəsində ciddi artım
Azərbaycan ilə Almaniya arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar formalaşdırır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar olub. V.Bayramov vurğulayır ki, bu göstərici əvvəlki ilə nisbətən müəyyən azalma demək olsa da, son 5 ildə Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 68 faiz artıb. Digər tərəfdən, Almaniyanın üzv olduğu Avropa İttifaqı uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi İttifaq dövlətlərinə yönəlib.
Millət vəkili əmindir ki, Azərbaycan Prezidentinin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. O deyib ki, Almaniya ilə iqtisadi əlaqələri daha da dərinləşdirmək Azərbaycan üçün xarici ticarətdə prioritetlərdən hesab olunur. Almaniya da daxil olmaqla Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən 10-nun Avropa İttifaqının üzvü olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin güclənməsi anlamına gəlir. Üstəlik, Azərbaycan ilə Almaniya arasındakı enerji əməkdaşlığı ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlar yaradır. Tərəflər, eyni zamanda, sərmayələr sahəsində də əməkdaşlığı gücləndirirlər.
Enerji tərəfdaşlığı və qeyri-neft ixracı
Azərbaycanın Almaniyaya ixracatında enerji məhsulları böyük çəkiyə malikdir və rəqəmlərə baxanda da bunu aydın görmək mümkündür. Belə ki, 2025-ci ildə Azərbaycan Almaniyaya 502 milyon dollarlıq xam neft və neft məhsulları ixrac edib. V.Bayramov deyib ki, bununla belə, qeyri-neft-qaz sektorunda yeni əməkdaşlıq istiqamətləri əsas hədəflərdəndir. Təkcə 2025-ci ildə Azərbaycandan Almaniya bazarına 40,403 milyon dollar dəyərində qabığı təmizlənmiş meşə fındığı, 967 min dollar dəyərində qara metallardan neft-qaz buruqlarının qazılması üçün qaynaq yeri olmayan nasos-kompressor boruları, 477 min dollar dəyərində reaktiv mühərriklər üçün kerosin yanacağı və digər məhsullar daxil olub.
V.Bayramov vurğulayıb ki, Prezidentin Almaniyaya rəsmi səfəri zaman keçirilən görüşlər ticarət dövriyyəsinin həcmi ilə yanaşı, strukturuna da müsbət təsir göstərə bilər. Daha çox qeyri neft-qaz məhsullarının Almaniyaya ixrac edilməsi əsas hədəflərdəndir.
Azərbaycan Almaniyadan daha çox nə gətirir?
Millət vəkilinin sözlərinə görə, 1 milyard 376 milyon dollarlıq ticarət dövriyyəsinə malik olduğumuz Almaniya ilə Azərbaycan arasında 2355 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir. Bu, ticarət dövriyyəsində, xüsüsən də idxalda məhsullar üzrə şaxələnmədən xəbər verir.
Almaniyadan idxal etdiyimiz əsas məhsullar sırasında ilk yeri 95,8 milyon dollarla qızıl, zolaqlar və ya lentlər tutub. Avtomobil sektoru da idxalda mühüm paya sahibdir. Belə ki, bu ölkədən 48,4 milyon dollar dəyərində, mühərrik həcmi 1500-3000 kub sm olan minik avtomobilləri, 39,8 milyon dollar dəyərində yük avtomobilləri, 34,4 milyon dollar dəyərində hibrid və elektrik mühərrikli nəqliyyat vasitələri, 18,1 milyon dollar dəyərində traktorlar və 16,7 milyon dollar dəyərində iri həcmli mühərrikli minik avtomobilləri gətirilib. Səhiyyə və kimya sənayesi üzrə 36,6 milyon dollar dəyərində qablaşdırılmış dərman vasitələri, 27,9 milyon dollar dəyərində sürtkü yağları, 7,4 milyon dollar dəyərində tibbi müayinə cihazları və şəxsi gigiyena vasitələri də əsas idxal edilən məhsullardandır. İdxalın digər hissəsini isə yedək və yarımyedək sisternlər, sayğac hissələri, elektrik paylayıcı avadanlıqlar, rəsmi markalar və banknotlar, heyvan yemləri və şəkər siropları təşkil edib.
Faiq KƏRİMOĞLU
