12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Kölgə iqtisadiyyatı" makroiqtisadi siyasətin səmərəliliyini azaldır

Bu il sentyabrın 13-də Bakıda Azərbaycan Respublikasının Vergilər Nazirliyi, İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransda 10-a yaxın ölkənin nümayəndələrinin – "kölgə iqtisadiyyatı" üzrə görkəmli alimlərin, vergi, audit, hesabatlılıq və mühasibatlıq üzrə mütəxəssislərin, beynəlxalq peşəkar qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, elmi-tədqiqat institutlarını təmsil edən 60-dan çox qurumdan 150-dək nümayəndənin iştirakı gözlənilir. Konfransda 30-a yaxın məruzə dinlənilib müzakirə olunacaq.

Konfransın Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov AZƏRTAC-a "kölgə iqtisadiyyatı"nın mahiyyəti, konfransın əhəmiyyəti və müzakirə olunacaq məsələlər barədə fikirlərini bölüşüb.

- Vahid müəllim, ilk növbədə "kölgə iqtisadiyyatı"nın mahiyyəti barədə fikirlərinizi bildirməyi xahiş edirik.

- "Kölgə iqtisadiyyatı"nın mahiyyətinə dair çoxsaylı anlayışlar və fikirlər mövcuddur. Geniş anlamda "kölgə iqtisadiyyatı" milli iqtisadiyyatın rəsmi statistika tərəfindən uçota alınmayan qeyri-formal bölməsinin bir hissəsini təşkil edir.

"Kölgə iqtisadiyyatı"nın fundamental öyrənilməsinə XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlində başlanılıb. İlk dəfə "kölgə iqtisadiyyatı" özünü 1930-cu illərdə İtaliya mafiyasının Amerika iqtisadiyyatına daxil olması ilə büruzə verib. Həmin vaxtdan "kölgə iqtisadiyyatı" hüquq-mühafizə orqanlarının problemindən iqtisadi və ümumdövlət probleminə çevrildi. 1980-ci illərdən başlayaraq "kölgə iqtisadiyyatı" problemlərinin müxtəlif aspektləri müntəzəm keçirilən konfranslarda müzakirə edilməyə başlanıldı. Bununla yanaşı, müxtəlif ölkələrin parlamentləri və hökumətləri tərəfindən "kölgə iqtisadiyyatı"nın öyrənilməsi üzrə işçi qruplar yaradıldı. Bu cür qruplar hazırda Avstriyada, Fransada, İngiltərədə, Portuqaliyada, Hollandiyada, İtaliyada və digər bir sıra ölkələrdə mövcuddur.

"Kölgə iqtisadiyyatı"nın genişlənməsi ölkələrin beynəlxalq iqtisadi
münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, hərbi və siyasi
xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur

- "Kölgə iqtisadiyyatı"nın hansı mənfi tərəfləri mütəxəssisləri daha çox narahat edir?

- Bu problem hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təminatı baxımından neqativ amil kimi dəyərləndirilir. "Kölgə iqtisadiyyatı"nın genişlənməsi ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, hərbi və siyasi xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur. Heç də təsadüfi deyildir ki, məhz "kölgə iqtisadiyyatı"nın ümumdaxili məhsulda payının yüksək olması iqtisadi təhlükəsizliyin əsas mənfi təzahürlərindən biri kimi qiymətləndirilir. "Kölgə iqtisadiyyatı"nın mahiyyəti onun prinsipcə leqal maliyyə təsərrüfat əməliyyatları toplusu kimi qəbul edilməsinə baxmayaraq, bu əməliyyatların çətin aşkarlanması qanunvericilikdə nəzərdə tutulmuş vergilərdən bilərəkdən yayınması və ya vergi ödəməmələri faktlarının gizlədilməsi ilə xarakterizə olunur. Bir sıra hesablamalara görə, dünyada işçilərin üçdəiki hissəsi qeyri-formal iqtisadiyyatla bu və ya digər dərəcədə əlaqədardır və ya əlaqədə olur.

"Kölgə iqtisadiyyatı"nın mənfi tərəflərindən danışarkən həm də onun rəsmi iqtisadiyyatda istehsal prosesinə pozucu təsirinin mövcudluğunu, qanunun tələbləri çərçivəsində fəaliyyət göstərən təşkilatlara müxtəlif növ maneçilik törədilməsini və onların bu səbəbdən iqtisadi-maliyyə vəziyyətinin pisləşdirilməsini, işçilərin əməyə motivasiyanın azalmasını, innovasiyaların tətbiqinin çətinləşdirilməsini və müəssisələrdə kollektivlərin dezinteqrasiyasına gətirib çıxarmasını göstərmək olar. Eyni zamanda, "kölgə iqtisadiyyatı"nın mənfi nəticələri sırasına aşağıdakılar da aid edilir:

  • Beynəlxalq iqtisadi münasibətlərdə xarici investorların ölkə iqtisadiyyatına etimadının aşağı düşməsi;

  • Həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyinin azalması;

  • Bazar iqtisadiyyatı üçün ən vacib şərtlərdən olan rəqabətin inkişafına maneçilik törədilməsi;

  • Leqal iqtisadiyyatın ayrı-ayrı bölmələrinin inkişafının deformasiyası;

  • Leqal iqtisadiyyatda investisiya proseslərinin zəifləməsi.

"Kölgə iqtisadiyyatı" cəmiyyətdə sosial-etik normaların pozulmasına ciddi risklər yaradır. ACCA-nın yeni hazırladığı "Kölgədən çıxış: 2025-ci ilə qədər “kölgə iqtisadiyyatı" adlı hesabatında göstərilir ki, dünya üzrə "kölgə iqtisadiyyatı"nın həcminin ümumdaxili məhsula nisbətinin 2011-2025-ci illər ərzində 23 faizdən 21 faizədək azalması gözlənilir. Təbii ki, bu dinamika müxtəlif inkişaf səviyyəsinə malik ölkələrdə özünü fərqli səviyyələrdə büruzə verəcək. Hesablamalara görə, ən yüksək ümumdaxili məhsul həcminə malik olan ABŞ-ın Kaliforniya ştatında işçi qüvvəsinin 15-17 faizi gizli iqtisadiyyatda çalışır. Kaliforniyanın "kölgə iqtisadiyyatı" ildə 60-140 milyard dollar həcmində məhsul istehsal edir. Əgər mövcud "kölgə iqtisadiyyatı" digər müəssisələr kimi öz vergilərini ödəsəydi, Kaliforniya 8,5-28 milyard dollar əlavə gəlir əldə etmiş olardı.

Bir sıra hesablamalara görə, dünyada işçilərin üçdəiki hissəsi qeyri-formal
iqtisadiyyatla bu və ya digər dərəcədə əlaqədardır və ya əlaqədə olur

Hazırda bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə "kölgə iqtisadiyyatı" mövcuddur və burada fərq yalnız onun səviyyəsinin nə dərəcədə geniş olmasındadır. Məsələn, Dünya Bankının 2017-ci il üzrə araşdırmalarına əsasən, "kölgə iqtisadiyyatı"nın həcminə görə MDB dövlətlərində orta göstərici 39 faiz, Şərqi Avropada 23 faiz, Türkiyədə 28 faizdir. Halbuki bu göstəricilər 2012-ci ildə, müvafiq olaraq, 43, 28 və 31,5 faiz olub.

Son illər Avropada aparılan tədqiqatların nəticələri göstərir ki, "kölgə iqtisadiyyatı"nın ümumi həcmi 2,15 trilyon avro təşkil etmişdir ki, bunun da üçdəiki hissəsi bəyan edilməmiş işlərin, üçdəbir hissəsi isə keyfiyyətsiz hesabatlılığın payına düşür. Bütün dünyada isə "kölgə iqtisadiyyatı"nın həcmi 10 trilyon dollar həcmində qiymətləndirilir. Əgər "kölgə iqtisadiyyatı" ayrıca bir milli dövlət kimi təsəvvür edilərsə, onun iqtisadiyyatının ölçüsü dünyada ikinci, əhalisinin sayı isə 1,8 milyard nəfər olardı.

Qeyd etmək lazımdır ki, bəzi iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri onlarda uçotun aparılmasını çətinləşdirir. Bu baxımdan, kənd təsərrüfatı sahəsi xüsusi qeyd olunmalıdır. Başqa sözlə, kənd təsərrüfatında uçot hesabatlılığın olmaması bu sahənin xammalından istifadə edən emal istehsal və satış sahələrində qeyd edilməmiş və "kölgəli" iqtisadiyyatın mövcud olması riskini daha da artırır.

- "Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin zəruriliyini məhz bu səbəblərin doğurduğunu desək, yəqin ki, səhv etmərik...

- Mütəxəssislərin yekdil fikirləri bundan ibarətdir ki, dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb. Onların arasında şəffaflığın yüksəldilməsi, hesabatlılığın, uçot və nəzarət sisteminin təkmilləşdirilməsi, vergi siyasəti və "kölgə iqtisadiyyatı"na qarşı mübarizə müstəsna əhəmiyyət daşıyır.

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin xarakteri iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsini və normativ hüquqi aktların yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsini, audit institutunun əhəmiyyətliyinin artırılmasını, vergiqoyma və gömrük sahəsində sağlam rəqabət münasibətlərinin yaradılmasını, hesabatlılığın və uçotun beynəlxalq standartlar nəzərə alınmaqla səmərəli təşkilini, nağdsız ödənişlərin səviyyəsinin ciddi surətdə artırılmasını, korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdirilməsini tələb edir. Məhz bu istiqamətlərdə təsadüf olunan çatışmazlıqlar "kölgə iqtisadiyyatı"nı qidalandırır və genişlənməsinə zəmin yaradır. Göstərilənlərlə yanaşı, "kölgə iqtisadiyyatı"na qarşı mübarizə və iqtisadi inkişafın davamlı olması dövlət xərclərinin daha düzgün planlaşdırılmasına və istifadəsinə nail olmağı, büdcə vəsaitlərindən şəffaf istifadə sahəsində mövcud problemləri qətiyyətlə aradan qaldırmağı zəruri edir.

Kənd təsərrüfatında uçot hesabatlılığın olmaması bu sahənin xammalından
istifadə edən emal istehsal və satış sahələrində qeyd edilməmiş və
"kölgəli" iqtisadiyyatın mövcud olması riskini daha da artırır

Ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da, biz problemlərimizin mövcud olduğunu da gizlətmir və onların həlli yolları üzərində səylə çalışırıq. Belə problemlərdən biri də digər ölkələrdə olduğu kimi, bizdə də "kölgə iqtisadiyyatı"nın mövcudluğudur. Son vaxtlar Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Məncə, Azərbaycan Prezidentinin "kölgə iqtisadiyyatı"na dair fikirlərini xatırlatmaq yerinə düşərdi: "Kölgə iqtisadiyyatı" böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz "kölgə iqtisadiyyatı"na qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq... "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır". Dövlətimizin başçısı, həmçinin, qətiyyətlə bəyan edir ki, bizim əsas vəzifəmiz "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasıdır, "kölgə iqtisadiyyatı" ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir.

Son vaxtlar ölkənin vergi və gömrük sistemində şəffaflıq nəzərəçarpacaq dərəcədə yüksəlib və bu da öz növbədində, mövcud sahibkarlıq mühitinin yaxşılaşdırılmasına gətirib çıxarıb. İcazələr verilməsi və yoxlamalar sahəsində xeyli yüngülləşmə hiss olunmaqdadır. İlkin uçotun və hesabatlılığın təkmilləşdirilməsi və sadələşdirilməsi də diqqət mərkəzinə gəlməkdədir. İşçilərin sayının azaldılması və maaşların gizlədilməsi kimi "kölgə iqtisadiyyatı"nı qidalandıran hallara qarşı və bank-maliyyə sferasına nəzarətin yaxşılaşdırılmasına dair sistemli tədbirlər həyata keçirilməkdədir.

- Bəs "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin beynəlxalq aləmdə hansı əsas istiqamətləri məqbul hesab edilir?

- Mövcud iqtisadi münasibətlərin yeni dövrün çağırışları baxımından nəzərdən keçirilməsi "kölgə iqtisadiyyatı"nın azaldılmasında ən mühüm məsələ kimi öz həllini gözləməkdədir. "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə üç əsas yolla aparılmalıdır: icazəvermə, nəzarət və qadağaqoyma. Birincisi, yol dedikdə, "kölgə iqtisadiyyatı"na məxsus olan müəssisə və fəaliyyət sahələrinin leqallaşdırılması istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulur. Buna isə, ilk növbədə, xüsusi mülkiyyət institutunun möhkəmləndirilməsi, onun dövlət müdafiəsi mexanizminin yaradılması, xüsusi mülkiyyət subyektlərinin hüquqi stimullaşdırılması aid edilə bilər.

İkinci istiqamət, inzibati, hüquqi, müstəqil və ictimai nəzarət sistemlərinin sahibkarlıq fəaliyyətinə keyfiyyətli və stimullaşdırıcı nəzarətinin təmin edilməsidir.

Üçüncü istiqamət isə haqsız rəqabət hallarının və sosial təhlükəli sahibkarlıq növlərinin (iqtisadi dələduzluq, çirkli pulların yayılması, korrupsiya, digər iqtisadi cinayətkarlıq və s.) üzrə institusional bazanın təkmilləşdirilməsi və tətbiqinə nail olunmasıdır.

Eyni zamanda, daha konkret mübarizə yollarını da yaddan çıxarmaq olmaz. O cümlədən vergi və gömrük ödəmələrindən yayınmaya qarşı mübarizə, nağdsız hesablamaların inkişafı, dövlətin maliyyə resurslarından səmərəli istifadə, biznes mühitinin, "kölgə iqtisadiyyatı"nın həcminin müəyyənləşdirilməsinin təkmilləşdirilməsi və digərlərini göstərmək olar. Başqa bir mühüm məsələ qəbul edilən və mövcud qanunvericilik aktlarının "kölgə iqtisadiyyatı"nın stimullaşdırılması predmetində səriştəli və obyektiv ekspertizasının aparılmasıdır.

Biznes strukturlarının öz fəaliyyətlərini dayandırması səbəbləri də təhlil predmeti olmaqla, onların sonradan "kölgə iqtisadiyyatı" sferasına keçib-keçməmələrinin müəyyənləşdirilməsi də məqsədəuyğundur. Vergi yükünün azaldılması "kölgə iqtisadiyyatı"nın cəlbediciliyinin iş adamları tərəfindən dəyərləndirilməsinin qarşısının alınmasının əsas yollarından biri sayıla bilər. Maliyyə hesabatlılığı sahəsində dələduzluğun aradan qaldırılması və ikili mühasibat uçotu aparılmasına yol verilməməsi daxili və kənar nəzarət qurumlarının diqqət mərkəzində olmalıdır. Əlverişli investisiya mühitinin yaradılması, qeydiyyat və hesabatlılıq formalarının sadələşdirilməsi, sosial sığorta ödəmələrinin təkmilləşdirilməsi, müvafiq sosioloji sorğuların aparılması və kütləvi informasiya vasitələrindən geniş istifadə edilməsi və digər amillər də "kölgə iqtisadiyyatı"na qarşı mübarizədə beynəlxalq təcrübədə istifadə olunur.

- "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə mövzusunda keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi-praktik konfransın əhəmiyyətini nədə görürsünüz?

- Konfransın keçirilməsində əsas məqsəd "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin forma və metodları, şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, qanunvericiliyin təkmilləşdirilməsi, qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdan və "kölgə iqtisadiyyatı"nın azaldılmasına dair tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin xarakteri iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsini və normativ hüquqi aktların yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsini, vergiqoyma və gömrük sahəsində sağlam rəqabət münasibətlərinin yaradılmasını, hesabatlılığın və uçotun beynəlxalq standartlar nəzərə alınmaqla səmərəli təşkilini, nağdsız ödənişlərin səviyyəsinin kəskin surətdə artırılmasını, korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdirilməsini tələb edir. Artıq qeyd etdiyimiz kimi, məhz bu istiqamətlərdə mövcud olan çatışmazlıqlar "kölgə iqtisadiyyatı"nı qidalandırır və genişlənməsinə zəmin yaradır. Bu baxımdan, fikrimizcə, Azərbaycanın paytaxtı Bakı şəhərində yüksək səviyyədə təşkil ediləcək "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində aparılacaq müzakirə və təhlillər bu problemlə mübarizənin səmərəliliyini artırmaq baxımından faydalı olacaq, iqtisadi inkişafın davamlılığının və şəffaflığın təmin edilməsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacaq.

Son vaxtlar ölkənin vergi və gömrük sistemində şəffaflıq nəzərəçarpacaq
dərəcədə yüksəlib və bu da öz növbədində, mövcud sahibkarlıq
mühitinin yaxşılaşdırılmasına gətirib çıxarıb

Əminik ki, konfrans müasir dünyamızın ən aktual problemlərindən olan "kölgə iqtisadiyyatı"nın azaldılmasına öz töhfəsini verəcək və bu istiqamətdə Azərbaycan Prezidentinin müəyyən etdiyi tövsiyə və tapşırıqların həyata keçirilməsi iqtisadi inkişaf sahəsində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında mühüm rol oynayacaq. Konfransa təqdim edilmiş çox dəyərli məruzələr əsasında Təşkilat Komitəsi tərəfindən beynəlxalq tədbirin tövsiyələri işlənib hazırlanacaq.

- Bildiyimizə görə, rəhbərlik etdiyiniz qurum tərəfindən ölkəmizdə "kölgə iqtisadiyyatı"nın azaldılmasına qarşı yol xəritəsinin hazırlanması üzərində iş aparılır. Bu barədə nə deyə bilərsiniz?

- "Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin zəruriliyi müasir qloballaşma və onunla əlaqədar olan və transmilli mütəşəkkil cinayətkarlığa münbit şərait yaradan dövlətlərarası sərhədlərin daha asan keçilməsi amili ilə əlaqədar daha da güclənməkdədir. Bütün bunlar isə "kölgə iqtisadiyyatı" probleminə qarşı mükəmməl konsepsiyanın hazırlanması zərurətini doğurur. "Kölgə iqtisadiyyatı" probleminə qarşı tədbirlər görülməsi dərin elmi araşdırmaların aparılmasını və qabaqcıl dünya təcrübəsinin tətbiqini zəruri edir. Bunu nəzərə alaraq və "kölgə iqtisadiyyatı"nın mövcudluğunun audit institutunun normal fəaliyyəti üçün ciddi təhlükə mənbəyi olduğunu əsas götürərək, Azərbaycan Respublikası Auditorlar Palatası ölkədə "kölgə iqtisadiyyatı"nın azaldılmasına dair yol xəritəsinin hazırlanmasını qarşıya məqsəd qoyub və bu istiqamətdə iş başa çatdırılmaq üzrədir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?