9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan nümayəndə heyəti Efiopiyada səfərdədir

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiyaya səfər edib. Səfər çərçivəsində keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, enerji, kənd təsərrüfatı və sənaye sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Efiopiyanın ticarət və regional inteqrasiya naziri Kassahun Gofe ilə görüşüb. Görüşdə Azərbaycan və Efiopiya arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğu vurğulanıb. İqtisadi əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının genişləndirilməsi və institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məqsədilə qarşılıqlı biznes missiyalarının təşkili, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi və investisiya təşviqi tədbirlərinin əhəmiyyəti qeyd edilib.

Efiopiyanın mədən üzrə dövlət naziri Birhani Yadesa ilə görüşdə enerji və təbii resurslar sahəsində işbirliyi imkanları, o cümlədən bərpa olunan enerji istiqamətində tərəfdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycanın enerji sahəsində təcrübəsi və beynəlxalq layihələrdə iştirakı barədə məlumat verilib, bu sahədə bilik və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər sənaye zonaları və logistika sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Azərbaycanda investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilər, Ələt azad iqtisadi zonası və sənaye zonalarında investorlar üçün tətbiq edilən güzəşt və stimullar diqqətə çatdırılıb.

Afrika İttifaqının kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat və davamlı ətraf mühit məsələləri üzrə komissarı Moses Vilakati ilə görüşdə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Aqrar sahədə innovativ həllərin tətbiqi, su resurslarının səmərəli idarə olunması və kənd yerlərinin dayanıqlı inkişafı istiqamətlərində təcrübə mübadiləsinin önəmi vurğulanıb.

Görüşdə kiçik və orta biznes subyektləri arasında tərəfdaşlığın genişləndirilməsinin iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığı bildirilib. Tərəflər sahibkarlığın təşviqi, biznes mühiti üzrə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşlərdə Azərbaycanın strateji coğrafi mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi regional və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm üstünlüklər yaradır. Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu Afrika ölkələri ilə ticarət əlaqələrinin inkişafı üçün də yeni imkanlar açır.

Səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan ilə Efiopiya, eləcə də Afrika İttifaqı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?